AZ

Qərb Ukraynaya yeni “torba tikir” – Zelenskinin bir ay VAXTI QALDI

Ukraynanın ümumi borcları 6 trilyon 115 milyard 263,5 milyon qrivnaya çatıb. Bu isə ölkənin defolt vəziyyətə gəlməsini göstərir. Qeyd edək ki, bu borcların çox hissəsi xarici borclardır. 

Maraqlıdır ki, Ukraynanın beynəlxalq borcun restrukturizasiyası ilə bağlı kreditorlarla razılığa gəlməməsi səbəbindən defoltdan qaçmaq üçün bir ay vaxtı qalıb. Məsələ ilə bağlı danışan Ukraynalı nazir Sergey Marçenko bildirib ki, defoltdan qaçmaq üçün  təxminən 20 milyard dollarlıq xarici borcun ən azı bir hissəsini  bağlamaq lazımdır. Bu problemin həlli üçünsə Ukraynanın çox az vaxtı qalıb.

Müharibənin davamı üçün vacib şərt

Beynəlxalq maliyyə ekspertləri deyir ki, Ukrayna Rusiya ilə qarşıdurmanı davam etdirmək istəyirsə, kreditorlar və dövlət istiqrazlarının sahibləri ilə münasibətləri möhkəm olmalıdır. Əks təqdirdə təkcə hərbi cəbhədə yox, həm də iqtisadi sahədə çox böyük faciələr yaşana bilər.

Sirr deyil ki, Rusiyanın xüsusi əməliyyatı Ukraynaya milyardlarla dollara başa gəlib. Nəzərə alaq ki, müharibədən əvvəl də rəsmi Kiyevin bu sahədə vəziyyəti o qədər də ürək açan deyildi. 

Xatırladaq ki, Rusiyanın Krımı ilhaq etməsindən sonra 2015-ci ildə hökümət özəl korporasiyaların borcunu restrukturizasiya etmək məcburiyyətində qalmışdı. Ancaq indi ölkə müharibə səylərini maliyyələşdirmək üçün köhnə borc öhdəliklərini idarə edə bilmir. 

Vəziyyət olduqca ağırdır... 

Kiyev hərbi əməliyyatlarını davam etdirmək və Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün ona pul verən suveren və çoxtərəfli kreditorların maliyyə gözləntilərini qarşılamalıdır. Ukrayna 20 milyard dollarlıq özəl istiqraz buraxmaqla bu problemdən qismən yayınmaq istəyir. 

Nəzərə alaq ki, Pimco kimi Amerika institusional investorları səxavətli oldu və Moskvanın xüsusi hərbi əməliyyata başlamasından sonra borcların ödənilməsi tələblərini dayandırdılar. Lakin münaqişə gözlənildiyindən daha çox uzandı. Ona görə də Ukrayna avqustda ödənişləri bərpa etmək məcburiyyətindədir. 

Keçən həftə istiqraz sahibləri komitəsi Ukraynanın G7-nin təsdiq etdiyi ümumi borc xərclərini 60% azaltmaq və illik kupon ödənişlərini azaltmaq təklifini rədd etdi. Onlar Ukraynanı öz kapitallarını ölkədən geri çəkməklə hədələyirlər. 

Belə olacağı təqdirdə Ukrayna BVF-nin 15,6 milyard dollar maliyyələşdirilməsi üçün lazım olan borcun azaldılması hədəflərini əldən verə bilər.

Ukraynanın iki variantı var. 

Ya suveren kreditorlar borclarının restrukturizasiya edərək 2027-ci ilə qədər ödənişlərin dayandırılması üçün lobbiçilik etməlidirlər, ya da çıxış yolu görməyən Ukrayna defolt elan etməlidir.

İlk variant ağlabatan olsa da, müəyyən riskləri var. Çünki ödənişlərin gecikdirilməsi Ukrayna üçün potensial xərcləri artıracaq. Bundan əlavə, faizlər artacaq və ödənişlərin həcmi ilə bağlı danışıqların təxirə salınması çoxtərəfli və ikitərəfli kreditorların narahatlığını azaltmayacaq.

Ancaq defolt da çıxış yolu deyil. Belə olacağı təqdirdə bütün kateqoriyalardan olan kreditorlar narazı qalacaq və gələcək maliyyələşdirmə təhlükə altına düşəcək. Bu variantsa Ukraynanın hərtərəfli sonunu gətirəcək.

Qərb çıxış yolu axtarır

Ona görə mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün Qərb özü hərəkətə keçib. Belə ki, Aİ üzvü olan dövlətlər belə qərara gəliblər ki, Ukraynanın borclarının bir hissəsi Rusiyanın dondurulmuş aktivlərindən gələn faizlər hesabına ödənilsin. 

Halbuki daha əvvəl bəyan edilmişdi ki, Rusiyanın dondurulmuş aktivlərindən gələn faiz gəlirləri Ukraynaya yardım istiqamətində xərclənəcək. Hətta bu günlərdə İtaliyada keçirilən G7 ölkələrinin liderləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 50 milyard dollar ayırmağa razılaşdıqlarını demişdilər. Guya bu vəsait bu ilin sonuna qədər Kiyevə veriləcək. 

Nəzərə alaq ki, Rusiyanın Avropada 300 milyard dollardan artıq aktivi dondurulub. Ancaq Qərb Rusiyanın aktivlərinin dondurulması ilə kifayətlənmir. Bu aktivlərdən faydalanmaq da istəyir. Ona görə də bu faydalanmağa sadəcə “don geyindirmək” istəyirlər. 

Bunun üçün də ən yaxşı bəhanə Ukrayna faktorudur. Sözdə Qərb bəyan edir ki, aktivlərdən gələn faiz Ukraynanın silahlandırılmasına xərclənəcək. Reallıqsa odur ki, Qərb Rusiyanın aktivlərindən ilk növbədə Ukraynanın Avropa ölkələrinə və təşkilatlarına olan borcuna yönəltmək istəyir. 

Necə deyərlər, Rusiyanın pullarını yardım gözləyən Ukraynaya yox, öz ciblərinə ötürmək niyyətindədirlər...

Surxay Atakişiyev, Bizim.Media 


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
bizim.media

2Mənbələr