AZ

Avstriyalı öz işini gördü və getdi: PrivatBank idarə heyətinə yeni rəhbər axtarır

Ukraynada dövlətə məxsus PrivatBank-ın Müşahidə Şurası idarə heyətinin yeni rəhbərinin seçilməsi prosesinə başlayıb.

Valyuta.az xəbər verir ki, ölkədə aktivləri və xalis mənfəəti baxımından ən böyük olan PrivatBank-ın idarə heyətinin hazırkı rəhbəri Gerhard Böş üç illik işindən sonra maliyyə institutunu tərk edəcək.

"Cənab Böş idarə heyətində rahat keçid olana qədər öz vəzifələrini tam şəkildə yerinə yetirməyə davam edəcək", - bankdan deyilib.

Vurğulanır ki, Müşahidə Şurası çox qeyri-sabit və çətin mühitdə qeyri-adi iş nəticələrinə nail olmaqda göstərdiyi inanılmaz fədakarlıq və möhkəmliyə görə Böşə minnətdardır.

Dövlət Bankının Müşahidə Şurası artıq vakant vəzifəyə seçim prosesinə başlayıb. "Bu qərar Ukraynadakı mövcud vəziyyətin öyrənilməsi və təhlili, həmçinin PrivatBank-ın gələcək inkişafı üçün baxış və ehtiyaclara əsaslanır", - əlavə edilib.

Gerhard Böş 40 ilə yaxındır ki, bank sektorunda çalışır. Onun karyerası 1986-cı ildə Avstriyada iqtisadi tədqiqatçı kimi başlayıb, daha sonra bank sektorunda xəzinədarlıq, kommersiya bankçılığı və ticarət şöbələrində rəhbər vəzifələrdə işini davam etdirib.

2004-2006-cı illərdə Raiffeisen Zentralbank-da qlobal xəzinədarlıq və bazarlar departamentinə rəhbərlik edib, sonra 2006-cı ildə Raiffeisen Bank-da İdarə Heyəti sədrinin müavini kimi Ukrayna bazarına gəlib və 2010-cu ildə bankda birinci müavin vəzifəsini alıb.

2021-ci il may ayının sonunda PrivatBank-ın müşahidə şurası Böşü şuranın yeni rəhbəri seçib. O, bu vəzifədə Peter Kurmhanzlı əvəz edib.

Daha əvvəl bildirilib ki, PrivatBank 2024-cü ilin dörd ayının nəticələrinə əsasən Ukraynanın ən gəlirli bankı olub.

NBU-nun məlumatına görə, 1 may 2024-cü il tarixinə PrivatBank Ukraynada fəaliyyət göstərən 63 bank arasında aktivlərinə görə (857 milyard UAH) birinci yerdədir. Maliyyə qurumunun 2023-cü il üçün xalis mənfəəti 37,8 milyard UAH təşkil edib. Dövlət bankının şəbəkəsinə ölkə üzrə 1200-ə yaxın filial, 6800 bankomat və 10400 terminal daxildir.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
valyuta.az

1Mənbələr