AZ

"Tarif Şurası gecə yuxusunda gördüyünə əsasən məqsədsiz qiymət qaldırır, əsaslı izah da vermir"

Bir neçə gün əvvəl sosial şəbəkələrdə ölkədə "Aİ-92" markalı benzinin və dizelin qiymətinin artacağına dair məlumatlar yayılmağa başladı. İddialara görə, qiymət bahalaşması 10-15 qəpik olacaq. Hazırda "Aİ-92" markalı benzinin 1 litrinin qiyməti 1 AZN, dizelin 1 litrinin qiyməti 0.80 AZN-dir. "Aİ-92" markalı benzinin qiymətində bahalaşma gözlənilirmi? Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər zaman sosial şəbəkələrdə, bəzi saytlarda sanki əhalinin nəbzin yoxlamaq üçün müəyyən bu informasiyalar ortaya atılır. Ardınca, qiymət artımı baş verir. Elməddin Muradlı Ekspertin fikrincə, bu gün üçün keyfiyyətdə bir artım yoxdursa, xüsusi bir fövqəladə hal baş verməyibsə, hər hansı bir artıma da ehtiyac yoxdur və Tarif Şurasının belə bir qərar verməsi də yersiz görünür. Elməddin Muradlı bildirib ki, Azərbaycanda benzinin və dizelin keyfiyyətinin artırılması ilə bağlı müxtəlif dövrlərdə müzakirələr aparılıb. Ekspertin fikrincə, bu gün keyfiyyətlə bağlı ciddi problemlərimiz var və bunun qarşısını almaq, bu məsələni tənzimləmək üçün cənab prezidentin tapşırığı ilə neft-qaz sahəsində müəyyən işlər görülməli və bu zavodların təmiri həyata keçirilməli idi. “Zavodlar yenidən quruldu, bəzilərində təmir işləri aparıldı. Söz verdilər ki, Azərbaycanda artıq keyfiyyətli benzin, keyfiyyətli dizel istehsal olunacaq. Keçən illərdə yanacağın qiyməti 60-70 qəpik idi. Bir müddət sonra 90 qəpik, sonra 1 manat etdilər ki, zavod tikilir, pul lazımdır. Hələ o vaxt belə bir söhbət vardı ki, zavod tikintisi başa çatdıqdan sonra yenə başlayacaqlar qiymət artırmağa. Ki, “bəs xərcimiz çox çıxdı”. İndi baxırıq ki, bu əhali arasında gəzən söz söhbətlər gerçəkləşir. Tarif Şurası, sanki küçə söhbətləri ilə idarə olunur. Küçədə, yolda, bacada, sosial şəbəkələrdə əhali nə danışırsa, Tarif Şurası səhər onu təsdiqləyir. Ya da özləri məqsədli şəkildə bu söhbətləri atırlar ortaya, sonra qiyməti də qaldırırlar. Bu, yersiz hərəkətlərdir. Azərbaycanın kifayət qədər nefti, qazı, yanacağı, hətta ehtiyatı da var. Yəni hardasa bir zavod tikən kimi bu pulu camaatın boğazından çıxartmaq düzgün yanaşma deyil. Biz bəzi ölkələrin təcrübəsinə baxanda da görürük ki, Azərbaycan kimi bir neft ölkəsində qiymətin bu dərəcədə olmasına heç bir gərək yoxdur. O nefti, qazı zəif olan ölkələri gətirib bizə nümunə kimi bizə sırımasınlar ki, “filan ölkədə belədir”. Filan ölkənin nefti, qazı yoxdur. Ona görə də baha satır alır. Sən də 95 benzini alıb, 2 manata satırsan ki, mən bunu istehsal eləmirəm. İndi istehsala başlayırsan. Yaxşı, o zaman qiyməti 1.50 manata endir. Endirə bilirsənmi, xeyr. Yəni bu yanaşma, kökündən səhv olan bir yanaşmadır. Tarif Şurası ancaq yatır, gecələr özündən nəsə qərarlar çıxarır və məqsədi də heç vaxt əsaslandırılmış şəkildə izah olunmur. Qiymət artımının sadəcə kimlərinsə marağına uyğun formada olması da gülünc bir hərəkətdir. Yəni hansısa bir məmur nəsə istəyir, Tarif Şurası yığışır, ona qərar verir. Elə bilin ki, hansısa məmurun istəyi ilə bir qanun qəbul eləyirsiniz. Bu, ayıb bir şeydir. Əhalinin bir vəziyyətinə baxmaq lazımdır. Keyfiyyət ortaya çıxmayıbsa, ümumiyyətlə qiymətə yaxın getməyə dəyməz”-deyə ekspert bildirib. Elməddin Muradlı qeyd edib ki, yanacaq doldurma məntəqələrinə nəzarət yoxdur. Onlar keyfiyyətli benzini satarkən yenə də acgözlük edir, müxtəlif qatqılar qatmaqla insanları zəhərləyirlər. Keyfiyyətsiz məhsulu satırlar və heç nə də dəyişmir. “Mən düzələn bir şey görmürəm. Nəsə də düzəlibsə, çıxsınlar əsaslandırsınlar ki, “hə, düzələn bir şey var”, biz də bunu alqışlayaq. Hələ ki, ortada ciddi bir dəyişiklik yoxdur. Sadəcə zavod tikintiyə başlayanda qiymət artırdılar, zavod tikintisi başa çatıb, yenə qiymət artırırlar. Daha bu zavodu əhali tikəcəkdisə, başda oturanlar nəyə lazım idi? Elə camaat arasından yığıb bir şirkət qurardılar ki, “əhalinin pulu ilə zavod tikirik”. Biz də bilərdik ki, bizim pulumuzla zavod tikirlər, yığışıb pulumuzu verib özümüzə bir zavod tikərdik ki, orada normal yanacaq istehsal olunsun. Gürcüstana və Türkiyəyə yanacaq satırıq. Düzdür, qiyməti bahadır və keyfiyyəti yüksəkdir. Necə olur bunu biz satırıq, çünki orada insanlar öz həyatlarına öz insanlarına dəyər verirlər. Bizimkilər zəhər satır. Hələ günü-gündən də qiymət artırırlar. Zəhərin də qiymətini artırarlarmı, ayıb deyilmi? Hələ bir keyfiyyəti artır, insanlar bir razılıq ifadə etsinlər. Bir normal təbliğat apar. Yalandan çıxırlar ortaya başlayırlar mənasız-mənasız "əsaslandırma"lar etməyə. Çünki əsaslandıra bilmirlər, həmişə də əhalinin qınağı ilə üzləşirlər. İkrah hissi doğururlar. Olmaz belə şeylər, ayıbdır. Ortada dəyişən fundamental bir şey yoxdur, amma qiymət məsələsi bunlar üçün çox sadə və asan bir yanaşma kimi görsənir. Bu da çox səhv bir yanaşmadır”-deyə ekspert qeyd edib. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
bizimyol.info

2Mənbələr