AZ

Direktorlar sertifikatlaşdırmada yüksək bal toplayan müəllimlər arasından seçilməlidir? — "Belə olan halda..."

Növbəti mərhələdə direktor və direktor müavinlərinin də sertifikatlaşdırma prosesində iştirakını vacib hesab edirik.

Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı direktor və direktor müavinlərinin sertifikatlaşdırma prosesində iştirakının vacib olduğunu bildirib. O qeyd edib ki, yeni təyin olunan məktəb direktorları məhz yüksək nəticə göstərən müəllimlər arasından seçiləcək. 

Bəs, yüksək nəticə göstərən müəllimin idarəetmə işlərində iştirak etməsi onun pedaqoji fəaliyyətinə necə təsir göstərəcək?

Bu zaman direktorun biliyi, öyrətmə bacarığı ya idarəetmə üstünlüyü ön planda olacaq?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, direktorları sertifikatlaşdırmada yüksək nəticə toplayan müəllimlər arasından seçsək, biz yaxşı müəllimi itirmiş olacağıq. 

Kamran Əsədov qeyd edib ki, idarəetmədə olan şəxslərin pedaqoji fəaliyyət ilə məşğul olmağına icazə verməməliyik:

“Hal-hazırda bizim 4432 orta ümumtəhsil məktəbimiz var. Etiraf edək ki, orta ümumtəhsil məktəblərinin idarə olunmasında iştirak şəxslərin yeni üsullarla seçilməsinə ehtiyac var. Dünya təcrübəsi göstərir ki, orta ümumtəhsil məktəblərinin idarə edilməsində pedaqoji fəaliyyət ilə məşğul olanların iştirakı işin keyfiyyətinə o qədər də müsbət təsir göstərmir. Beləki, direktorlar həm də pedaqoji fəaliyyətlə məşğul olanda, dərsin keyfiyyəti aşağı düşür. Çünki onlar mütəmadi olaraq dərsləri yarımçıq qoyub  idarəetmə işləri ilə məşğul olmağa gedirlər. Uşaqlar da buada müəyyən qədər əziyyət çəkir. Çünki onlar tam olaraq dərslərdən istədiklərini ala bilmirlər. Etiraf edək ki, bu gün direktorların kifayət qədər işi var. Onlar şagirdlərlə, müəllimlərlə, məktəbdəki digər pedaqoji şəxs və idarəetmədə olanlarla, valideynlərlə, icra hakimiyyəti, Elm və Təhsil Nazirliyi ilə, regionar idarələrlə işləyirlər. Yəni onların bütün günü işləri tədrisdən çox idarəetmədəki məsələlərdir. İstənilən böhran vəziyyətində onlar prosesin başındadırlar”. 

Təhsil ekspertinin sözlərinə görə, biz direktor və direktor müavinlərinin qanunvericilik baxımından biliklərini yoxlamaq üçün sertifikasiyaya cəlb etməliyik:

“Düzdür direktor özü baş müəlimdir, baş pedaqoqdur, eyni zamanda tədrisin təşkili ilə məşğul ola şəxslərə nəzarət edir, metodik işə rəbərlik edir. Amma onlar qanunvericiliyi bilsələr daha yaxşıdır. Ona görə də direktor və direktor müavinlərinin təhsil qanunvericiliyini, təhsilin idarə olunmasını, hüquqi bazaları ilə, normativ hüquqi aktlarla bağlı, sertifikasiyaya cəlb olunmasına ehtiyac var. Dünya təcrübəsində də belədir. Onsuz da şagird sayı 500-dən yuxarı olan məktəb direktorlarına əlavə maaşlar verilir. Şagird sayı 2000-dən çox olan məktəb direktorlarına əmək haqqı 3000 manatdan çoxdur. Bütün bunların hər biri məktəb direktorlarının və direktor müavinlərinin sertifikasiya cəlb olunmasını qaçılmaz edir. Biz onların təhsilin idarə olunması ilə bağlı qanunvericiliyi nə qədər bilməsini, bilik və bacarıqlarının təkmilləşdirilməsini həyata keçirməliyik. Birmənalı şəkildə bu vacibdir. Bu həm də onların əmək haqlarına müəyyən artımların baş verməsinə gətirib çıxaracaq”. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
demokrat.az

2Mənbələr