AZ

“TÜRKİYƏNİN NAXÇIVAN ÜÇÜN ZƏMANƏTİNƏ EHTİYAC QALMAYIB...” – “YAP hakim partiya deyil, hakimiyyətdə təmsilçiləri olan partiyadır”

REAL partiyası İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya müsahibəsində ölkənin siyasi həyatı, sentyabr ayına təyin olunan pralament seçkiləri, sosial-iqtisadi problemlər və digər mövzularla bağlı sualları cavablandırıb.

Müsahibənin birinci hissəsini təqdim edirik:

- Natiq bəy, öncə parlament seçkilərinin tezləşdirilməsi barədə fikrinizi soruşmaq istəyirik. Sizcə, seçki qərarı sırf ölkənin daxili ehtiyaclarından qaynaqlanır, yoxsa burada başqa faktorlar da var?

- Konstitusiyaya nəzərən seçkilərin noyabr ayının 3-dən gec keçirilməsi mümkün deyildi. Sırf hüquqi və texniki baxımdan məsələ belədir. Əgər referendum olsaydı, seçkiləri gələn ilə saxlamaq olardı. Məncə, məsələnin uzun müddət gecikdirilməsinin səbəbi mövcud qeyri-müəyyənliklə bağlı idi. Düşünürdülər ki, ilk olaraq referendum olsun, yoxsa seçkilər. Əgər referendum avqust və sentyabr ayında olsaydı, gələn ilin fevralında rahat şəkildə parlament seçkiləri keçirilə bilərdi. Əks halda, konstitusiya seçkilərin 2025-ci ilə saxlanılmasına imkan vermir. Yəni, hüquqi cəhətdən məhdudiyyət var. Bu səbəbdən də seçkiləri məcburən daha önə çəkdilər. Sırf hüquqi prosedurlar baxımından seçkinin önə çəkilməsi gözlənilən idi. Həm də ona görə gözlənilən idi ki, noyabrda böyük bir tədbir – COP29 baş tutacaq. Təqribən 90-95 ölkədən nümayəndələr, ABŞ Prezidentinin ekoloji məsələlər üzrə müşaviri, Avropa ölkələrindən ən azı 20-sinin Baş naziri və yaxud prezidentləri, BMT-nin baş katibinin gəlməsi gözlənilir. Yəni, çox böyük bir nümayəndə heyəti gələcək və Bakı şəhəri qapadılacaq. Yeri gəlmişkən, onu da deyim ki, kimin imkanı varsa, məzuniyyətini noyabra götürsün, həmin vaxt ümumiyyətlə, Bakıda olmasın. Çünki demək olar ki, şəhərdə həyat dayanacaq. Bu səbəbdən o dövrdə seçki keçirmək mümkün deyildi.

Əslində, seçkilərin önə çəkilməsi sürpriz deyildi. Sürpriz o ola bilərdi ki, referendum önə çəkilsin. Çox güman ki, çatdıra bilmədilər.

Digər tərəfdən, referendum həm də konstitusiyaya dəyişikliklər və sülh müqaviləsi ilə də bağlı məsələdir. Mən belə başa düşürəm ki, bunlar paralel baş verəcək. Çox güman ki, bu seçkilərdən sonra bizi növbəti ildə referendum gözləyə bilər. Hətta Ermənistanla paralel referendumun keçirilməsi mümkündür.

- Konstitusiya dəyişikliyinin sülhlə bağlı hissəsi nədən ibarət ola bilər? İdarəçilikdəki islahatlarla bağlı hansı qərarlar verilə bilər? Ölkədəki siyasi hakimiyyət bölgüsü ilə bağlı hansı dəyişiklikləri gözləyirsiniz?

- Əslində, 2013-cü ildən başlayaraq, publik çıxışlarımızda referendumun vacibliyindən dəfələrlə danışmışıq. Bunun sülh danışıqları ilə bağlı olan hissəsi ərazi mübadiləsi ilə əlaqəlidir. Yəni, indiki konstitusiya referendumsuz ərazi dəyişikliklərinə, sərhəd dəyişikliklərinə imkan vermir. Hətta Prezidentin də, parlamentin də belə səlahiyyəti yoxdur. Burada söhbət təbii ki, anklavlardan - yəni, Qazaxın 3 kəndi, Naxçıvanın Kərki kəndi və Azərbaycanın nəzarətindəki Başkənddən gedir. Bu, sülh müqaviləsi ilə bağlı olan hissədir.

