AZ

Müasir çağırışlara əsaslanan Azərbaycan - ABŞ münasibətləri TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurlu xarici siyasət xəttini davam etdirir, beynəlxalq aləmdəki mövqeyini artıraraq, bu münasibətləri möhkəmlətməyə önəm verir. Dövlət başçısı xarici siyasət məsələlərini daim diqqət mərkəzində saxlayaraq, diplomatiyamız qarşısında duran prioritet vəzifələri müəyyənləşdirərək, onların planlı və ardıcıl surətdə həyata keçirilməsini təmin edir. Bu münasibətlər siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və s. sahələri əhatə edərək, çoxşaxəli xarakter daşıyır və Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir. Azərbaycan bir çox dünya dövlətləri ilə yanaşı, Amerika Birləşmiş Ştatları ilə müstəqil dövlət olaraq diplomatik münasibətlər qurub. Bu münasibətlərin qurulmasından artıq 30 ildən artıq zaman ötür. Bu illər ərizində diplomatik münasibətlər dövründə transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaşlıq özünü biruzə vermişdi. 1993-cü ildən etibarən yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində səfərlər və görüşlər bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il, eləcə də 2003-cü il tarixi səfərləri bu münasibətlərin təməlini qoymuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin 25-28 aprel tarixlərində AVŞ-a səfəri münasibətlərin inkişafına təkan oldu. Ölkələr tərəfindən Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və sərmayələri genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə tədbirlər həyata keçirilib.

İQLİM DƏYİŞİKLİYİ VƏ ENERJİ SAHƏSİNDƏ KONSTRUKTİV ƏMƏKDAŞLIQ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul etməsi qarşılıqlı münasibətlərin təzahürüdür. Prezident İlham Əliyev Antoni Blinkenlə telefon danışığını məmnunluqla xatırlayaraq, bu telefon danışığı əsnasında əlaqələrimizin geniş spektrinin müzakirə olunduğunu bildirib. Xatırladaq ki, bu yaxınlarda, iyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi əlaqələrin inkişafının təzahürüdür. Telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib.

COP29-UN ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNDƏ YARATDIĞI YENİ İMKANLAR

Ceyms O’Brayn ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayıb. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd edib. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlər müzakirə olunub.

Azərbaycan ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğu vurğulanıb.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edilib. COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın öz dəstəyini bundan sonra da davam etdirəcəyi vurğulanıb. Əlbəttə ki, COP29 əməkdaşlığın genişləndirilməsində yeni imkanlar yaradır. COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün geniş imkanlar yaradacaqdır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da artırır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmətin göstəricisidir. Əlbəttə ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir.

DÜNYA İQTİSADİYYATININ SABİTLƏŞMƏSİNDƏ AZƏRBAYCANIN ROLU

Qeyd edək ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. Qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi daimi dəstək təqdirəlayiqdir.

Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən əməkdaşlığa nəzər salarkən qeyd etməliyik ki, 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə "Əsrin müqaviləsi"ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində də ABŞ-ın Şevron və Ekson şirkətləri yer almışdır. ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində rol oynayıb.

İki ölkə arasındakı iqtisadi əlaqələr, ABŞ-ın Xəzər bölgəsi və Cənubi Qafqazda Azərbaycanın həyata keçirdiyi transmilli layihələrdə iştirakı intensiv xarakter daşıyıb. Bu istiqamətdə Amerikanın bir tərəfdən öz şirkətləri vasitəsilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və istehsalı, digər tərəfdən bu ehtiyatların dünya bazarına sərbəst çıxışını təmin etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin çəkilməsindəki xüsusi rolunu qeyd etmək lazımdır. Bundan başqa, ABŞ Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizininin (TRASEKA layihəsi) reallaşmasında, Azərbaycanda struktur islahatlarının və iqtisadi liberallaşmanın həyata keçirilməsində də Avropa Birliyi ilə çiyin-çiyinə çalışmışdır.

Azərbaycanın iştirak etdiyi bütün layihələr nəinki ölkəmiz üçün, həm də dünya iqtisadiyyatının sabitləşməsində böyük rol oynayır. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayır.

Dünya siyasətinin aparıcı dövlətlərindən olan ABŞ-la 30 ildən artıq bir dövrdə Azərbaycanın qurduğu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa söykənib ki, bu da ölkəmizin diplomatiya sahəsindəki uğurudur. Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri iki xalqın mənafelərinə uyğun olaraq birgə səylərlə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
sesqazeti.az

1Mənbələr