İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 48 saatda 69 nəfər artaraq 37 min 834-ə çatıb.
"Cebhe.info" xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 267 gündür hücumları ilə bağlı məlumat var.
İsrail ordusunun son 48 saatda Qəzzanın müxtəlif bölgələrində 7 hücum həyata keçirdiyi və bu hücumlarda daha 69 fələstinlinin həyatını itirdiyi, 429 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 min 834, yaralıların sayı isə 86 min 858-ə yüksəlib.
Bəyanatda, həmçinin dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.