Bir də 2020-ci ildən - hərbi qələbəmizlə işğal olunmuş torpaqları qaytarmağımızdan sonra inzibati ərazi bölgüsü ilə bağlı problemlər var. Yəni, həmin bölgənin Azərbaycan Konstitusiyasında ehtivasını görmürük. Bu da ciddi bir məsələdir. İlkin addım kimi Prezident 14 iqtisadi rayon yaratdı. Bura Şərqi Zəngəzur, Qarabağ, Naxçıvan da daxil idi. Amma bu, konstitusiyada öz əksini tapmayıb. İqtisadi rayon anlayışının qanunvericilik bazası da yoxdur. Ona görə də bu, gərək birinci konstitusiyaya salınsın. 

- Yeni yaradılmış iqtisadi rayonlar Prezident Administrasiyasının idarəçiliyindədir...

- Bəli, Prezidentin şəxsi nümayəndəlik institutu yaradıldı və bu, qanuna salındı. Burda da bir hüquqi boşluq yaranır. Çünki Prezidentin xüsusi nümayəndəlik institutu və bir də icra hakimiyyətləri var. Bunların səlahiyyət və məsuliyyət bölgüsü aydın deyil. Eyni rayonda Prezidentin səlahiyyətli nümayəndəsi və icra başçısı hansı işlərlə məşğul olur? Və ya kimin sözü, qərarı daha keçərlidir? Prezidentin şəxsi nümayəndəsi daha çox de-fakto səlahiyyətlərə malikdir. Amma de-yure, konstitusion baxımdan icra hakimiyyətinin daha böyük səlahiyyətləri var. Mənə elə gəlir ki, növbəti konstitusiya dəyişikliklərində ölkənin inzibati ərazi vahidinin yenidən dizayn olunması məsələsi də yer alacaq. Bu, 14 iqtisadi rayonun inzibati ərazi vahidlərinə çevrilməsi ilə müşahidə oluna bilər.

Digər məsələ yerli özünüidarəetmə ilə bağlıdır. Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə müxtəlif öhdəliklər götürsə də, onların bir çoxunu yerinə yetirmir. Onlardan biri də böyük şəhər bələdiyyələrinin yaradılması məsələsidir. Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, bu tələbi yerinə yetirməyib. Bu, nəyə görə vacibdir? Məsələyə hüquqi-fəlsəfi yanaşsaq, bu, həm də mərkəzi hökumətin yükünün azaldılması baxımından hakimiyyətin özünə sərf edir. Məsələn, hətta Prezidentin rəsmi saytına baxsaq görərik ki, müraciətlər bölməsində kəndlərdən, rayonlardan su, qaz, işıq, yol problemləri bağlı Prezidentə müraciət edilir. Halbuki, bu kənd bələdiyyəsi səviyyəsində həll olunası məsələdir.

Elə bir düzən qurulub ki, istənilən problem mərkəzi hakimiyyətin məsuliyyətinə çevrilib. Bu da mərkəzi hakimiyyətin məsuliyyət yükünü artırır. Bundansa, bələdiyyələrə yerli idarəetmə ilə bağlı səlahiyyətlər verib bu yükdən və məsuliyyətdən can qurtarmaq olar. Düşünürəm ki, bu məsələ də artıq yetişib. Son dönəmlər hökumətyönlü deputatların bir çoxu bununla bağlı açıqlamalar veriblər. Ardınca həll olunması vacib məsələlərdən biri də proporsional seçki sistemidir.

- Naxçıvan Muxtar Respublikasının statusunda da dəyişikliklərə ehtiyac var...

- Naxçıvan Muxtar Respublikasının statusu məsələsi de-fakto həll olunub, de-yure isə həll edilməyib. Naxçıvan artıq faktiki olaraq muxtar respublika deyil. Yəni, artıq mərkəzi hökumətin idarəçiliyindədir, bunu indi rəsmiləşdirmək lazımdır. Artıq muxtariyyətə də ehtiyac qalmayıb. Çünki muxtariyyət keçən əsrin 20-ci illərindən doğan reallıqlara görə baş vermişdi. Orada ən vacib məqamlardan biri müqavilələrə əsasən, Naxçıvanın təhlükəsizliyinə Türkiyənin verdiyi zəmanət idi. İndi Şuşa bəyannaməsi var və bu zəmanət bütün Azərbaycana şamil olunur. Naxçıvan da ora daxildir. Naxçıvan üçün belə bir zəmanətin olmasına artıq ehtiyac qalmayıb. Ümid edirik ki, muxtariyyətin ləğvi də yəqin ki, növbəti konstitusiya islahatlarında baş verəcək.

- Vitse-prezidentlik institutu və Nazirlər Kabinetinin səlahiyyətlərində də bir paralellik var...

