AZ

Dünyada ən çətin peşə - So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Aqşin Kərimov, siyasi təhlilçi:

- İranda prezidentliyə namizədlərdən 3-ü favoritdir, onlar Məhəmməd Qalibaf, Səid Cəlili və Məsud Pezeşkiandır. Məhəmməd Qalibaf praqmatik mühafizəkar, Səid Cəlili ultramühafizəkar, Pezeşkian isə reformistdir.

Hər üç namizəd İran ali rəhbəri Seyid Əli Xameneinin ideologiyası və xəttinə sadiqdir və onlardan birinin prezident seçilməsi belə ölkədə davam edən sərt məhdudiyyətlərin sürpriz yumşaldılmasına gətirib çıxaran deyil. Fərq daha çox iqtisadi-sosial proqramlarda görünür ki, bu da prezidentlik institutunun funksiyalarını özündə cəmləşdirir.

İranın xarici siyasətdə, o cümlədən, Yaxın Şərq regionundakı maraq və ambisiyalarından geri çəkiləcəyi gözlənilmir, prezident isə ümumiyyətlə bu məsələlərdə söz sahibi deyil.

Prezidentlik institutu sadəcə olaraq başqa dövlətlərlə əlaqələrdə iqtisadi dinamikanı qaldırmağa, Xarici İşlər Nazirliyi isə diplomatik-siyasi münasibətləri saxlamağa çalışır.

Son söz isə ali rəhbərin və nəhəng güc imperiyası yaratmış SEPAH-a məxsusdur. Hərçənd ki, artıq SEPAH ali rəhbər üzərində belə nəzarəti hiss edilməkdədir, bunun səbəbi Xameneinin mövqelərinin zəifləməsi və İran elitasında gərginləşən rəqabətdir.

Bu rəqabətdə əli güclənən qüvvə yalnız SEPAH-dır və o, prosesləri yönləndirən aktor kimi güclənib. Buna görə də, İranda prezidentlik kürsüsündə kimin əyləşməsi daxili və xarici siyasətdə sürprizlərlə nəticələnməyəcək.

Nəticə etibarı ilə SEPAH-ın filtrindən keçən proseslər yenə qalacaq. Ola bilər ki, uzağı gələcək prezident iqtisadi-sosial paketlərlə xalqın rəğbətini qazansın, amma İran kimi sanksiyalar tətbiq edilmiş, problemləri çox olan ölkədə buna necə nail olunacağı da sual altındadır.

Hansı namizədin prezident seçiləcəyinə gəlincə, fikirlər və mövqelər müxtəlifdir. Maraqlı burasıdır ki, bu zamana qədər favoritlər Cəlili və Qalibaf sayılırdısa, artıq İran ictimai-siyasi mühitində Pezeşkianın qalib gələ biləcəyi ehtimalları səslənir.

Burada mühafizəkarlarla islahatçıların rəqabəti gedir, amma mühafizəkarlar arasında da mövqelərin bir cəbhədə birləşdirilməməsi müşahidə edilir. Ən azından Cəlili və Qalibafın timsalında bunlar görünməkdədir. Bununla belə, İranda sərt xətt tərəfdarları elitada daha üstün mövqedədirlər.

 

Asif Nərimanlı, jurnalist:

- Azərbaycan Silahlı Qüvvələri "Global Firepower" portalının 2023-cü il üzrə retinq cədvəlində dünyada 57-ci sırada, Cənubi Qafqazda isə birinci sırada qərarlaşır. Bu portalın reytinq hesablamalarında bəzən subyektivliyə yol verildiyi də nəzərə alınmalıdır, çünki aktiv döyüş qabiliyyətinə görə ordumuz daha ön sıralarda olmalıdır.

Son 4 ildə çətin relyefdə aktiv döyüş aparmaqla ən qısa zamanda maksimum nəticə əldə ordu kimi Azərbaycan Silahlı Qüvvələri dünyada ilk sıralardadır, bəlkə də birincidir. II Qarabağ müharibəsinin dünyanın hərbi nəzəriyyələrini dəyişdirməsi də belə düşünməyə əsas verir. 44 günlük müharibədən sonra ABŞ da daxil olmaqla dünya ölkələri hərbi strategiyalarını yenidən nəzərdən keçirmək haqda düşünməyə başladı, çünki Azərbaycan Ordusunun tətbiq etdiyi taktikalar hərbi əməliyyatlar haqda streotipləri dəyişdirmişdi.

