AZ

Bu gün Həsən bəy Zərdabinin doğum günüdür

 Bu gün Azərbaycanın milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür.

Missiya.Az xatırladır ki, Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.

Həsən bəy ilk təhsilini Zərdab kəndində, mədrəsədə alıb. O, burada ərəb və fars dillərini öyrənib. 1852-ci ildə Şamaxıda açılan rus dilli dünyəvi məktəbə gedib, 1861- ci ildə oranı əla qiymətlərlə bitirib. Daha sonra dövlət təqüdü ilə Moskva Universitetinin Fizika-Riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil almağa gedib.  Həsən bəy 1865-cil ildə universiteti fərqlənmə diploma ilə bitirib. Ali təhsil ocağının rəhbərliyi onu universitetdə elmi iş üçün saxlamaq qərarı versə də Həsən bəy razı olmur, xalqına, millətinə xidmət etmək məqsədilə Azərbaycana qayıdır.

Bakıya gələn Həsən bəy burada təbiət elmi üzrə müəllim işləyib, bununla da onun həyatında yeni dövr - maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır.

O, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyət-xeyriyyə” yaradıb. Publisist həm də Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M.F.Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulub.

1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük köməklik göstərib. 

Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün hökumətə müraciət edir. Bununla əlaqədar böyük mütəfəkkir İstanbuldan mətbəə ləvazimatı, çap hərfləri gətizdirib və xeyli zəhmətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olub. Bununla da Azərbaycan milli mətbuatının əsası qoyulub. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.

"Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunmuşdur. Lakin 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur olub. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynayıb. 

Zərdabi ölümünə yaxın iflic keçirib. Lakin o, ömrünün sonuna qədər “Kaspi” qəzetindəki vəzifəsini davam etdirib. 28 noyabr 1907-ci il tarixində vəfat edib. 

Dahi publisist, mətbuatımızın yaranması və inkişafına töhfələr verən, əvəzsiz xidmətləri olan Həsən bəy Zərdabi dəyərli "inci" nümunəmiz olan "Əkinçi" də yazdığı bu misralarla xatırlnır:

"Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır".  

Allah rəhmət eləsin.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
missiya.az

2Mənbələr