AZ

O’Brayenin Bakıya “ikibaşlı” səfəri

Sülh sazişinə görə gəlir, yoxsa “Azərbaycanın insan hüquqları üzrə beynəlxalq öhdəliklərinə sadiq qalmasını” sorğulamağa?

ABŞ-ın Avropa və Avrasiya üzrə baş diplomatı Ceyms O’Brayen ikitərəfli münasibətlərin möhkəmləndirilməsini müzakirə etmək və Vaşinqtonun sülh prosesinə sadiqliyini vurğulamaq üçün Azərbaycana gəlir. 

“Turan”ın Vaşinqton müxbiri Dövlət Departamentinə istinadən xəbər verib ki, dövlət katibinin köməkçisi Ceyms O’Brayen Bakıda “ABŞ-Azərbaycan ikitərəfli münasibətlərində irəliləyiş və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinə dəstəyini vurğulamaq” üçün Azərbaycanın yüksək vəzifəli hökumət rəsmiləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

O, həmçinin Azərbaycanın insan hüquqları üzrə beynəlxalq öhdəliklərinə sadiq qalmasının vacibliyini bir daha bəyan etmək üçün vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək.

O’Brayen bu yaxınlarda İrəvan səfərindən qayıdıb və burada Ermənistanla strateji dialoqa rəhbərlik edib və ölkə liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

O’Brayen  Azərbaycana münasibətdə birmənalı mövqeyi olmayan ABŞ məmurlarındandır, bir müddət əvvəlki açıqlamaları ilə iki ölkə arasında münasibətlərdə gərginlik də yaratmışdı. Əslində ABŞ Dövlət Departamentində sülh prosesini izləyən Qafqaz üzrə müşaviri var və o da bugünlərdə Bakıda olmuşdu. ABŞ rəsmisinin vətəndaş cəmiyyətinin üzvlərini qəbul etməsi də diqqət çəkir. Çünki adətən bu adamlar xüsusi seçilir və heç də obyektiv mövqe sərgiləmirlər.

fikret.jpeg

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, ABŞ dünyada özünün iqtisadi və hərbi hegemonluğunu qoruyub saxlamaq üçün Avrasiya məkanında kiminsə ondan önə keçməsinə imkan verməməlidir. Bu, Birləşmiş Ştatların uzun müddətə hesablanmış xarici siyasətinin ana xəttidir. Ona görə də Birləşmiş Ştatlar Avrasiya regionunun bütün məkanlarında - Cənubi Qafqazda, Ukraynada, Rusiyada, Orta Asiyada öz mövqeyini qoruyub saxlamaq və möhkəmləndirmək uğrunda mücadilə edir. Rusiya-Ukrayna müharibəsinin də kökündə həmin maraqlar dayanır. Bu müharibədə nə Rusiya, nə də Ukrayna qalib gələ bilməz. Bu müharibədə hər iki tərəf sona qədər zəifləyib, sonda ABŞ-dan asılı vəziyyətə düşməlidir. Ukrayna onsuz da müharibə başlamazdan öncə ABŞ-ın təsirində olan bir dövlət idi. İndi isə Ukrayna tam olaraq ABŞ-dan asılı vəziyyətə düşmüş bir dövlətə çevrilib. ABŞ Ukraynanın əli ilə Rusiyanı da özündən asılı vəziyyətə salmaq siyasəti yeridir. Bu səbəbdən Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyi haqqındakı fikirlər cəfəngiyyatdır. Bu, uzun illər ərzində davam edəcək, üzücü bir müharibə olacaqdır. Onun nə vaxt bitməsinə isə ABŞ qərar verəcək.

ABŞ-ın Cənubi Qafqaz siyasəti formaca başqa olsa da, mahiyyət etibarilə Rusiya-Ukrayna müharibəsinin hədəfləri ilə eynidir. Birləşmiş Ştatlar Ermənistanı öz tərəfinə çəkib, ermənilərin əli ilə Rusiyanı bu bölgədən uzaqlaşdırmaq, Azərbaycanla Gürcüstanı isə özünün təsir dairəsinə salmaq siyasətini aparır. Əgər ABŞ Cənubi Qafqaz üçün sərgilədiyi bu siyasəti “sülh” yolu ilə reallaşdıra bilməsə, o halda Ağ Ev bölgədə Ermənistanın əli ilə Rusiyaya qarşı yeni bir müharibənin başlamasına rəvac verəcək və bu yolla bölgədə öz planlarını reallaşdırmağa qalxacaqdır. Bütün bu söylədiklərimiz nə qədər qəribə səslənsə də reallıqdır. Çünki bu yol ABŞ-ın Avrasiya və onun ən maraqlı bölgəsi olan Cənubi Qafqaz üçün müəyyən etdiyi strategiyaya tam uyğun bir yoldur. 

