AFFA U-16 Liqasında pley-off oyunlarına start verilib.
Prosport.Az-ın xəbərinə görə, 8 komandanın iştirakı ilə keçirilən pley-off matçlarında ilk olaraq meydana "Qarabağ" və "Səbail" çıxıb.
"Sərhədçi"də baş tutan oyundan öncə tərəflər 3 dəfə qarşılaşmışdı. İlk oyunda 1:1 hesabı qeydə alınsa da, II və III dövrənin oyunlarında "Qarabağ" rəqibini böyük hesablarla məğlub etmişdi (6:1, 6:0). Turnir cədvəlini Rəşad Sadiqovun baş məşqçisi olduğu "Qarabağ" 66 xalla 4-cü, Elnur Abdullayevin çalışdırdığı "Səbail" 54 xalla 7-ci sırada başa vurmuşdu.
Bəlkə də bu səbəbdən "Qarabağ" oyuna arxayın çıxmışdı. İlk hissəsi qolsuz başa çatan oyunda fasilədən sonra qapılara 4 qol vurulub. Gözlənilmədən nominal qonaq komanda olan "Səbail" 50-ci dəqiqədə Sərdar Qaibxanovla hesabı açıb. 9 dəqiqə sonra Mehman Xanlarov hesab arasındakı fərqi 2-yə çatdırıb.
Bununla belə, "Qarabağ" cavab matçı üçün intriqanın ölməsinə imkan verməyib. Əli İbrahim 75-ci dəqiqədə fərqi azaldıb. Çempionatın bombardirlər cədvəlində 2-ci sırada olan Əli 5 dəqiqə sonra penaltidən dubl etmək şansını əldən verib. Buna baxmayaraq, Əbdüləziz Cabbarlı 89-cu dəqiqədə hesabı bərabərləşdirən qola imza atmağı bacarıb – 2:2.
Tərəflər arasında cavab oyunu iyulun 1-də keçiriləcək. Matç saat 20:00-da "ASCO Arena"da baş tutacaq.
Qeyd edək ki, 1/4 finalın digər oyunları "Turan Tovuz"la "Zirə", "Neftçi" PFK ilə "Araz-Naxçıvan" və "Sabah"la "Sumqayıt" arasında keçirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta