AZ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı dövlət siyasətinin prioritetini təşkil edir

İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmişdir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmiş, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlmişdir. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olmuşlar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınmış, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılmışdır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlmiş, onların idarəetmədəki rolu artmışdır. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığının artması təsadüfi deyil, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində mümkün olub. 
Məlum olduğu kimi, hər bir dövlətlərin və cəmiyyətin gələcəyini müasir uşaqlar və gənclər təşkil etdiyindən onların fiziki və mənəvi inkişafı ön plana çəkilir.  Başqa sözlə, gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası uşaq və gənclərin sağlam böyüməsinə hesablanıb. Əlbəttə hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onların mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur. Elə bu səbədən sadalanan faktorların korrdinasiyalı şəkildə inkişafı xüsusi əhəmiyyət daşıyır. Sirr deyil ki, psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsi ilk olaraq ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir.Bu mənada ilk növbədə hər bir valideyn məsuliyəti dərk etməlidir. Təbii ki, hər bir uşaq ilk növbədə ata-anasını ən ideal insan sayır. Əgər valideynlərdə fiziki qüsurlardan başqa hansısa çatışmazlıq olarsa, bu, uşağın psixologiyasına təsirsiz ötüşməyəcək. Məsələn, Ermənistan-Azərbaycan münaqişəsi zamanı mənfur düşmənlər tərəfindən uşaqlara qarşı edilən zorakılıq və qəddarlıq heç şübhəsiz ki, onların psixologiyasında silinməz iz qoyub. Yeri gəlmişkən xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar da az olmayıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardı. Haqqında Dövlət Komissiyasına əsir-girov götürüldüyü barədə məlumatlar daxil olmuş mülki şəxslərin 29 nəfəri uşaqlardı. Ermənistan bu uşaqların saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə indiyə kimi məlumat vermir. Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın əsir və girovluğundan azad edilmiş mülki şəxslərin 224-nü uşaqlar təşkil edib.
Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Bu böyük işlərin əsası Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider hələ ölkəmizə rəhbərliyinin birinci dövründə uşaq və gənclərin hərtərəfli inkişafına diqqət və qayğı göstərməklə gələcək inkişaf perspektivlərinə xüsusilə diqqət yetirirdi. Məhz bu dövrdə uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının yaradılması üçün həmin illər böyük işlər görülmüşdü.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə qısa müddət ərzində bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi. Uşaq və gənclərin hərtərəfli inkişafında bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirən Ümummilli Lider deyirdi: "Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq". Ümummilli lider Heydər Əliyevin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin daha da artırılması məhz bu məqsədə xidmət edirdi. Diqqət etsək, iqtisadi cəhətdən ən inkişaf etmiş güclü dövlətlərin, həm də dünyanın qabaqcıl idman dövlətləri kimi tanındığını görərik. Ölkəmizdə ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişafın yüksək tempi idman sahəsinin inkişafı üçün də geniş imkanlar yaradıb. Şübhəsiz, yalnız hərtərəfli inkişaf etmiş dövlətlərdə idman kimi böyük vəsait qoyuluşu tələb edən sahəni inkişaf etdirmək mümkündür.
Uşaq və gənclərin təhsil aldığı müəssisə və idmanla məşğul olduğu mərkəzlər də gənc nəslin düzgün tərbiyyə olunmasında mühüm rol oynayır. Valideynlərlə olduğu kimi müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar. Sevindirici haldır ki, son illər sadalananlarla bağlı bir çox irəliləyişlər müşahidə olunur. Təhsil sistemində aparılan uğurlu islahatlar, ölkəmizdə olimpiya hərəkatının geniş vüsət alması bunu deməyə əsas verir. Heç şübhəsiz ki, uşaqların təhsil almaları üçün yaradılan bu şərait onların fiziki və mənəvi baxımından cağlam böyüməsində müstəsna rol oynayır.  Ümumilikdə qeyd edilməlidir ki, uşaq və gənclərin düzgün tərbiyə olunmasında, onların mənəvi, psixoloji cəhətdən düzgün istiqamətləndirilməsində valideyinlərin və məktəblərin rolu paralellik təşkil edir. Nəzərə almaq lazımdır ki, uşağın cəmiyyətlə ilk tanışlığı onun məktəbə qədəm qoymasından başlayır. Bununla hər bir uşaq ailədə aldığı tərbiyəni cəmiyyətə daxil edir. Bu zaman onların tərbiyyəsi elə qurulmalıdır ki, fiziki və psixoloji sağlam uşaqlar vətənə layiqli övlad kimi böyüsünlər. Onu da qeyd edək ki, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Ölkəmizdə uşaqların sağlam, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Ümumilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm rolunu önə çəkərək deyib: "Əlbəttə, bizə qələbələr, çempionlar lazımdır və bu, bizdə var. Amma, eyni zamanda, bizə sağlam gənclər, sağlam millət lazımdır. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur".
Son illər ərzində idman sahəsində görülmüş işlərə nəzər salsaq, bu istiqamətdə böyük yüksəlişin şahidi olarıq. Olimpiya idman komplekslərinin, bir neçə böyük stadionun, idman zallarının inşası, onların arasında təxminən 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, eyni zamanda, Bakıda idman şəhərciyinin fəaliyyəti bu sahədə görülən irimiqyaslı işlərin nəticəsidir. İdmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması bu sahədə kütləviliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu komplekslərdə məşğul olan uşaq və yeniyetmələr həm sağlamlıqlarını möhkəmləndirir, həm də idman nailiyyətləri əldə edirlər.Təsadüfi deyil ki, Prezdent İlham Əliyevin sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edilib. Sənəddə gənc nəslin inkişafının və asudə vaxtının səmərəli təşkil edilməsi, sosial dəstəyin artırılmasından tutmuş  ölkənin bütün idarəetmə sahələrində təmsil olunmaları üçün hədəflər müəyyən edilib. Sirr deyil ki, Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdə rolu getdikcə artır. Gənclərin fiziki və mənəvi inkişafı məqsədilə yaradılan şərait, onlara aşılanan yüksək mənəvi keyfiyyətlər gənclərin hərtərəfli inkişaf etməsinə, fiziki və mənəvi cəhətdən kamilləşməsinə səbəb olur. Bu baxımdan sağlam və intelektual gənclərin yetişdirilməsi Azərbaycan dövlətinin parlaq gələcəyi üçün mühüm faktor hesab olunur.

Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
olaylar.az

1Mənbələr