Bunu bir neçə nümunə ilə əsaslandırmaq olar.

Şuşa əməliyyatı: yüngül silahlarla - bıçaq və tapança ilə silahlanmış hərbçilərin qayalara dırmaşaraq şəhəri azad etməsi hərbi mütəxəssislər tərəfindən müasir hərb elminin prinsiplərinin alt-üst edilməsi kimi qiymətləndirilir. Misal üçün, israilli jurnalist Pyotr Lyukimson yazırdı ki, "İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə mənə belə dedi: "Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir".

Aypara taktikası: bu, qədim türk hərbi taktikasının müasir hərbə transformasiya edilməsi, düşməni çəmbərə alaraq, məhv edilməsi ilə nəticələndi.

Dron müharibəsi: müharibədə PUA-ların uğurla tətbiqi ağır hərbi texnikaların işə yaramadığını ortaya çıxardı və hava hücumundan müdafiə strategiyasına yenidən baxmağı şərtləndirdi.

Amerikalı mütəxəssislər "Birləşmiş Ştatların ordusu Qarabağ müharibəsindən nə öyrənə bilər" istiqamətində araşdırmalar aparıb. Derek Valtonun (Derek Walton - ABŞ ordusunun aviasiya zabiti, C-sUAS strategiyasının müəllifi), Kendall Qomberin (Kendall Gomber - ABŞ ordusunun kəşfiyyat zabiti), Metyu Ceymson (Matthew Jamison - ABŞ Hərbi Hava Qüvvələrinin zabiti) və Nikol Tomasın (Nicole Thomas - ABŞ ordusunun mülki əməkdaşı, PUA-lara qarşı mübarizə idarəsində strategiya və siyasət şöbəsinin rəhbəri) Azərbaycan Ordusunun 44 günlük müharibə təcrübəsinə əsaslanaraq, ABŞ ordusu üçün hazırladıqları strategiyası bu kontekstdə xüsusilə əhəmiyyətlidir. Almaniya ordusu (Bundesver) da Azərbaycan Ordusunun müharibə təcrübəsini öyrənib. Almaniyanın Hərbi və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi, polkovnik-leytenant Mixael Karl bildirirdi ki, Bundesver hazırda Azərbaycanın Qarabağda tətbiq etdiyi əməliyyat üsulları qarşısında müdafiəsiz vəziyyətdə qala bilər. Buna görə o, Almaniya ordusunun gələcək strategiyasını bu təcrübəyə əsasən müəyyən etməsini tövsiyə edib.

Azərbaycan ordusunun "Kukruznik"lərdən - AN-2 - istifadəsi də dünyanı heyrətə salan taktikalardan idi və hərb tarixinə yenilik kimi düşdü: naviqasiya sistemləri ilə təchiz edilmiş və pilotsuz təyyarəyə çevirmiş "Kukruznik"lər aşağı hündürlükdə uçur, onları vuran Ermənistan hava hücumundan müdafiə sistemləri yerlərini bəlli edir və PUA-larla məhv edilirdilər. Müharibədən sonra məlum oldu ki, "Kukruznik" taktikası 2013-cü ildə hazırlanıb, 7 il məxfi saxlanılan bu taktika nəticəsində müharibənin ilk günündə Ermənistanın HHM vasitələrinin 60 faizi məhv edilib. Amerikalı mütəxəssislər bu taktikanı Vyetnam müharibəsində istifadə olunan "Yırtıcı Veals" (Wild Weasel) və ya "Ovçu-Qatil" (Hunter-Killer) konsepsiyalarına bənzədirlər.

Bu gün 106 illiyini qeyd edən Azərbaycan Silahlı Qüvvələri dünyanın hərb elmini dəyişdirən ordudur.

 

Şəhriyar Məhərrəmov, "Abşeron" qrupunun rəhbəri:

- Futbol dünyada ən çətin peşədir. Amma sən bunu bacara bilsən, erkən yaşda istənilən peşə sahibindən qat-qat yüksək pullar qazanırsan.

Məsələ burasındadır ki, dünyada aparılan statistika göstərir ki, uşaqlıqdan futbol akademiyalarında bu idman növünə başlayanların maksimum 10 faizi peşəkar futbolçu ola bilir. 89-90 faizi ya erkən zədə səbəbindən uzaqlaşır, ya da peşəkar səviyyəyə qalxa bilməyib futbolu atır.

