AZ

"Ölüm hökmü bərpa olunmasa, silahlı cinayətlərin sayı artacaq" - Şəmsəddin Əliyev

Son zamanlar paytaxt ərazisində qeydə alınan cinayət hadisələri narahatlıq yaradır. Xüsusilə güllələnərək qətlə yetirilən polislər, ötən gün bir gəncin ölümü ilə nəticələnən hadisədən sonra cəmiyyətdə narahatlığı daha da artırıb.Bu istiqamətdə fikirlər də birmənalı deyil. Bəziləri düşünür ki, cəza tədbirlərinin sərtləşdirilməsinə, hətta ölüm hökmünün bərpa edilməsinə ehtiyac var. Əks halda, bu cür cinayət hadisələrinin şahidi olmaqda davam edəcəyik.

Ötən günlərdə deputat Ceyhun Məmmədov da Milli Məclisdəki çıxışında Xəzər rayonunda 3 polis əməkdaşının axtarışda olan cinayətkar tərəfindən qətlə yetirildiyini xatırladaraq bunları deyib: “İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”.

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev öncə xatırladıb ki, Azərbaycanda odlu silahın əldə edilməsi bir az əlçatmazdır. Onun sözlərinə görə, qanun hər adama odlu silahın verilməsinə icazə vermir:

“Əvvəlcə vətəndaşın sağlamlıq durumu, odlu silahdan istifadə etmək bacarığı öyrənilməlidir. Sağlamlıq vəziyyəti ilə bağlı müvafiq arayış təqdim olunmalıdır və bundan sonra müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yəni Daxili İşlər Nazirliyi bununla əlaqəli razılıq və ya icazə verə bilər.  Digər tərəfdən, həmin odlu silah əldə etmək istəyən vətəndaşın yaşadığı mənzildə onun saxlanılması üçün də müvafiq yer olmalıdır. Yəni digər şəxslər üçün əlçatan olmamalıdır. Daha çox Ovçular Cəmiyyətinin üzvü olan insanlar odlu silah əldə edirlər – qoşa lülə, tək lülə, hətta çoxlu patron tutumlu silahlar da əldə etmək mümkündür, qanunvericilik buna icazə verir.  Amma ondan təyinatı üzrə istifadə yalnız ov mövsümü ilə bağlıdır. Vətəndaşlar odlu silah əldə edəndə və o, qeydiyyata alınanda şəxsə bununla bağlı təlimatlar verilir. Vətəndaş şəhərdə gəzərkən silahı özündə daşımamalıdır, ona yalnız ova gedərkən silahdan istifadə etmək ixtiyarı verilir. Bu baxımdan düşünürəm ki, cəmiyyət arasında kifayət qədər maarifləndirmə işi aparılmalıdır. Xatırlayırsınızsa, Daxili İşlər Nazirliyi yaxın zamanlarda ardıcıl olaraq əhaliyə çağırışlar etdi, hətta amnistiya elan etdi ki, kimdəsə qanunsuz saxlanılan odlu silahlar varsa, onları könüllü şəkildə ərazi üzrə polis orqanlarına təhvil verərsə, o, məsuliyyətdən azad olunur. Bunun nəticəsi də oldu. Amma müəyyən insanlar var ki, bu çağırışdan yayınırlar. Bunun üçün vətəndaşlardan da müvafiq məlumatlar daxil olmalıdır – belə hallar varsa, informasiya versinlər və şəxsi zərərsizləşdirsinlər”.

 

Ş. Əliyev bildirib ki, törədilən silahlı cinayətlərə görə cəza tədbirləri də sərtləşdirilməlidir:

 

“Təsəvvür edin, odlu silahla qətlə yetirənlərə 13 il azadlıqdan məhrum edilmə cəzası verilir. Bu, absurddur, qanunu ayaq altına atıb tapdalamaq deməkdir. Bu, vətəndaşın təhlükəsizliyinə, onun yaşamaq hüququna atılan bir güllədir. Ona görə də cəza sərtləşdirilməlidir –  ölüm hökmü bərpa olunmalıdır.  Bu insanlar bilməlidirlər ki, qatillik ölüm hökmünə dəhliz açır. Əks halda, belə silahlı cinayətlərin sayı artacaq. Cəmiyyətin normal inkişafı, vətəndaşların normal yaşamaq hüququnu, fundamental universal hüququnu təmin etmək üçün mütləq mənada ölüm hökmünə ehtiyac var. Bu, cəmiyyətin artan təzyiqini aşağı salan, normallaşdıran bir həbdir. Biz bununla razılaşmalıyıq. Ya gərək cəmiyyət ideal bir cəmiyyətə çevrilsin, insanların təfəkkürlərində renesans dövrü yaşansın, ya da gərək ölüm hökmü bərpa olunsun”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
gundem.az

2Mənbələr