AZ

Qərbi Azərbaycana qayıdış – Diasporun bu istiqamətdə rolu

Qarabağda 30 ilə yaxın davam edən erməni işğalını sonlandıran Azərbaycan, müxtəlif dövrlərdə riyakarcasına qəsb edilmiş tarixi torpaqlarını da düşmənə buraxmaq niyyətində deyil. 

Bu istiqamətdə 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycandan alınaraq Ermənistana verilən Zəngəzur və Göyçə mahallarından 80-ci illərin sonlarına doğru etnik Azərbaycan türklərinin qovulması nəticəsində öz vətənlərindən didərgin düşmüş insanların yenidən qayıtması ilə bağlı müxtəlif işlər görülür. 

Statistikaya görə, ötən əsrin əvvəllərindən bəri təxminən 1 milyona yaxın qərbi azərbaycanlı Göyçə, Zəngəzur, Dərələyəz kimi mahallardan müxtəlif vasitələrlə qovulub və deportasiya edilib. Hazırda bir zamanlar əhalisinin ən az 50 faizini təşkil etdiyi Ermənistanda Azərbaycan türkləri demək olar ki, yoxdur. 

Bu tarixi ədalətsizliyin bərpa olunması müstəqil Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biridir. Bu mövzuda əsas fəaliyyət istiqamətlərindən biri də tarixi torpaqlarımızın və oradan qovulmuş azərbaycanlıların başına gətirilən müsibətlərin və onların tarixi qayıdış hüququnun dünya ictimaiyyətinə çatdırılmasıdır. Sözügedən məsələdə xaricdə olan diaspor təşkilatlarının fəaliyyəti olduqca önəmlidir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin əslən qərbi Azərbaycandan olan deputatı, Qərbi Azərbaycan İcmasının üzvü, Hikmət Babaoğlu bildirib ki, Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası zamanı bir çox xarici ölkələrə, o cümlədən Avropa ölkələrində məskunlaşanların da sayı az deyil.  SEO Xidməti

Deputat qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətində tanıdılması baxımından diasporun olduqca ciddi vəzifə daşıdığını diqqətə çatdırıb:

“Əlbəttə, qərbi azərbaycanlıların etnik təmizləmə siyasətinə məruz qalması bütün Azərbaycan xalqının faciəsidir. Məsələ burasındadır ki, 1987-1991-ci illərdə bu proses baş verərkən, indiki Ermənistan, tarixi qərbi Azərabaycan torpaqlarından məcburi etnik təmizləmə siyasətinə məruz qalan insanların bir qismi də Azərbaycana deyil, müxtəlif ölkələrə üz tutdu. Amerika Birləşmiş Ştatlarından tutmuş, Avropaya, post-sovet məkanındakı respublikalara qədər hər yerə üz tutaraq, oralarda məskunlaşdılar. 

Ona görə də, hazırda qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlılarımız Azərbaycan diasporasının tərkib hissəsi kimi, elə məskunlaşdıqları ölkələrin vətəndaşları olmaqla, həm də qərbi Azərbaycanın təmsilçiləri kimi fəaliyyət göstərirlər. Bu mənada şübhəsiz ki, Azərbaycandan kənarda yaşayan bütün diaspora üzvlərimizin də üzərinə mühüm vəzifə düşür. 

Nəticə etibarı ilə qərbi Azərbaycana qayıdış ümumi bir çağırış və ümumilli bir məqsəddir. Ona görə də, kimin hansı ölkənin vətəndaşı olmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq, diaspora siyasətimiz vahiddir və vahid məqsədə xidmət edir. 

Bu mənada son dövrlərdə diaspora komitəsinin həyata keçirdiyi fəaliyyət, xüsusən, diaspor nümayəndələri arasında koordinasiyanın təmin olunması, milli vəzifələrimizin, qarşıda duran milli çağırışlarımızın onlar arasında izah olunması çox mühüm hadisədir”. 

Millət vəkili 44 günlük Vətən müharibəsindən sonra xaricdəki diaspor təşkilatlarının bir sıra ciddi nailiyyətlərə imza atdığını qeyd edib. Hikmət Babaoğlu həmçinin bildirib ki, qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına qayıtması Azərbaycan dövlətinin qarşısında duran mühüm hədəflərdən biridir:

“Əlbəttə, bu istiqamətdə əldə olunan nailiyyətlər də olduqca sevindiricidir. Çünki hər diaspora yaşadığı ölkənin ictimai rəyinin formalaşmasında xeyli dərəcədə mühüm rol oynayır. 44 günlük müharibədə də bunun şahidi olduq ki, xaricdəki diasporumuz müharibə ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynadılar. 

Azərbaycan prezidenti cənab İlham Əliyev də dəfələrlə qeyd edib ki, tarixi qələbəmiz yeni çağırışlar, prioritetlər müəyyənıəşdirib. Bu prioritetlərdən biri də qərbi Azərbaycana qayıdışdır. Ona görə də, diasporumuz heç şübhəsiz ki, bu məqsədlər ətrafında səfərbər olmalı, ilk növbədə bizim o ərazilərə qayıtmağımızla bağlı tarixi həqiqətləri, ixtisaslaşmış Avropa institutlarına mövqeyimizi tam dəqiqliklə çatdırmalıdırlar. İctimai rəydə Azərbaycanın haqlı mövqeyi ilə bağlı aydın təsəvvürlər formalaşdırmalıdırlar”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
yenisabah.az

1Mənbələr