AZ

Qırmızı Qəsəbəyə turist axını davam edir

Qırmızı

Bakı, 28 iyun, AZƏRTAC

Turizm mövsümünün başlanması ilə Qırmızı Qəsəbə Rusiya, İsrail, Hindistan və bir neçə ərəb ölkəsi də daxil olmaqla, dünyanın müxtəlif yerlərindən böyük turist axını yaşayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırmızı Qəsəbə Dağ Yəhudiləri Dini İcmasının sədri Pesax İsakov STMEGI.com saytına müsahibəsində məlumat verib. O, bu halın yerli iqtisadiyyat və mədəni mübadilə üçün əhəmiyyətini vurğulayıb.

İsakov Qırmızı Qəsəbənin ab-havasından və mədəni irsindən heyran qalan italyan jurnalistin bu yaxınlardakı səfərini qeyd edib. Jurnalist Dağ Yəhudiləri Muzeyində və yerli sinaqoqlarda olub, gördükləri barədə heyranlığını ifadə edib. Onun sözlərinə görə, qəsəbə haqqında məqalənin dərc olunması planlaşdırılır ki, bu da şübhəsiz, unikal məkana əlavə diqqət cəlb edəcək.

P.İsakov Dağ Yəhudiləri Muzeyində Qurtuluş və Nicat Gününə həsr olunmuş sərgiyə xüsusi diqqət yetirib. Bu mühüm tarix müttəfiqlərin İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qazandığı qələbə və yəhudi xalqının məhv olmaqdan xilas olması şərəfinə təsis edilib. Qurtuluş və Nicat Günü hər il yəhudilərin İyar ayının 26-da qeyd olunur. Sərgi iyunun 2-də açılıb və iyulun 3-dək ziyarətçilər üçün açıq olacaq.

Sərgidə yəhudi xalqının müharibə zamanı qəhrəmanlığı və sağ qalmasından bəhs edən nadir eksponatlar və sənədli materiallar nümayiş etdirilir. Yerli sakinlər və qəsəbənin qonaqları həmin hadisələrin əhəmiyyətini daha yaxşı anlamağa və dərk etməyə kömək edən nadir fotoşəkillər, şəxsi əşyalar, məktublar və digər artefaktlarla tanış ola bilərlər.

Pesax İsakov belə tədbirlərin təkcə turist axınının artmasına deyil, həm də ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. O, dağ yəhudilərinin mədəni irsinin qorunub saxlanması və təbliğinin vacibliyini vurğulayıb, bunun xalqlar arasında qarşılıqlı anlaşma və hörmətin inkişafında əsas rol oynadığını bildirib.

Qırmızı Qəsəbə turizm mərkəzi kimi inkişafdadır, zəngin tarixi və mədəniyyəti ilə daha çox səyahətçi cəlb edir. Qəsəbənin səlahiyyətliləri və Dağ Yəhudiləri Dini İcması ümid edirlər ki, jurnalistlərin səfərləri və əhəmiyyətli sərgilərin keçirilməsi bu unikal yeri beynəlxalq aləmdə daha da populyarlaşdırmağa kömək edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
azertag.az

1Mənbələr