AZ

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Azərbaycanın

Bakı, 28 iyun, AZƏRTAC

“İstəyirəm ki, Türkiyə millisi Avropa çempionatında finala qədər irəliləsin. Çətin də olsa, mümkünsüz heç nə yoxdur”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Aftandil Hacıyev Türkiyə millisinin Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib.

O, “ay-ulduzlular”ın turnirin qrup mərhələsində qənaətbəxş mübarizə apardığını bildirib: “Vintçenso Montella daha əvvəl Superliqada işlədiyi üçün Türkiyə futbolunu yaxşı tanıyır. Milli komanda üçün uğurlu məşqçidir. Qardaş ölkə təmsilçisinin qrup mərhələsində keçirdiyi oyunlar həyacanverici idi. Əzmkarlıq hesabına 1/8 finala vəsiqə qazandılar. Pley-off mərhələsində Avstriya ilə matç isə çətin olacaq. Şansları bərabər hesab edirəm”.

Mütəxəssis Portuqaliya millisi ilə matçdakı 0:3 hesablı məğlubiyyətin komanda üzərində təzyiq yaratdığını söyləyib: “Türkiyə yığmasının heyətində ulduz futbolçular var. Onlar bir arada daha çox oyun keçirsələr, düşünürəm ki, fərqli nəticələr olar. Portuqaliya ilə görüşdən sonra tənqidlər çox oldu. Mənə görə, bir məğlubiyyət alan komanda üzərində bu qədər təzyiq yaratmağa ehtiyac yoxdur. Bu yığmanın böyük potensialı var”.

A.Hacıyev Avropa çempionatında favorit hesab etdiyi komandanın adını da açıqlayıb: “İspaniya millisini favorit hesab edirəm. Bu o demək deyil ki, ispanlar Avropa çempionu olacaqlar. Bu dəfə finalda fərqli komandaları görə bilərik. Çünki güclü yığmalar bir-biriləri ilə erkən qarşılaşacaq”.

Qeyd edək ki, Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatına iyulun 14-də yekun vurulacaq. Türkiyə-Avstriya oyunu isə iyulun 2-də olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
azertag.az

1Mənbələr