AZ

Muzeydə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib » AzadMedia.az



Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsi və “Sübhnur”Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Canım Azərbaycanım!” adlı tədbir keçirilib. Tədbirdə hərbçilər, qazilər, ictimai xadimlər və muzey əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra muzeyin əməkdaşı Aynur Babayeva Milli Ordunun yaranması haqqında çıxış edərək bildirib ki, 106 yaşı olan Ordumuz ilk dəfə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə həyata keçirdiyi böyük işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlər olduğu bildirilib. A.Babayeva tədbirdə iştirak edən qaziləri və qonaqları bu əlamətdar gün münasibətilə təbrik edib, Allahdan onlara can sağlığı diləyib.
Sonra Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov çıxış edib. O, 26 iyun Silahlı Qüvvələr Günü və muzeydə yeni yaradılan Vətən müharibəsi fondu haqqında ətraflı məlumat verib. Ş.Mövsümov bildirib ki, bu kimi tədbirlər Azərbaycan hərb tarixinin təbliği və tədqiqində mühüm əhəmiyyətə malikdir.
Tədbirin təşkilatçılarından olan “Sübhnur” Tədris Mərkəzinin təsisçisi və rəhbəri Gülnarə Hüseynova çıxış edib və Muzeyin rəhbərliyinə öz təşəkkürünü bildirib. G.Hüseynova Mərkəzin fəaliyyətindən danışaraq qeyd edib ki, mərkəz tərəfindən mütəmadi olaraq Azərbaycanın əlamətdar tarixi günləri uşaqların iştirakı ilə təşkil olunub qeyd edilir. Bu kimi tədbirlərin keçirilməsi uşaqların, gənclərin vətənpərvərlik ruhunda yetişməsində, Azərbaycan tarixinin öyrənilməsində mühüm rola malikdir.

Daha sonra tədbirdə iştirak edən Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan mədəniyyət işçisi İradə Əlilli, qazilərimiz – Rüxsarə Cumayeva, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədr müavini Ramin Şirinov, Füzuli Hüseynov, Eldəniz Muradov, Kənan Quliyev və Səbuhi Əliyev çıxış ediblər. Onlar müharibədəki acı xatirələrini bölüşərək, Azərbaycan rəhbərliyinin və xalqının onlara göstərdiyi böyük dəstək və qayğı ilə əhatə olunduğuna görə təşəkkür ediblər.

Tədbir “Sübhnur” Tədris Mərkəzinin istedadlı uşaqlarının iştirakı ilə bədii hissə ilə davam edib. Uşaqlar vətənpərlik mövzusunda şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Sonra gənc muğam ifaçıları Mələk Məmmədova və Mirsahil Məmmədlinin ifasında musiqi nömrələri dinlənilib. Tədbirdə həmçinin 3 nömrəli Respublika Xüsusi İnternat məktəbinin sağlamlıq imkanları məhdud uşaqları tərəfindən çıxışlar olunub. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.

Onu da qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində hərb tariximizin şanlı səhifələrini əks etdirən unikal materiallar, eksponatlar qorunub, ekspozisiyada, eləcə də sərgilərdə nümayiş olunur.
Bu gün Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
azadmedia.az

2Mənbələr