- Vitse-prezidentlik və Nazirlər Kabineti parlamentin funksiyalarına bağlı məsələdir. Bugünkü parlamentin tərkibini qoyduq bir qırağa, funksional olaraq Nazirlər Kabinetinin işi ilə parlament arasındakı bağ, qarşılıqlı məsuliyyət və asılılıq o qədər də ciddi hiss olunmur. İldə bir dəfə hökumət hesabat verir və büdcə təqdimatı keçirir. Yəni, bu, formal xarakter daşıyır. Halbuki, hökumət parlamentlə birbaşa, hər gün təmasda olmalıdır. Bu mənada YAP hakim partiya deyil, hakimiyyətdə təmsilçiləri olan partiyadır. Çünki hakim partiyanın fraksiyası olur, parlamentdə nazirləri də onlar təqdim edirlər. Bildiyim qədər hazırda hökumətdə hətta YAP üzvü olmayan nazirlər də var. Bu zaman burada da boşluqlar yaranır.

Eyni zamanda, çox güman ki, birinci vitse-prezident institutu qalacaq və digər vitse-prezidentliklər ləğv olunacaq. Nazirlər Kabineti isə ləğv edilməlidir, yaxud da ləğv etmək fikirləri yoxdursa, onun formatı dəyişməlidir. Əgər proporsional seçkiyə keçid ediləcəksə, bu seçki nəticəsində parlamentdən çıxan hökumət olacaq.

- O zaman indiki güclü prezident hakimiyyətinin səlahiyyətləri də dəyişdirilməlidir?

- Xeyr. Prezident institutu güclü olaraq qalır. Bu, parlament məsələsi deyil. Fransadakı idarəçilik modelinə oxşar bir modeldir. Bu, bir çox ölkələrdə var. Prezident xarici siyasət, təhlükəsizlik, ordu, xüsusi xidmət orqanlarına birbaşa nümayəndələr təyin edir, rəhbərlik edir, şəxsi nümayəndəlik institutu vasitəsilə də ölkə ərazisinə nəzarət edir. Amma nəzarət funksiyasını özündə saxlamaqla, infrastruktur məsələlərini bələdiyyələrə ötürür. Güc strukturlarını xüsusi xidmət orqanlarını özü birbaşa təyin etməklə yanaşı, parlamentə sosial, iqtisadi blokun təsdiq olunmasını tapşırır. Nə qədər bəyənsək də, bəyənməsək də, formal da olsa ötən referendumla Rusiya o sistemə keçdi. Baş nazir Misuştin sosial-iqtisadi blokun üzvlərini Dumaya təqdim etdi.

- Biz bəzi postsovet ölkələrinin təcrübəsində görmüşük ki, referendumla prezidentlik institutundan yuxarı dövlət rəhbəri statusu yaradılır. Məsələn, Qazaxıstanda, Türkmənistanda belə addım atılmışdı…

- Qazaxıstanda bu işləmədi. Belarusda da buna cəhdlər var idi, amma deyəsən, geri dönürlər.

- Amma Türkmənistanda işləyir...

- Türkmənistan fərqlidir. Türkmənistanda ailə-qohumluq prinsipinə görədir, ona görə işləyir. Belə bir sistemə ehtiyac varmı? Məncə, yoxdur. Çünki zatən Dövlət Təhlükəsizlik Şurası var və onun kifayət qədər səlahiyyətləri mövcuddur.

- Amma o da işlək orqan deyil...

- Bəli, formal olaraq mövcuddur. İstənilən an onu işə salmaq olar. Amma hökumət çox vacib institut olduğuna görə Nazirlər Kabineti, Baş nazir parlamentdən çıxsa, parlament qarşısında da hesabatlı olacaq. Yəni, parlament istənilən naziri dəvət edə, yaxud hökumətə etimadsızlıq göstərə bilər. İndi, məsələn, Prezident hökuməti tənqid edə bilmir. Bir neçə dəfə belə cəhdlər oldu, İlham Əliyevin tənqidlərini eşitdik, amma sonra ardı gəlmədi, çünki uyğunsuzluq yarandı.

- Son illərdə Nazirlər Kabinetinin Prezident yanında müşavirələri də keçirilmir...

- Prezidentin öz köməkçiləri var və ölkə daha çox onlar vasitəsilə idarə olunur. Amma eyni zamanda, burada bir təkrarlanma da var. Məsələn, Prezident Administrasiyasında Nazirlər Kabinetinin funksiyasını yerinə yetirə biləcək şöbələr var. Məsələn, eyni vaxtda Kənd Təsərrüfatı Nazirliyi də var, Prezident Administrasiyasının Aqrar məsələlər üzrə şöbəsi də var. Yaxşı, bunların hansının daha çox səlahiyyəti var? Hansı qurum məsələlərə daha çox müdaxilə edə bilər? Birinin qərarını digəri ləğv edə bilərmi? Bu suallar açıqdır. Ona görə bu təkrarlanmanı aradan qaldırmaq üçün Prezident gücləndirilmiş dövlət başçısı statusunda qalır, amma hökumət başçısı statusundan çəkilir. İndi bizdə faktiki olaraq Prezident, həm də hökumət başçısıdır…

- Növbədənkənar parlament seçkisinə qayıdaq. Belə görünür ki, müxalif partiyaların içində nə bloklar yaranır, nə də seçki öncəsi partiyalar arasında diskussiyalar var. Elə bil hamı öz başının hayına qalıb. Bu durumu necə şərh edərdiniz?

