AZ

Xankəndidə 18 min qanunsuz erməni silahlısı məhv olmaqdan belə qurtulub...

Image

İbrahim Rüstəmli: “Bütün bunlar Azərbaycan tərəfinin səbrli, düşünülmüş, sülhə meyilli bir siyasət aparmasının nəticəsidir”

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibə verib. Nazir müsahibədə antiterror əməliyyatları ilə bağlı maraqlı faktlar açıqlayıb:

“Mən də eşidirəm ki, müxtəlif versiyalar səsləndirirlər. İlk növbədə demək istəyirəm ki, bu əməliyyat kimə qarşı idi. Xatırlayırsınızsa, möhtərəm cənab Prezident çıxışlarında bir neçə dəfə qeyd etmişdir ki, Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində idi. Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi - bizim hesabımızla təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşmüşdü. Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq. Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi. Möhtərəm cənab Prezident insanpərvərlik göstərdi və mühasirəyə düşənlərin məhv edilməsinə imkan vermədi. Ona görə də bax, mühasirəyə düşmüş həmin kontingent üçtərəfli Sazişə əsasən Azərbaycanın ərazisini dərhal tərk etməli idi. Ancaq onlar bunu etmədilər, əksinə, təxribatlara əl atdılar, mövqelərini gücləndirməyə başladılar. Bilirsiniz, möhtərəm cənab Prezident çıxışlarında qeyd edirdi ki, antiterror əməliyyatlarının keçirilməsi üçün səbəblər hansılar idi. Birincisi, bilirsiniz ki, bunlar təxribatlar törədirdilər, qanunsuz seçkilər keçirirdilər. Ermənistan rəsmən bunları təbrik etdi. Bunlar hamısı zəmin yaratdı ki, antiterror əməliyyatı keçirilsin. Bu, birincisi. İkincisi, sual verdiniz ki, bu antiterror əməliyyatının hədəfi kim idi. Xüsusi qeyd etmək istəyirəm, möhtərəm cənab Prezident daim deyir ki, mən yaxşı bilirəm nəyi nə vaxt etmək lazımdır. Cənab Prezident bütün güc strukturlarının rəhbərliyini toplayıb tapşırıq verəndə bir neçə məsələyə xüsusi diqqət yetirirdi. İlk növbədə, Orduya aid təbii olaraq mənə tapşırıq verildi ki, heç bir mülki şəxsə, heç bir mülki obyektə zərbə endirilməsin. Ordu heç bir yaşayış məntəqəsinə daxil olmur. Ordu ancaq və ancaq hərbi birləşmələrə qarşı fəaliyyət göstərir”.

Müdafiə nazirinin açıqladığı bu vacib məqamlarla bağlı ekspertlər nə düşünür?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 

əvvəla, Ermənistan kaputilyasiya aktına 44 günlük vətən savaşının sonuncu günü, üçtərəfli razılaşma əsasında imza atıb: “Ümumiyyətlə götürdükdə, bilirsiz ki, Azərbaycan öz dövlət başçısının simasında hər zaman sülhü dəstəkləmə mövqeyindən çıxış edib, müharibənin, terrorun əleyhinə olub. 44 günlük vətən savaşına kimi, təqribən 30 il ərzində Azərbaycan bir tərəfdən öz ordusunu gücləndirirdisə, digər tərəfdən sülh müqaviləsi imzalanmasını tələb edirdi. Bunu dəfələrlə biz həm Azərbaycan Prezidentinin öz dilindən, həm də Azərbaycan siyasi institunun dilindən eşitmişik. Antiterror əməliyyatlarına gəldikdə isə, Azərbaycan bu əməliyyatları zərgər dəqiqliyi ilə apardı. Bilirsiz ki, bu əməliyyatların aparıldığı ərazilərdə sivil insanlar, Azərbaycan vətəndaşı olan ermənilər var idi. Onların içərisində dinc insanlar, uşaqlar, qadınlar da olub. Azərbaycan  23 saatdan bir qədər artıq davam edən bu antiterror əməliyyatını elə zərgər dəqiqliyi ilə yerinə yetirdi ki, heç bir sivil vətəndaşın burnu belə qanamadı. Bütün bunlar Azərbaycan tərəfinin səbrli, düşünülmüş, sülhə meylli bir siyasət aparmasının nəticəsidir. Azərbaycan Prezidenti antiterror əməliyyatına kimi dəfələrlə müraciət etmişdi ki, əgər ermənilər Azərbaycan vətəndaşlığını, pasportunu, Azərbaycan qanunlarına tabe olduqlarını qəbul edərlərsə, onlar da hər bir ölkə vətəndaşının imtiyazına sahiblənəcəklər. Ancaq bu çağırışlarımız dəfələrlə təkrar olunsa da, cavabsız qaldı. Belə bir vaxtda biz də sərt mövqedən çıxış edə bilərdik. Biz isə sivil vətəndaşlara öz təkliflərimizi vermişdik. Bütün bunlara baxmayaraq, Prezidentimizin rəhbərliyi altında antiterror əməliyyatları o qədər düzgün keçirildi ki, ermənilərə məxsus hərbi obyektlər, hərbi qulluqçular, silah - sürsatlar, texnikalar sıradan çıxarıldı. Bu hərbi qulluqçular da terrorçular idi. Təbii ki, 23 saatdan artıq davam edən əməliyyatı Azərbaycan ordusunun güclü olduğu reallığını ortaya qoydu. Sonda onlar öz döyüş postlarını, Azərbaycan torpaqlarını tərk etməli oldular. Bir daha təkrar edirəm ki, orada 15, 18 və ya 20 min terrorçu olduğunu dəqiq bilmirəm. Yəni əsas məsələ bu rəqəm deyil. Doğrudan da Azərbaycan dövləti bu məsələdə sonuna kimi humanist bir mövqedən çıxış etdi. Bu mənada mən Azərbaycan dövlətini də, xalqını da, ali baş komandanımız cənab İlham Əliyevi də dəstəkləyirəm. Eyni zamanda demək istəyirəm ki, 44 günlük vətən savaşında torpaqlarımızın bir hissəsi də müharibəsiz düşməndən təmizlənildi. Xüsusilə, ağır coğrafi əraziyə malik regionlarımız Azərbaycan dövlətinin humanistliyi nəticəsində ermənilərdən tam təmizləndi. Biz onların müharibəsiz, döyüşsüz çıxmasına bir növ dəhliz yaratdıq”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
baki-xeber.com

1Mənbələr