AZ

İranda seçki: islahatçı ilə mühafizəkar üz-üzə qalıb

İranda

İranda prezident seçkilərində yeganə islahatçı namizəd olan Məsud Pezeşkian ikinci turda ultramühafizəkar Səid Cəlili ilə qarşılaşacaq.

İranın seçki orqanının rəqəmlərinə görə, Pezeşkian 42,4 faiz səs toplayıb, keçmiş nüvə müzakirəçisi Cəlili isə 38,6 faizlə ikinci olub.

Parlament spikeri Məhəmməd Baqer Qalibaf 13,8 faiz, mühafizəkar din xadimi Mostafa Purmohammadi isə bir faizdən az səs toplayıb.

Seçki orqanının sözçüsü Möhsün Eslami deyib ki, namizədlərdən heç biri səslərin mütləq əksəriyyətini toplaya bilməyib.

Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Təhlildə qeyd olunur ki, seçkidən sonrakı ilk çıxışında Pezeşkian tərəfdarlarına təşəkkür edib və onları növbəti Cümə günü “ölkəni yoxsulluqdan, yalandan, ayrı-seçkilikdən və ədalətsizlikdən xilas etmək üçün” yenidən səs verməyə çağırıb.

Qeyd olunur ki, Cümə günü səsvermə Qəzza müharibəsi ilə bağlı artan regional gərginlik, İranın nüvə proqramı ilə bağlı Qərblə mübahisə və İranın sanksiyalardan zərər çəkmiş iqtisadiyyatı ilə bağlı daxili narazılıqlar fonunda keçirilib.

"Ümid edirəm ki, sizin varlığınız münasibətdə, davranışda, söhbətdə və resursların bölüşdürülməsində dəyişiklik üçün yeni səsin əsası olacaq", - deyə Pezeşkian “Etemad” qəzetinin saytında dərc olunan videoda bildirib.

İranın ali lideri Ayətullah Əli Xamnəi Cümə günü keçirilən səsvermə ərəfəsində seçici fəallığının yüksək olmasına çağırıb.

61 milyon seçicinin yalnız 40 faizindən bir qədər çoxu seçkidə iştirak edib. Bu, İslam Respublikası üçün rekord dərəcədə aşağı fəallıqdır. Üstəlik, 1 milyondan çox bülleten korlanıb.

Xatırladaq ki, səsvermənin 2025-ci ildə keçirilməsi planlaşdırılsa da, ötən ay ultramühafizəkar prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olub.

Namizədləri yoxlayan Nəzarətçilər Şurası əvvəlcə altı namizədi təsdiqləmişdi. Lakin seçkiyə bir gün qalmış onlardan ikisi - Tehranın ultramühafizəkar meri Əlirza Zakani və Rəisinin vitse-prezidenti Əmir-Hüseyn Qazizadə Haşemi seçkidən yarışından çıxdılar.

Yekun nəticələr açıqlandıqdan sonra onların hər ikisi tərəfdarlarından iyulun 5-də keçiriləcək ikinci turda Cəliliyə səs vermələrini istəyib.

Qalibaf da onun ardınca gedib və “bütün inqilabi qüvvələr və tərəfdarlardan” Cəlilinin prezidentliyə namizədliyinin arxasında durmağı xahiş edib.

Rəisini hakimiyyətə gətirən 2021-ci il seçkilərində Nəzarətçilər Şurası bir çox islahatçı və mötədilləri diskvalifikasiya edib və bu, bir çox seçicinin seçkidən yayınmasına səbəb olub.

O zaman seçici fəallığı 49 faizdən bir qədər az idi ki, bu da o vaxt İranda hər hansı prezident seçkilərində ən aşağı göstərici idi. Müxalifət qrupları, xüsusən də diaspora bu arada seçkilərin etibarlılığını şübhə altına alaraq boykot çağırışı edib.

69 yaşlı Pezeşkian ürək cərrahıdır və 2008-ci ildən şimal-qərbdəki Təbriz şəhərini parlamentdə təmsil edir. O, islahatçı prezident Məhəmməd Xatəminin dövründə səhiyyə naziri vəzifəsində çalışıb.

Pezeşkian Rəisi hökumətini 2022-ci ilin sentyabrında Məhsa Əminin polis nəzarətində saxlanması nəticəsində baş verən ümummilli etirazlar zamanı şəffaflığın olmamasına görə tənqid edib. 22 yaşlı iranlı kürd Əmini İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarını pozduğuna görə həbs edilmişdi.

Pezeşkian son seçki kampaniyasında İranı "təcrid vəziyyətindən çıxarmaq" üçün Vaşinqton və Avropa ölkələri ilə "konstruktiv münasibətlərə" çağırıb.

1979-cu ildə İslam inqilabından sonra İranda keçirilmiş 13 prezident seçkisindən yalnız biri 2005-ci ildə ikinci tura səbəb olub.

İnsanlar nikbin deyil. 32 yaşlı treyder Sina deyir ki, Pezeşkian prezident seçilsə belə, ölkədə “çox dəyişiklik olmayacaq”. “O, qalib gələrsə, rəhbəri Qalibaf olan parlament və rəhbəri Cəlili olan Ali Milli Təhlükəsizlik Şurası ilə işləməli olacaq”, - deyə Sinan əlavə edib.

Cəlili Qərbə qarşı barışmaz mövqeyi ilə geniş şəkildə tanınır. 58 yaşlı siyasətçi 2000-ci illərin əvvəllərində Xamnəinin ofisi də daxil olmaqla, İslam Respublikasında bir neçə yüksək vəzifədə çalışıb. O, hazırda İranın ən yüksək təhlükəsizlik orqanı olan Ali Milli Təhlükəsizlik Şurasında Xamnəinin nümayəndələrindən biridir.

43 yaşlı kinorejissor Şima deyib: “Mən istərdim ki, cənab Cəlili prezident olsun və İranı müqavimətə əsaslanan dini rasionallıqla tərəqqiyə aparsın”.

Şənbə günü islahatçı “Sazəndegi” qəzeti birinci səhifəsində “Yaşasın ümid” başlıqlı manşet yazı dərc edib, İranın dövlət qəzeti isə “güclü” seçici fəallığını alqışlayıb.

Nəticədən asılı olmayaraq, İranın növbəti prezidenti ölkədə son səlahiyyətlərə malik olan Ali lider tərəfindən müəyyən edilmiş dövlət siyasətinin tətbiqinə cavabdeh olacaq.

Y. QACAR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
reyting.az

1Mənbələr