AZ

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Həyat

Bakı, 30 iyun, Samirə Quliyeva, AZƏRTAC

Bu həqiqətdir ki, həyatımız hər addımbaşı müxtəlif risklərlə əhatələnib. Sınaqdan uğurla çıxmış dünya təcrübəsinə görə isə risklərin idarə edilməsində ən unikal vasitə məhz sığorta mexanizmidir. Belə olan halda əminliklə deyə bilərik ki, həyatımız risklərdən qaçılmazdırsa, sığorta da inkarolunmaz reallıqdır. Bəs biz risklərimizin fərqindəyikmi? Biz nə kimi gözlənilməz həyati vacib risklər həndəvərindəyik? O risklərimizə hansı sığorta növləri təminat verir? Mövzunu həyat sığortası növləri üzrə təfərrüatlı araşdırmışıq.

İstehsalatda bədbəxt hadisələrdən necə sığortalanmalı...

Bu növ bizi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalayır. Belə ki, əmək müqaviləsi ilə çalışdığımız, yəni əməkdaşı olduğumuz hər bir qurum bizi bu növ üzrə icbari qaydada sığortalamağa məcburdur, əks təqdirdə qanunvericiliklə cərimələnə bilərik. Cərimə bir kənara, bu sığorta, ilk növbədə, elə işəgötürənin özünü gələcəkdə yarana biləcək gözlənilməz kompensasiya xərclərindən azad edir.

Bu sığorta növü işçinin və onun ailəsinin əhəmiyyətli maddi müdafiəsidir. Bu, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində əlilliyə görə işini davam etdirə bilməyən işçilərin maddi müdafiəsini təmin edir. O, sığortalının iş prosesində əlillik halları ilə qarşılaşması zamanı birdəfəlik kompensasiya təklif edir, zərərə məruz qalan şəxslərə və onların ailələrinə gəlir itkisinin öhdəsindən gəlməyə kömək edir. Maliyyə faydalarından əlavə, bu icbari sığorta peşə fəaliyyəti zamanı baş verən xəsarət almış və ya əlil qalmış işçilər üçün tibbi sığorta və reabilitasiya xidmətləri müddəalarını da əhatə edir. Bu, onların sağalmalarına və nəticədə işə qayıtmalarına kömək etmək üçün lazımi tibbi müalicə, reabilitasiya proqramları və dəstək xidmətlərinə çıxış əldə etmələrini təmin edir.

Heç təsadüfi deyil ki, ölkəmizdə hər il əmək bazarında qeydə alınan böyümə ilə paralel bu icbari həyat sığortası bazarı da genişlənir, yığımları artır. Belə ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta icmalına görə, 2023-cü ildə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə yığımlar 84 milyon AZN təşkil edib ki, bu da 2022-ci hesabat ilinin nəticələri ilə müqayisədə 10.1 milyon AZN çoxdur.

Ekspertlər də bildirirlər ki, hər bir işçi işəgötürənindən əmək müqaviləsi ilə birlikdə bu sığorta növü üzrə sığortalanmağı tələb etməlidir.

Risklərlə bərabər gəlirlərin də idarə edildiyi “Yığım” mexanizmi

Əməkhaqqınızın 50 faizə qədərini hər ay “Həyatın Yaşam Sığortası”na yönləndirirsiniz və 3 ildən sonra həmin məbləğdən ödəməli olduğunuz vergi və sosial sığorta ödənişləri tam şəkildə hesabınıza qayıdır. Bununla yanaşı, seçdiyiniz həyat sığortası şirkəti müvafiq müddət ərzində sizə əmanət faizi də ödəyir.

Bu sığorta növü hər hesabat dövrünün icmal cədvəlində ən çox yığım və ödəniş nəticələri ilə seçilir. Gəlin statistikaya nəzər salaq. 2023-cü il ərzində ümumi yığımlar 1 milyard 222 milyon AZN təşkil etdiyi halda, təkcə Həyatın yaşam sığortası növü üzrə yığımlar 504.9 milyon AZN olmuşdu ki, bu da 2022-ci ilin nəticələri ilə müqayisədə 108.3 milyon AZN çoxdur. Yəni bu sığorta növünə əhali marağı ilbəil artır. Bu məhsula qoşulmuş sığortalılara ödənilən məbləğdə də artım var. Belə ki, 2023-cü ildə bu növ üzrə sığortalılara ödənilən məbləğ 292.5 milyon AZN təşkil edib ki, bu da 2022-ci ilin ödəniş nəticələri ilə müqayisədə 50.4 milyon AZN çox olub.

