AZ

İranda prezident seçkisi: yeganə azərbaycanlı islahatçı namizəd Məsud Pezeşkian kimdir?

İranda cümə günü keçirilən növbədənkənar prezident seçkisinin yeganə islahatçı namizədi milliyətcə azərbaycanlı olduğu deyilən Məsud Pezeşkian olub.

Pezeşkian ölkəsində “korrupsiya və qohumbazlıqdan uzaq” birisi kimi tanınır.

İxtisasca həkim olan 70 yaşlı Pezeşkian İranda nazir, nazir müavini, parlamentdə spikerin birinci müavini kimi müxtəlif vəzifələr tutub.

"İranda yaşayan azərbaycanlılar ana dilinin qrammatikasını da öyrənmək istəyirlər"İranda İslam inqilabından əvvəl qadınlar üçün həyat necə idi?İranda iğtişaşlar: "Bakıda, Türkiyədə xanımların başı açıqdır, nolur ki?"Həkimlikdən nazir postuna...

70 yaşlı Məsud Pezeşkian İranın Məhabad şəhərində doğulub. Orta təhsilini Urmiyada alan Pezeşkian hələ inqilabdan əvvəl Təbriz universitetində tibb təhsili alıb.

İnqilabdan sonra isə, o, ürək və ümumi cərrahiyyə üzrə ixtisaslaşıb. 1994-cü ildən 2000-ci ilədək Təbriz Tibb Elmləri Universitetinin prezidenti postunu tutub.

Məhəmməd Xatəminin formalaşdırdığı ilk hökumətdə Məsud Pezeşkian səhiyyə və tibb təhsili nazirinin müavini, bir qədər sonra, ikinci islahatçı hökumət dövründə nazir təyin edilib.

İki il nazir olduqdan sonra parlament tərəfindən tibb sektorundakı qiymətlər, dərman-narkotik problemi, vəzifə təyinatları ittihamı ilə impiçmentə məruz qalıb.

Həmin vaxt parlament spikerinin müavini olmuş Behzad Nəbəvi Pezeşkianı müdafiə edərək, səhiyyə sektorundakı boşluqların dərin köklərə malik olduğunu və bu çatışmazlıqların Pezeşianın iki illik nazir vəzifəsi ilə əlaqəli olmadığını deyib.

Onun nazir olduğu vaxtda bəzi parlament üzvləri ölkədəki tibb universitetlərinin Elm Nazirliyinin tabeliyinə verilməsini təklif etsələr də, bu, reallaşmayıb.

Nazir posrundan vitse-spikerliyə gedən yol

İki il dövlət vəzifələrindən uzaq olan Pezeşkian Mahmud Əhmədinecatın prezidentliyi dövründə, 2007-ci ildə Təbriz şəhərindən deputatlığa namizədliyini irəli sürüb və parlamentə seçilib.

Pezeşkian bu uğurunu sonrakı 4 parlament seçkilərində də təkrarlayıb.

10-cu parlament seçkilərində o, islahatçılardan ibarət Ümid fraksiyasını təmsil edirdi və 158 səslə spikerin birinci müavini postuna seçilmişdi. Lakin ölkənin siyasi mübahisəli məsələlərində islahatçıların nümayəndəsi olaraq, aydın mövqe ortaya qoymayıb.

Pezeşkian 8-ci parlamentdə təmsil olunarkən, zorlama və seksual qısnamada ittiham edilən Mələkan şəhərinin deputatı Salman Xodadadinin etimadnaməsini müdafiə edib. Onun parlamentin qapalı sessiyasında dediyi şeir Xodadadinin etimadnaməsini istəməyən din xadimi Ruhullah Hüseynian ilə mübahisəyə səbəb olub.

Spikerin müavini olarkən Pezeşkian deyib ki, “hökumət özü narkotik tədarükçüsü olmadıqca, narkotik asılılığına qarşı mübarizə aparmaq mümkün olmayacaq”.

O təklif edirdi ki, əgər hökumət narkotik təchizatını həyata keçirərsə, o zaman müalicəyə ehtiyacı olanları daha asan yolla sağaltmaq olar. Onun təklifi İran polisinin yüksək rütbəli rəsmisi tərəfindən rədd edilib və bunun mümkün olmadığı bildirilib.

2018-ci ilin yayında əmək və sosial rifah naziri Əli Rabyeinin impiçmenti zamanı Pezeşkian onu müdafiə edərək, hökuməti dövlət rəsmilərinə və onların ailələrinə qarşı ittihamlara göstərdiyi dözümsüzlüyə görə tənqid edib.

“Mən nazir olan zaman, mənim övladlarımın xaricdə olduğu, qızımın isə BMW sürdüyü iddia edilirdi. Lakin övladlarım heç vaxt xaricdə olmayıb. Onların nə avtomobilləri olub, nə də nazirliyin xidməti maşınından istifadə ediblər”, - Pezeşkian çıxışlarının birində deyib.

İqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkian və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub.

İran

Şəklin mənbəyi, Reuters

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
bbc.com

1Mənbələr