AZ

Qarabağ və Şərqi Zəngəzurdan işıq yayılacaq

Azərbaycanda "yaşıl enerji"nin potensialı böyükdür

 Əks halda heç bir investor bizə yaxın düşməzdi

Azərbaycanın yaşıl enerjisinə bir çox ölkələr, o cümlədən ABŞ, Avstraliya maraq göstərir. Təkcə Almaniya Azərbaycanın bərpaolunan enerji mənbələrinə təxminən 1 milyard dollar sərmayə yatırmağı planlaşdırır



  Dünya gündəmini zəbt edən əsas mövzulardan biri qlobal iqlim dəyişikliyidir. Çünki ölkələrin enerji istehsalı ciddi planetar istiləşməyə səbəb olur. Mövcud vəziyyətin katastrofik hal ala biləcəyindən ehtiyatlanan təşkilatlar enerjiyə tələbatın təbiətə zərər vurmadan ödənilməsinin vacib olduğunu bildirirlər. Elə bu səbəbdən dünya ölkələri karbon emissiyalarının azaldılması yönündə mübarizəyə başlayıblar. Alimlər yeganə çıxış yolunu "yaşıl enerji"yə keçiddə görürlər. Proqnozlara görə, 2030-cu ilədək bərpaolunan enerji mənbələrindən alınan elektrik enerjisi dünya üzrə istehsalın 65 faizini təşkil edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyi bildirib ki, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi "yaşıl enerji" mənbələrindən əldə ediləcək. İlk növbədə günəş və külək enerjisi hesabına elektrik enerji istehsalında sürətli artımın olacağı proqnozlaşdırılır. Dünyada karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə Azərbaycan da öz ciddi dəstəyini göstərməkdə, genişmiqyaslı təşəbbüslərə öz töhfəsini verməkdədir. Azərbaycan böyük bərpaolunan enerji potensialına malik ölkədir və hazırda alternativ enerjiyə uğurlu keçidin nümunəsidir. 

"Qarabağda 10 min meqavata yaxın bərpaolunan enerjinin istehsalı mümkündür"

  Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlılığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi müstəvisində yanaşır. Aparılan təhlillərə əsasən, işğaldan azad edilmiş ərazilərdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş-elektrik enerjisinin istehsalı mümkündür. Bərpaolunan (külək, günəş, su, biokütlə və s) və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvandan sonra ikinci yerdədir. Burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovatsaat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 4000 MVt-dan çoxdur. Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Xüsusilə Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir. 10 min kvadratkilometr ərazini əhatə edən "yaşıl enerji zonası" 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisilə zəngindir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. 

"Dağlıq ərazilərdə külək enerjisinin potensialı 500 meqavat həddindədir"

  Mütəxəssislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir, “yaşıl texnologiya”ların tətbiqinə üstünlük verilir. Qarabağda külək enerjisinin istehsalı da planlaşdırılır. Regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Kəlbəcər və Ağdərə rayonlarında geotermal və günəş enerjisi, Laçın, Qubadlı və Zəngilan rayonlarının hidro-enerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatları müəyyənləşdirilir. 2050-ci ildə bu ərazilərin sıfır tullantılı zonaya çevrilməsi baş verəcək. Azərbaycan bərpaolunan enerji sahəsində Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonasına çevirməyi, Böyük Britaniyanın BP şirkətinin birbaşa xarici sərmayədar qismində çıxış etdiyi Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının işə salınmasını, SOCAR-ın ölkə ərazisində müəssisələrdə təbii qazdan istifadənin azaldılması üçün elektrik kabellərinin dəniz platformalarına birləşdirilməsi üzrə layihəsini, eləcə də Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabelin tikintisi layihəsini həyata keçirməyi planlaşdırır. Eyni zamanda BP və KBR (Böyük Britaniya), “Masdar” (BƏƏ) və “Equinor” (Norveç) kimi beynəlxalq şirkətlərlə əməkdaşlıqda hidrogenin istehsalında perspektiv texnologiyalara dair diskussiyalar aparılır. Söhbət dənizdəki külək turbinlərindən alınan elektrik enerjisindən istifadə etməklə yaşıl hidrogenin, eləcə də dənizdən hasil olunan təbii qazdan alınan mavi hidrogenin istehsalından gedir. 

"Günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur"

  İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib. Kəlbəcər və Laçında yerləşən kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması proseduru aparılır. Bunun üçün Qətərdə yerləşən “Global Carbon Council” və İsveçrədə yerləşən “Gold Standard” qurumlarına müraciət edilib. 7 kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində il ərzində 45-50 min ton karbon dioksid qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulub. 