Dünyada öz hegemonluğunu qoruyub saxlamaq və daha da möhkəmləndirmək üçün Birləşmiş Ştatlara Avrasiya məkanında daha çox resurslara və daha çox kommunikasiyalara nəzarət etmək lazımdır. Şərqlə Qərbi birləşdirən ən qısa quru yolunun Cənubi Qafqazdan keçməsi isə, bu bölgəni böyük güclər üçün yetərincə maraqlı edir. Birləşmiş Ştatlar Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsi ilə barışmaq istəməyəcək. Rusiya, Türkiyə, İran və Azərbaycan isə ABŞ-ın bu dəhlizə nəzarəti ələ keçirməsinin əleyhinə çıxış edirlər. Bu səbəbdən bölgəmizdə vəziyyətin sabit olacağına heç bir təminat yoxdur. ABŞ rəsmilərinin tez-tez Azərbaycana və Ermənistana səfərləri də sülh müqaviləsi ətrafında çağırışlar da, hətta insan haqları kimi məsələlərin gündəmə gətirilməsi də eyni məqsədə xidmət edir. ABŞ bölgədə istəyinə nail olmaq üçün mümkün olan və olmayan bütün alətlərdən yararlanmağa çalışır".

Azərbaycan

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, etimad və etibar məsələsini bərkitməyə xidmət edə bilər: “Son bir neçə ayda ABŞ Dövlət Departamentinin müxtəlif səviyyəli məmurlarının Cənubi Qafqaza səfərləri intensiv hal alıb. Eyni zamanda səfərlər müddətində onların çıxışlarındakı ritorikalarda da dəyişiklik var. Yəni əvvəllər Departament təmsilçiləri İrəvandan yalnız bir tərəfin mənafeyini əks etdirən bəyanatlar səsləndirirdisə , hazırda hiss olunan odur ki, verilən bəyanatlara, ifadələrə daha diqqətli yanaşırlar. Çünki birtərəfli bəyanatlarla Azərbaycanı narazı saldıqlarını danışıqlar prosesində özlərinin etibarının itirəcəklərini görürdülər. O səbəbdən O’ Braynın Bakı səfəri düşünürəm ki, etimad və etibar məsələsini bərkitməyə xidmət edə bilər. Seçki ərəfəsində Ağ Ev administrasiyası Cənubi Qafqazla bağlı problemləri həlli istiqamətində daha çox işlər görməyə, eyni zamanda Rusiya faktorunu daha da zəiflətməyə çalışacaqdır. Azərbaycanda O’Brayn keçirəcəyi görüşlərdə bu istiqamətdə təkliflərini yəqin ki, səsləndirəcək və yaxın zamanlarda sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar aparacaqdır. Hazırda vəziyyət o situasiyaya keçib ki, bu məsələdə Ermənistana sonuna qədər etibar edilmir. Çünki Rusiya faktoru ilə bağlı rəsmi İrəvan hələ də ona təklif olunmuş yol xəritəsi üzrə getmir, yaxud getmək istəmir. Ona görə də, Azərbaycanla danışıqlar, sülh müqaviləsi şərtlərinin müzakirəsi, nəticədə bu yolda uğurlu bir nəticənin alınması ABŞ-a Rusiya məsələsində Ermənistana əlavə təzyiqlər imkanı verə bilər. Çünki hazırda Ermənistan bütün dünyaya Azərbaycanın müharibəyə hazırlaşdığı və bunun qaçılmaz olduğu barədə dezinformasiyalar yaymaqla məşğuldur. Bu hal isə tərəflər arasında hazırda sülh müzakirələrinə mane olur və rəsmi İrəvana Rusiya və Qərb arasında manevrlər etmək şəraiti yaradır. Bu isə Qərbi qane etmir. Bütün hallarda bu gün sülh müqaviləsinin imzalanması istiqamətində müsbət irəliləyişlərin olması Ermənistandan çox regionda nüfuzu baxımından ABŞ-a lazımdır. O səbəbdən hesab edirəm ki, O’Brayn əvvəllər dediklərinə, yaxud şəxsi düşüncəsinə baxmayaraq hazırda Azərbaycanla, regionda sülhün davamlı olması istiqamətində daha obyektiv mövqedə olmağa məcburdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
musavat.com

1Mənbələr