AZ

Sertifikasiyadan keçə bilməyən müəllimlərin sonrakı taleyi necə olur?

"Builki sertifikasiya imtahanlarında 4 030 müəllim keçid balını toplaya bilməyib.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Bəs sertifikasiyadan keçə bilməyən müəllimlərin sonrakı taleyi necə olur?

Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu "Operativ Media"ya açıqlama verib.

O bildirib ki, sertifikasiya bir dəfə keçirilir. Kəsilən müəllimə bir də şans verilir ki, növbəti dəfə sertifikasiyaya girsin:

"Məsələn, müəllim 30 bal yığmalıdır, ancaq 28  bal yığmış olur. Bu halda, təbii ki, maaş artırmı olmur, çünki 30-50 bal arası yığanda 10 faiz artım olur və ya 51-60  bal arası yığanda 35 faiz maaş artımı olur. 

Kəsilən müəllimə təkrar şansın verilməsi isə Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Müəllimə pulsuz şəkildə materiallar verilir, metodistlər tərəfindən dərslər keçirilir".

Ekspert vurğulayıb ki, müəllim növbəti dəfə sertifikasiya imtahanına girib yenə kəsilsə, bu zaman işdən uzaqlaşdırılır:

"Keçən il 743 müəllim sertifikasiyadan kəsilmişdi. Onların iki yüzə yaxınına vakansiya çıxdı. qalanlarına vakansiya çıxarılmadı. Bu halda dərslər həmin məktəblərdə dərs saatı az olan müəllimlər arasında bölüşdürüldü. Bu il kəsilən müəllimlərin hədsiz çoxdur - dörd minə yaxındır. Təbii ki, yenə də eyni qayda tətbiq olunacaq. Yerlərin böyük bir qismi vakansiyaya çıxarılacaq. Burada da üstünlük ibtidai müəllimlər təşkil edir və bu o deməkdir ki, ibtidai müəllimlərin işə qəbulunda müəyyən qədər balların aşağı olması gözlənilə bilər. Digər həmin müvafiq bal toplaya bilməyən müəllimləri dövlət birbaşa işdən uzaqlaşdırmır. Çünki orada həssas qruplar var. Elə adam var ki, məsələn, tək anadır, yaxud şəhid ailə üzvüdür. Dövlət onları məktəbdə başqa işlə, məsələn, katibə, kitabxanaçı kimi işlərlə təmin edir, sadəcə tədris prosesindən uzaqlaşdırılırlar. Əslində, həmin müəllimlər növbəti illərdə növbəti  MİQ imtahanına girib yenidən müvafiq nəticə toplayaraq özlərini doğrulda bilsələr, yenidən işləyə bilərlər".

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
operativmedia.az

1Mənbələr