Bərpaolunan enerji mənbələrinin potensialı və ixrac potensialı…

  Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir. Avropa İttifaqının Yaşıl həftəsi çərçivəsində Dayanıqlı Dəyərlər Mərkəzinin keçirdiyi görüşdə “Wind Europe”un siyasət üzrə baş direktoru Pyer Tardye bildirib ki, Azərbaycan xüsusilə külək enerjisi və yaşıl hidrogen sahələrində rəqabətdə üstünlüyə malikdir. Ekspertlərin proqnozlarına görə, artıq 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin Azərbaycanda elektrik enerjisi sistemində payı 30 faizə çatacaq. Azərbaycanın yaşıl enerjisinə bir çox ölkələr, o cümlədən ABŞ, Avstraliya maraq göstərir. Təkcə Almaniya Azərbaycanın bərpaolunan enerji mənbələrinə təxminən 1 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Azərbaycanda bərpaolunan enerji bazarlarının inkişaf perspektivləri həm külək enerjisi sahəsində, həm də günəş generasiyası, hidroenergetika və digər yaşıl enerji sahələrində müxtəlif layihələrin icrası üçün müvafiq təcrübəyə malik bir çox şirkətlər qarşısında imkanlar açır. 

"7 200 MVt-dan çox günəş, 2 000 MVt-adək külək enerjisi əldə etmək mümkündür"

  Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bugünədək ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 250-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 1 000 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2 500-ə yaxın LED lampalarla təchiz olunub. Günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, habelə “ağıllı dayanacaq”lar, elektrik doldurma məntəqələri quraşdırılıb. Onun sözlərinə görə, bu ərazilər bərpa olunan enerji mənbələri ilə olduqca zəngindir: “İşğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-adək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. BP şirkəti ilə imzalanmış İcra Müqaviləsinə əsasən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə “Şəfəq” GES layihəsinin tikintisi üzrə işlər davam etdirilir. Bununla yanaşı, “China Gezhouba Group Overseas Investment” və “Nobel Energy” şirkətləri ilə imzalanmış müqavilələr də işğaldan azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur". 

"2027-ci ildən Avropa İttifaqı ölkələrinə öz “yaşıl enerji”mizi çıxaracağıq"

  Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurdakı alternativ mənbələrdən əldə edilən enerji hesabına, enerji təminatını və istehlakını həyata keçirəcək. Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə işlər davam etdirilir: “Bu ilin yanvar-fevral aylarında Azərbaycanda günəş enerjisinin istehsalı 6 dəfə artıb və 50,2 MVt-dən artıq günəş enerjisi istehsal olunub. Bərpa olunan mənbələrdən enerji istehsalında artımlar var. Bu artımlar Azərbaycan üçün 2030-cu il hədəflərinə nail olunması baxımdan vacibdir. Yəni Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 faizini “yaşıl enerji” hesabına ödəmək niyyətindədir". Deputat qeyd edib ki, digər tərəfdən bu, Azərbaycan üçün “yaşıl enerji”də ixrac imkanları deməkdir: “2027-ci ildən Azərbaycanın Avropa İttifaqı ölkələrinə öz “yaşıl enerji”sini çıxaracağı gözlənilir. “Yaşıl enerji” ixracının artması Azərbaycan üçün ixracın şaxələndirilməsi və enerji ixracının strukturunun keyfiyyətcə dəyişməsi baxımından vacib bir addımdır”. 

"Alternativ enerjiyə sahib ölkələr regionun söz sahibinə çevriləcəklər"

  İqtisadçı Fuad İbrahimli də vurğulayıb ki, Azərbaycan zəngin təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində operativlik nümayiş etdirir. Ekspertin sözlərinə görə, karbohidrogen ehtiyatlarımızdan olan neft-qazı iqtisadi dövriyyəyə cəlb etmişik. Bununla bağlı tranzit xətlərimiz var və kifayət qədər təcrübəli dövlətə çevrilmişik: "Amma müasir dövrün qaçılmaz tələbi sayılan "yaşıl enerji" ilə bağlı da tərəfimizdən vaxtında addımlar atılır. Əslində, Azərbaycanda uzun müddətdir tükənməz, yaxud bərpaolunan enerjinin yaradılması, külək, günəş, dağ çayları və digər təbii resurslar üzərində qiymətləndirilmə əməliyyatı aparılıb. Xəzər dənizi hövzəsindən tutmuş işğaldan azad olunmuş ərazilərədək "yaşıl enerji"nin imkanları araşdırılıb. Artıq bu sahədə Azərbaycana investisiyalar yatırılır. Bir müddət öncə Qarabağda regionun ən böyük günəş enerjisi stansiyasının açılışı baş tutdu. Bakı Enerji Həftəsində 5 milyard dollarlıq investisiya layihəsinin imzalanması reallaşdı. Bunlar onu göstərir ki, Azərbaycanda "yaşıl enerji"nin potensialı böyükdür. Əks halda heç bir investor bizə yaxın düşməzdi. Proqnozlara görə, 150 qiqavatdan çox alternativ enerji mənbələri müəyyənləşdirilib. Bura Xəzər dənizi hövzəsi, eyni zamanda işğaldan azad olunmuş torpaqlarımız da daxildir. Şübhə yox ki, gələcəkdə alternativ enerjiyə sahib olan ölkələr öz bölgələrində söz sahibinə çevriləcəklər". 

İsmayıl Qocayev

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
sherg.az

2Mənbələr