AZ

ABŞ Azərbaycanı və Ermənistanı birgə NATO tədbirinə dəvət etdi

Image

ABŞ Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək istəyir. Bu barədə cümə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirilən brifinqdə deyib.

"Biz əməkdaşlıq sahələrini möhkəmləndirmək və genişləndirmək istəyirik. Bugünkü müzakirəmizin böyük hissəsi regiondakı vəziyyətə və hökumətlərin birlikdə daha səmərəli çalışmaq imkanlarına həsr olunub. Mən müzakirə etdiyimiz bir sıra konkret məsələnin üzərində dayanacağam. Biz Mərkəzi Asiyadan Atlantikaya qədər, şimaldan cənubadək uzanan regionda vəziyyəti gözdən keçirdik və hadisələrin necə inkişaf etdiyini müşahidə etdik", - o əlavə edib.

Ceyms O’Brayn görüşdə onu da bildirib ki, Azərbaycan NATO-nun görüşünə dəvət olunub. "Dövlət katibi Blinken bütün NATO tərəfdaşları, o cümlədən Ermənistan və Azərbaycan üçün tədbir keçirir. Bu səbəbdən düşünürəm ki, onlar hər ikisi iştirak edəcək. Görüş xarici işlər nazirləri səviyyəsində keçiriləcək. Görüşdə cəmi 30 tərəfdaş iştirak edəcək", - o deyib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi COP29-la bağlı açıqlamasında qeyd edib ki, COP29 iqlim dəyişmələri ilə mübarizədə bir çox məsələlər üzrə irəliləyiş əldə etməyə imkan verəcək. "Azərbaycanın COP29-a sədrliyini müzakirə etdik. ABŞ Azərbaycanın bu razılaşmada oynadığı rolu qətiyyətlə dəstəklədi. Mümkün qədər çox konsultasiya və texniki dəstək göstərdik. Açıq şəkildə hesab edirik ki, iqlim dəyişikliyi dünya üçün əsas çağırışdır və bu görüş bir sıra mühüm məsələlər, o cümlədən bərpa olunan yanacaq növünə keçid və iqlim dəyişmələrinin nəticələri ilə mübarizə üzrə real irəliləyiş əldə etmək imkanı verir. Bu səbəbdən Azərbaycanın bu məsələdə irəliləyişi bizi ruhlandırır", - o bildirib.

Bakı ilə İrəvan arasında sülh prosesinə toxunan qonaq deyib ki, ABŞ Vaşinqtonda Bakı və İrəvan arasında danışıqlar keçirməkdən daima məmnundur.

"Lakin kanallar çoxdur və hər iki tərəf çox səmərəli birbaşa ünsiyyətə malikdir. Bu səbəbdən vurğulamaq istəyirəm ki, onlardan hər biri bunu öz vətəndaşları üçün edir. Regiona sülhü gətirmək üçün biz hansı dəstəyi göstərməyimizdən asılı olmayaraq, bu prosesdə dost kimi iştirak edirik", - o deyib.

Ceyms O’Brayn xüsusilə qeyd edib ki, Bakı və İrəvan arasında sülh bütün regiona fayda verəcək. 

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasında irəliləyiş əldə edildiyinə toxunan o`Brayn deyib ki, bu tədbirlər etimadı möhkəmləndirir və onların davam etməsi vacibdir. “Hər iki cəmiyyət bu qərarı sərbəst şəkildə qəbul etmək istədiyini aydın şəkildə bildirib. Hazırda etimad çatışmazlığı müşahidə olunur və onların mümkün qədər sürətlə irəliləməsi vacibdir", - o deyib.

Azərbaycanı “Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə fəaliyyətin əsas hissəsi” adlandıran ABŞ rəsmisi ölkəmizin tranzit imkanlarına xüsusi əhəmiyyət verdiklərini də vurğulayıb. "Azərbaycanın bir dövlət kimi Gürcüstan ərazisindən keçib-keçməməsindən asılı olmayaraq, Xəzər dənizi vasitəsilə, sonra isə qlobal bazarlara çıxarılan məhsul və xidmətləri əldə etmək üçün böyük imkana sahib olduğunu görürük. Bu imkan nəqliyyat xərclərini azaldacaq. Bu, geosiyasi müdaxilələrdən qorunan alternativlər təqdim edəcək. Bütün bunlar Tacikistandan Kiyevə qədər on milyonlarla insanın bu dəhlizin açılmasından faydalanacağını düşünmək üçün əla səbəbdir. Hesab edirik ki, bu, bütün maraqlı tərəflərin razılığı ilə edilməlidir. Bilirik ki, hər şey Ermənistan və Azərbaycan arasında Gürcüstan ərazisindən keçən, təkcə müəyyən real üstünlükləri olan deyil, həm də Qara dənizə yükləri çatdıran marşrut barədə qarşılıqlı anlaşmadan başlayır.

Azərbaycan Avropaya təbii qazın çox mühüm tədarükçüsüdür, səkkiz ölkəyə qaz tədarük edir və ən azından yaxın gələcəkdə daha dördünü əlavə etməyə ümid edir. Bu, kritik buferdir. Avropa ölkələri Rusiya qazından üz döndəriblər. Bir çox ölkələrdə bu faizin necə sıfıra düşdüyünü görmüşük, gələn il Rusiyadan Moldovaya uzanan cənub boru kəmərlərindən biri Rusiya qazının tranzitini dayandırdıqda bəzi ölkələrdə bu faizin daha da aşağı düşəcəyini gözləyirəm. Azərbaycan ABŞ, Qətər və digər ölkələrdən gələn maye təbii qaz (MTQ) ilə yanaşı, Avropaya bu keçidi üçün lazım olan dayanıqlılığı təmin edən əsas elementdir. Bəs ABŞ necə kömək edə bilər? Birincisi, biz enerji tədarükçüsüyük, həmçinin bütün Avropada elektrik ötürücü xətlərin inkişafının təşviqində aktiv iştirak edirik", - o deyib.

O`Brayn ABŞ-ın Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə malların tədarükü üçün böyük potensial gördüyünü də sözlərinə əlavə edib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
baki-xeber.com

1Mənbələr