AZ

"Azadlığa çıxmış məhkumların cəmiyyətə "qazandırılması" üçün məsul qurumlar aktiv işləməlidir"

Məhkumların azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiya prosesi və reabilitasiyası zaman-zaman gündəmə gətirilir, əhəmiyyətli məsələ olması dönə-dönə vurğulanır. Ancaq baş verən cinayət hadisələrinə motivlərinə və müxtəlif cinayətləri icra edən şəxslərə diqqət edəndə, əksər cinayətlərin təkrar yaşanmasına şahid oluruq. Görürük ki, daha əvvəl məhkumluğu olmuş şəxs yenidən cinayətə qarışıb. Məhkumlar azadlığa çıxdıqdan sonra onların reabilitasiyası hansı formada həyata keçirilməlidir? Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həqiqətən də bu gün məhkum olunmuş şəxslərin islah olunması və onların reabilitasiyası ilə bağlı addımların atılması dövlətin prioritet məsələlərindən biri olmalıdır. Çünki cinayətkarlar məhkum olunduqdan sonra onların saxlanılması dövlət büdcəsi üçün kifayət qədər ciddi bir məbləğə başa gələ bilir. Ramil Süleymanov / Foto: Bizimyol.info Hüquqşünasın sözlərinə görə, bu məbləğ də vətəndaşların ödədiyi vergilərdən formalaşır və məhkumların saxlanılması üçün həmin vergilər bu istiqamətə yönəldilir. “Əlbəttə ki, bu da xoş bir şey deyil. Nəticədə, belə bir fikir formalaşır ki, vətəndaşların ödədiyi vergilər nəticəsində formalaşan dövlət büdcəsinin bir hissəsi faktiki olaraq məhkumların saxlanılması və onların yaşam xərclərinin qarşılanması üçün yönəldilib. Dövlətin bu xərclərin qarşısını almaq üçün mütləq şəkildə görməli olduğu zəruri tədbirlər var. Ələlxüsus, burada insan faktoruna yanaşsaq məhkumların reabilitasiyası və onların cəmiyyətə yenidən qazandırılması, məhz cəzaçəkmə müəssisələrinin daxilində başladılmalıdır. Cəzaçəkmə müəssisələrinin fəaliyyətinə birbaşa cavabdehliyi “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti daşıdığı üçün burada mütləq şəkildə Penitensiar xidmətin gördüyü və daha öncədən planlaşdırdığı tədbirlər planı əsas rol oynayır. Burada məhkumlarla onların ailə üzvlərinin tez-tez görüşdürülməsi və hətta ailə üzvlərinin tez-tez cəzaçəkmə müəssisələrinə gətirilməsi və onlarla görüşlərin keçirilməsi, sonra psixoloji dəstəyin göstərilməsi, yəni cinayətkarın psixologiyasının tamamilə bu məsələdə silinməsi və yeni psixoloji anlayışın onun beyninə təlqin olunması prosesi təşkil olunmalıdır”-deyən hüquqşünas bildirib ki, eyni zamanda məhkumlara tez-tez hüquqi yardımlar olunmalıdır. Məhkumların ailələrində baş verə biləcək problemlərlə bağlı, o cümlədən onların müəyyən dövlət qurumlarına ərizələrinin çatdırılması, yazılması və s. bu xidmətlər səmimi və düzgün şəkildə təşkil olunmalıdır. Ramil Süleymanovun sözlərinə görə, Penitensiar xidmətin daxilində bu proses yekunlaşdıqdan və məhkum olan şəxs cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra ikinci mərhələ başlanılmalıdır: "İkinci mərhələdə məhkumun daha ciddi reabilitasiyaya ehtiyacı var. Məhkumlar çıxdıqdan sonra müəyyən bir zaman üçün onların sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək lazımdır. Azadlığa çıxdıqdan sonra dərhal işsiz kimi qeydiyyata alınmalıdırlar. Onlara 6 və ya 8 ay işsizlik müavinəti ödənilməlidir. Bu müddət ərzində cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərlə mütəmadi işlər aparılmalıdır. Onlara yeni peşələrin öyrədilməsi və yaxud da öz peşələri üzrə işlərə cəlb olunması ciddi nəzarətdə saxlanılmalıdır. Bundan əlavə, məhkumlara psixoloji dəstək xidmətlərin göstərilməsi də təşkil olunmalıdır. Çünki qapalı bir mühitdən, 25-30 nəfərlik bir mühitdən yüzminlərin içinə çıxmaq nəticə etibarilə insanda bir az beyin dumanlanmasına gətirib çıxara bilər. Bununla bağlı mütamadi psixoloji dəstək göstərilməlidir". “Bəzi məhkumlar azadlığa çıxdıqdan sonra ailələrinin dağıldığını, uşaqların onlardan alındığını və əmlakla bağlı problemlərin olduğunu görürlər. Öz problemlərinin hüquqi cəhətdən həll edə bilməyən keçmiş məhkumlar öz iradələrini və mövqelərini yenidən fiziki güc nümayiş etdirməklə, ortaya qoymağa məcbur hiss edirlər. Bununla bağlı məhkumlara mütləq şəkildə hüquqi yardım göstərilməsi təmin olunmalıdır. Onlara hüquqşünasın şifahi məsləhəti və yazılı və ya hər hansı bir sənədlərlə dəstək paketi təqdim olunmalıdır. Ümumiyyətlə, məhkum azadlığa çıxdıqdan sonra bir sıra dövlət qurumları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, hətta Vəkillər Kollegiyası və sosial işçilər keçmiş məhkumlarla mütəmadi işləməlidirlər”-deyən Ramil Süleymnov qeyd edib ki, çünki onlar da bizim cəmiyyətin bir parçasıdır və biz onları cəmiyyətimizə yenidən qazandıra bilərik. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
bizimyol.info

1Mənbələr