AZ

Haqlı olmaq xəstəliyi

Bir çox insan həyatını tam bir boşluq üçün yaşayır. Şəxsən tanıdığım adamlar var. Bu adamların həyatında tək bir məqsəd var: Haqlı olmaq. Və ya haqsız olsa belə kimlərəsə “haqlı olduğunu” sübut etmək. Onlar öz “haqlarından” heç vaxt imtina etməzlər. Hətta dillərində bu cümlə davamlı olaraq təkrarlanır: “mən haqlıyam”. Əksər hallarda onlar söhbətə dəxli olmadan da bunu səsləndirirlər. Baxırsan, mat-məəttəl qalırsan. Hə, nooolsun?! 

Bu xarakterdə olan adamlarla yoldaşlıq etmək həqiqətən çətindir. Əksər hallarda heç uzun da çəkmir bu yoldaşlıq. Yorurlar səni. Nə olur-olsun ünsiyyətdən qaçmalı olursan. Mübahisə də işə yaramır. Yola verməyə çalışırsan, “əlbəttə, sən dahisən, ədalət tərəzisisən” deyib ötüşdürürsən. Amma bununla canını qurtara bilmirsən. Çünki “Haqdan, ədalətdən” doyumsuzluq var bu adamların mədəsində, beynində. Qaz mədəsi kimi...

Onların yanlış danışdığını sübut edə bilməzsən. Sübutla, dəlillə düz danışmadığını, haqlı olmadığını deməyə cəhd edərsən. Sadəcə, cəhd edərsən, başqa heç nə. Kükrəyərlər, cırmaq atarlar sənə.  Peşman olarsan. Susarsan və onun gözlərinə baxarsan. Müzəffər baxış görərsən. Orada keçirilən qalibiyyət paradını izləyərsən. Nirvana yaşadıqların kirpiklərinə qədər hiss etdirərlər. Qalibiyyət ədası ilə hətta başlarını bir arxaya da atarlar. 

Bir də görürsən ki, redaksiyaya bir nəfər zəng edib. Qəzəb yağır səsinin tonundan. Lüğətdəki ən sərt sözləri sıralayıb ki sənə desin. Buynuzlarını irəliyə uzadıb ki, qarnını deşsin. Barmaqlarını uzadıb ki, gözlərini çıxarsın. Bu döyüşdən qaçış üçün yol axtarırsan. Çünki onsuz da əvvəldən bilirsən ki, məğlub olacaqsan. Hətta elə olub ki, bu tipdə olan adamla düz 1 saat telefonda danışırsan, izah edirsən, onlarla dəlil gətirirsən... Nəticə sıfır olur. Ona görə də belə zəng olanda məsələni bəri başdan həll edib qarşı tərəfə qalibiyyət bayrağını qaldırmaq şansı verirsən. Deyirsən ki, “haqlısınız, səhv etmişik, üzr istəyirik”. Adam təbii ki, bundan məmnun olur. Amma axı o döyüşə hazırlaşmışdı, bu zövqdən məhrum oldu. Telefonda fısıltı eşidirsən. Səsdən narazılıq hiss olunur ki, o belə asan qələbə qazanmağı düşünmürdü, "kürəyini yerə vurmağından" yetərincə ləzzət ala bilmədi. Normalda belə halda onun yaşadığı ləzzəti sən almalısan. Amma sən o deyilsən axı. Sadəcə təəssüf yaranır içində. 

Mən anlaya bilmirəm ki, özünü haqlı göstərmək bu adamlara nə üçün lazımdır? Bununla onlar özlərini gözdən saldıqlarının fərqində deyillərmi? Qoy sənin haqlı olduğunu başqaları etiraf etsin. Bu daha hörmətli olmazmı? Bəlkə də bu psixi bir pozuntudur, bilmirəm. Bəlkə də natamamlıqlarını ört-basdır etmək taktikasıdır. Ya da uşaqlıqda təsdiq olunmamaq travmaları yaranıb. Bütün hallarda onlar hər hansı bir çevrənin nadir tapıntılarıdır. Onların olduğu 3-5 nəfərlik qruplarda heç vaxt rahatlıq olmur. Hər zaman bir gərginlik yaranması üçün səbəblər ortaya çıxır. Mübahisələr yaranır. Söhbətlər uzanır, məclislər dağılır, qan-qaraçılıq düşür. Qətiləşdirsək, adamı bezdirirlər. 

Amma nə edək? Həyat belədir, rəngarəngdir. Onlar da bizim həyatımıza fərqli bir rəng qatırlar. Olmasaydılar, bir az monotonluq olardı. Ona görə də onları dışlamamaq gərəkdir. Gözmuncuğu kimi qəbil edək. Bəlkə həqiqətən də, gözmuncuğu kimi bizi göz-nəzərdən qoruyan elə onlardır.

Elnur Məmmədli


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
yenisabah.az

1Mənbələr