AZ

Yusuf Yazıcı Fransa klubu ilə vidalaşdı

Futbol üzrə Türkiyə milli komandasının hücumameyilli yarımmüdafiəçisi Yusuf Yazıcı Fransanın “Lill” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə özünün sosial media hesabında paylaşım edib.

O, vida paylaşımında bunları qeyd edib: “Hər yaxşı şeyin bir sonu var, bəzən yol ayrıcları yeni hekayələrin başlanğıcıdır. Bu hekayə hələlik sona çatır, amma siz həmişə ürəyimdə olacaqsınız. Bu gün hamınıza təşəkkür etmək istəyirəm. Komanda yoldaşlarıma, məşqçilərimə, heyətimizə və ən əsası azarkeşlərimizə. Həyatım boyu sizinlə bölüşdüyüm xatirələri heç vaxt unutmayacağam. Bu formanı geyinmək mənim üçün şərəfdir”.

Xatırladaq ki, Yusuf Yazıcı “Lill”in düşərgəsinə 2019-cu ilin avqustunda 18,5 milyon avro qarşılığında yetirməsi olduğu “Trabzonspor”dan keçmişdi. Bu müddətdə Yazıcı 2022-ci ilin yanvarından iyununa qədər Moskva CSKA-sında icarə əsasında çıxış etmişdi. O, həmçinin bir müddət icarə əsasında “Trabzonspor”a da qayıtmış və 2023-cü ilin iyununda yenidən “itlər”ə qoşulmuşdu. Yazıcının “Lill” ilə müqaviləsi bu ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yazıcı “itlər”in heyətində 42 oyuna çıxıb, 12 qol vurub, 4 məhsuldar ötürmə verib. Yusufun “Lill”in heyətində ümumi statistikası isə belədir: 135 oyun, 29 qol, 15 məhsuldar ötürmə.

Türk futbolçu “Lill”in 2020/2021 mövsümündə Fransa çempionluğunu qazanmasında oyunu ilə müstəsna xidmətlər göstərib. Yazıcı həmçinin 2021/2022 mövsümündə Fransa Super Kubokunu qazanıb. Yusuf 7 qolla Avropa Liqasının 2020/2021 mövsümünün ən sərrast futbolçusu olub.

Yusuf Yazıcı 2017-ci ilin iyununda debüt etdiyi Türkiyə millisinin heyətində 45 oyuna 3 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet portalı 27 yaşlı Yusuf Yazıcını 10 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
arena.az

1Mənbələr