- Azərbaycanda çox zaman belə bir iddia səsləndirilir ki, müxalifət birləşə bilmir, ona görə də zəifdir. Bu, yanlış məlumatdır. Azərbaycanda bu 30 ildə 11 birlik bloku olub. Bu birlik modellərinin heç biri uğur gətirməyib. Ona görə bu tezisin özü şübhəli və belə deyək, sual doğuran tezisdir. Birliklər olub, amma uğur olmayıb. Bu, faktdır. Ona görə də müxalifətin birliyinin olub-olmamasından daha çox vətəndaşlara xitab edə biləcək və vətəndaşları hansısa bir formada, heç olmasa seçkilərə səfərbər edə biləcək müxalif partiyaların olması doğru olar. Amma burada da problemlər var. Çünki müxalifətin bir qismi uzun illərdir boykotun əsas mübarizə üsulu olduğunu elan edib və indi doğrudan da geri dönmək onlar üçün çətindir. Çünki adama sual verərlər ki, yaxşı, nə dəyişdi ki, dünən iştirak eləmirdin, bu gün iştirak edirsən?

- Həmin qüvvələr, deyəsən, yenə iştirak etməyəcəklər...

- Ola bilər. Amma bu, legitim sualdır. Bunun özü də seçki institutunu gözdən salan bir amilə çevrilib. Zatən Azərbaycanda seçkilərlə bağlı problemlərin olduğu heç kimdə şübhə doğurmur. Seçkilərin özünün gözdən salınması hər zaman iqtidarın əlinə oynayıb. Seçkiyə nə qədər az insan gəlirsə, bir o qədər yaxşıdır. Təəssüf ki, müxalifətin bir qismi bilərəkdən və ya bilməyərəkdən bu məqsədə xidmət edən addımlar atır. Bu, doğru deyil.

Düşünürəm ki, bu seçkidən öncə siyasi partiyaların bir çoxu arasında situativ danışıqlar olacaq. Ən azı dairələrdə bir-brinə mane olmamaqla bağlı danışıqlar gözlənilir. Biz buna açığıq. Dəfələrlə də demişik ki, heç bir seçki bloku qurmayacağıq və bu bloklarda iştirak etməyəcəyik.

- Bəs nəyə ümid edirisiniz?

- Yaxşı sualdır. Birincisi, alternativ, ölkədə başqa yolla siyasi mübarizə aparmağın perspektivini görmürük. Görsəydik, bəlkə də başqa yollara baş vurardıq. Bu illər ərzində ictimai kapital toplamışıqsa, nəsə etməyə davam etməyə çalışırıq. Seçkilərdə qazanacağımız yerləri qorumaqla müəyən dərəcədə siyasətə təsir etmək imkanlarımızı saxlamağa çalışırıq. Ümid edirik ki, bu seçkidə qazandığımız yerləri qoruya biləcəyik. Keçən seçkidə bir namizədimiz qalib gəldi. İlk dəfə parlament partiyası olduq. Yeri gəlmişkən, bu dəfə də çox namizədlə iştirak etməyəcəyik. Bu, düşünülmüş və taktiki qərardır. Bunun iki səbəbi var: Birincisi, əgər prezident seçkiləri parlament seçkilərindən sonra olsaydı, o zaman məntiqlə demək olar ki, ölkənin bütün ərazisindən 80-90 namizədlə çıxış edəcəkdik. Təbliğat apararaq parlament seçkilərini növbəti prezident seçkilərinin baş məşqi kimi planlayırdıq. Bu da məntiqli qərar olardı ki, ölkə ərazisində 90-100 dairədə iştirak edirsən, heç olmasa o dairələrdə səs nibətini aşağı-yuxarı bilirsən. Amma bu, olmadı.

Azərbaycanda çox spesifik məsələlər var. Saxtakarlıq var, bu, öz yerində. Lakin çox zaman müxalifətin topladığı səs yerində qalır. İqtidar nümayəndəsinin səsləri isə artırılır. Mən bu illər ərzində bunu 3 dəfə yaşamışam…

(Davamı olacaq)

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
azpolitika.info

1Mənbələr