AZ

İrəvan sülh istəyirsə...

“Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir. Uzunmüddətli sülhün bərqərar olması üçün dəstəyə ehtiyacımız var. Qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur”.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı belə deyib. O, sülhün əldə edilməsində həm Latviyanın, həm də digər Avropa tərəfdaşlarının köməyinə ehtiyacın olduğunu deyib: 

“Biz Latviya və Avropa İttifaqı üzvlərinin dəyərlərini paylaşırıq. Ona görə də Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün bizə dəstəyə ehtiyac var”. Alen Simonyanın açıqlaması ilk növbədə, görünür Ermənistanın Avropa İttifaqı üzvlüyünə namizəd olmaq üçün quruma daxil olan dövlətlərin dəstəyini əldə etmək məqsədi daşıyır. 

Qeyd edək ki, iyunun 21-də Simonyanın sədrliyi ilə parlament “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü ilə bağlı ərizə verilməsi məsələsinə dair referendumun keçirilməsi təklifi” mövzusunda dinləmələr keçirib. 

Ermənistan hakimiyyəti Gürcüstan və Ukrayna kimi Avropa İttifaqı üzvlüyünə namizəd olmağa çalışır. Alen Simonyan Ermənistanın prioritetlərindən birinin Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq olduğunu deyərək bu məsələdə Latviyadan kömək istəyib. Bununla da Ermənistan Avropa İttifaqına inteqrasiya istiqamətində real addımlar atmağa və Rusiyadan uzaqlaşmağa çalışır. Eyni zamanda, rəsmi İrəvan Avropa İttifaqı üzvlüyünə namizəd statusuna Ermənistanın təhlükəsizliyinin Qərb tərəfindən təminatını vasitəsi kimi baxır. 

Ancaq Ermənistanın hüquq müqaviləsi bazasında Rusiyanın hərbi müttəfiq olaraq qalması Avropa İttifaqına üzvlüyünü əngəlləyən ciddi səbəblərdən birini təşkil edir. Ona görə də Qərb Nikol Paşinyan hakimiyyətindən ilk növbədə Rusiya hərbi bazalarını ölkədən çıxartmağı və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsini istəyir. Həmçinin, Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq, Ermənistan MDB, Avrasiya İqtisadi Birliyi və KTMT-nin üzvüdür. 

Bu səbəbdən, Ermənistan adıçəkilən təşkilatları tərk etmədən Avropa İttifaqına namizədlik statusu qazana bilməz. İndiki mərhələdə viza rejiminin sadələşdirilməsinə dair müqavilənin imzalanması mümkündür. Lakin Avropa İttifaqı Ermənistanın təhlükəsizliyinə təminat verməyəcək. Alen Simonyan regionda uzunmüddətli sülhün bərqərar olması baxımından Ermənistanın Avropa İttifaqı üzvlüyünə qoşulmasını vacib hesab edir. Hətta spiker “Qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur” deməklə bölgədə sülh üçün əlverişli şərait yetişdiyini və bu prosesin Avropa İttifaqının siyasi zəmanəti ilə reallaşmasında Ermənistanın maraqlı olduğuna dair mesaj verir. 

Ancaq Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasına və Baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair 2022-ci il Praqa və 2023-cü il Brüssel bəyannamələrini imzalamasına rəğmən yenə də rəsmi İrəvan öz iddilarından əl çəkməyib. Söhbət Ermənistanın konstitusiyasında və digər hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiasının saxlanılmasından gedir. 

Bundan başqa, Azərbaycanın dörd kəndi hələ də Ermənistanın işğalı altındadır. Bu halda Alen Simonyanın açıqlaması onun sülh mesajları ilə tamamilə ziddiyyət təşkil edir. Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirməklə Almatı, Praqa və Brüssel bəyannamələrini növbəti dəfə pozub. Azərbaycana tərəfi sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına düzəlişlər edilməsini əsas şərtlərdən biri hesab edir. Lakin Ermənistan konstitusiya və qanunvericilik bazasını saxlamaqla sülh müqaviləsi imzalamağın tərəfdarı olduğunu bildirir. 

Ermənistan rəsmilərinin “Konstitusiya referendumu keçirmək bizim daxili işimizdir” deməsi Azərbaycanın və Türkiyənin tələblərindən yayınmaq məqsədi daşıyır. Rəsmi İrəvan hesab edir ki, beynəlxalq hüquqa istinadən yerli qanunvericiliyin sülh müqaviləsinin icrasına maneə yaratmayacağına dair əlavə razılaşma imzalana bilər.

Ancaq bu təklif ciddi qəbul olunmur. Çünki Ermənistanda gələcəkdə hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, Azərbaycana qarşı ərazi iddiaları yenidən baş qaldıra bilər. Ermənilər Qarabağın və digər ərazilərin qədim Ermənistan “torpaq”ları olduğuna dair iddiaların de-yure Azərbaycan tərəfindən tanındığına dair təhlükəli bəyanatların səslənməsinə səbəb olar. Qeyd edilən səbəbdən Ermənistan davamlı sülhə nail olmaq üçün ilk növbədə, konstitusiyasında və qanunvericilik bazasında Azərbaycana qarşı ərazi iddiaları təsbit olunmuş maddələrə hüquqi xitam verməlidir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
cebheinfo.az

1Mənbələr