Yaşam sığortası fərdlərin və onların ailələrinin maddi rifahının qorunması üçün mühüm vasitə rolunu oynayan həll yoludur. O, rahatlıq, maliyyə təhlükəsizliyi və əlavə gəlir üstünlükləri təklif edir ki, bu da onu sığortalının hərtərəfli maliyyə planının vacib komponentinə çevirir. Ödəniş məbləğinə gəldikdə isə bu sığortanın əldə edilməsi üçün 50 AZN-dən yuxarı istənilən məbləğ keçərlidir. Belə ki, bu sığorta növü sosial sığorta haqqında qanunun 15-ci maddəsi və Vergi Məcəlləsinin 116-cı maddəsinə əsaslanaraq tətbiq edilir.

Sığortalı istehlak krediti: Yeni qaydalar, vətəndaşyönümlü yanaşma

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Mərkəzi Bank tərəfindən həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirildi. Belə ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edildi.

Yeni qaydalara əsasən, sığorta müqavilələri üzrə sığorta təminatının müddəti kreditin qalan müddətinə bərabər olmalıdır. Sığorta məbləği isə sabit və ya azalan olmasından asılı olmayaraq, minimum borcalanın kredit təşkilatı qarşısında olan faktiki borc məbləği həddində, maksimum isə tərəflərin qarşılıqlı razılığı ilə həmin borc məbləğinin 110 faizi həcmində müəyyənləşdirilməlidir. Bu, borcalanın kredit təşkilatı qarşısında olan kreditin ödəniş qrafikinə uyğun faktiki borc, sığorta hadisəsindən sonra yarana biləcək əlavə faiz və ya dəbbə pulu kimi öhdəliklərinin bağlanmasını təmin edəcəkdir. Həmçinin yeni qaydanın tətbiqi ilə istehlak krediti götürən şəxslər üçün bir sıra tənzimləyici yumşalmalar müəyyən edilib. Belə ki, bu yumşalmalar istehlak kreditinin həcmindən asılı olaraq sığortalanmanın operativliyini təmin etmək, o cümlədən bankdaxili kredit verilməsi üzrə prosedurların əlavə vaxt itkisinə səbəb olmasının qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, borcalan tərəfindən sığortalanma haqqında ərizə olmadan sığorta müqaviləsinin bağlanması imkanı da yaradılıb.

Qaydalarda əksini tapan digər mühüm dəyişikliklər isə əlilliyi olan şəxslərin sığorta müqaviləsi bağlamaları ilə bağlı meydana çıxan maneələrin aradan qaldırılması və onların kredit müqavilələrinə əlçatanlığının təmin edilməsi olub. Əlilliyə və ya mövcud əlillik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub.

Qaydalardakı yeni tələblərdən biri də sığorta şirkətlərinə qarşı borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması tələbidir. Bu tələb sığortalanmanın mövcudluğunun asanlıqla müəyyən edilməsinə və daha operativ qaydada sığorta hadisəsinin tənzimlənməsinə xidmət edir.

Banklarda kredit risklərinin idarə edilməsinə dair mövcud qaydaya gətirilmiş yeni tələblərdən biri isə bank müştərilərinə istehlak kreditlərini təqdim etdiyi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Yeni tələbə əsasən banklar tərəfindən müştərilərə müvafiq sığorta təminatını könüllü qaydada alması ilə bağlı ərizə forması təqdim ediləcək. Müvafiq ərizə formasına əsasən müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birinin xidmətini sərbəst qaydada seçə biləcək.

Həyat sığorta ilə rahatdır

Risk-hadisə-hadisə-zərər zəncirinin idarə olunması, habelə iqtisadi itkilərin qarşısının alınması və ya təminat altına daxil edilməsi qlobal mühitin başlıca müzakirə mövzusudur. Risklərin gözlənilməz hadisələr fonunda yüksək intensivliklə müşahidə edilməsi sığorta mexanizminin inkarolunmaz reallıq olduğunu bir daha sübuta yetirir. Yəni istər bizə aid kənar predmetlər, istərsə də bilavasitə həyatımıza yönəliklərin risklərə qarşı müdafiə sipəri yalnız və yalnız sığortadır. Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun ölkədə apardıqları sığorta maarifləndirməsi layihəsinin şüarında deyildiyi kimi – Həyat sığorta ilə rahatdır.

“Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb”

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
azertag.az

1Mənbələr