Hazırda istər milli komandalarda, istər azarkeşlik etdiyimiz klublarda gördüyümüz futbolçular milyonlarla uşağın içindən çıxan həmin 10 faizdir.

Avropada imkanlı ailələr uşaqlarını nadir hallarda futbola qoyurlar. Çünki bu 10 faizin içinə düşmək çətin olduğunu bilib, uşaqlıqdan elmə yönəldirlər ki, gələcəkdə bir lazımlı peşə sahibi olsunlar.

Avropaya köçən miqrantlar isə kasıb yaşadıqları üçün yalnız futbol ilə ailəyə yüksək pullar gələcəyini düşünüb uşaqları futbola qoyurlar.

Yəni bir 17 yaşında uşaq hansı peşədə ilinə milyonlar qazana bilər?

Yalnız futbolda.

Bu səbəbdən Fransa millisində əksəriyyəti zəncilərdi.

"Real"ın futbolçusu Kamavinqa müsahibəsində belə deyib:

- Anqoladan Fransaya köçüb gələndə atam mənə dedi ki, bu ailənin gələcəyi səndən aslıdır. Elə bir peşə öyrən ki, tezliklə ailəyə pul gətir. Və beləcə Kamavinqa 17 yaşında Fransa millisində oynayırdı.

Yəni güclü futbolçular kefdən, komfortdan, şəraitdən deyil, əksər hallarda maddi ehtiyacdan yaranıb. Əksər braziliyalı ulduzlar buna misaldır.

Braziliyada ağır maddi sosial vəziyyətən çıxıb yaxşı yaşamaq üçün gecə-gündüz məşq edib olublar ulduz.

Kristianu Ronaldonun özü belə ağır maddi vəziyyətdə böyüyüb.

 

Elxan Şahinoğlu, politoloq:

- Rusiya rəsmiləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın itirilməsinə görə Moskvanı günahlandırmasına qəribə cavablar veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Armen Qriqoryan öz əraziləri (?!) uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb. Mariya Zaxarova guya Qriqoryanı hədəf alıb, ancaq əslində Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər söyləyib. Onun sonrakı cümləsi də bundan xəbər verir: "Ermənilər bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?" Zaxarova açıqlamasıyla Azərbaycan torpaqlarını işğal edənlərdən qəhrəman obrazı yaradıb.

Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını təklif edən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də müəmmalı açıqlama verib. Karasin Armen Qriqoryanın açıqlamasının həqiqətə uyğun olmadığını belə izah edib: "Qriqoryan bu məsələ ilə bağlı erməni siyasətçilərinin açıqlamalarıyla tanış olmalıdır. Erməni siyasi xadimlərinin, o cümlədən, yüksək rütbəli rəhbərliyin qeydlərinə və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Armen Qriqoryan həmin qeydləri oxusun". Karasin hansı çıxışları və qeydləri nəzərdə tutub? Görünür, Karasin demək istəyib ki, Rusiya Qarabağın işğal altında və separatçıların nəzarəti altında qalması üçün əlindən gələni etməyə çalışıb, ancaq işləri qərbpərəst Baş nazir Nikol Paşinyan korlayıb.

 

Yeganə Hacıyeva, politoloq:

- Avropa lttifaqı liderləri istefa verən Borrelin yerinə Estoniyanın Baş naziri Kaya Kallasın təyin edilməsinə razılaşıblar.

Avropa İttifaqı Kaya Kallasın   Rusiya ilə bağlı məsələlərdə radikallığını nəzərə alıb, onu bu vəzifəyə namizədliyini bilərəkdən irəli sürülüb.

Kallasın ailəsi SSRİ-də repressiyaya məruz qalmış ailələrdəndir və o, uşaq ikən anası və nənəsi Sibirə sürgün edilib və geri qayıtmayaraq orda dünyasını dəyişiblər.

Odur ki, Rusiya ilə bağlı məsələlər onun həm də uşaqlıq travmasıdır.

Korrupsioner və erməni lobbisinin pultu ilə idarə olunan Jozef Borrelə gəlincə isə o, yenidən Avropa Parlamentinə qayıtmağa hazırlaşır.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
525.az

1Mənbələr