AZ

Zubir hələ də gəlməyib - Kaşuk və Kadi ilə bağlı vəziyyət nə yerdədir?

2023/2024 mövsümünü "qızıl dubl"la başa vuran "Qarabağ" hazırlıqlarını davam etdirir.

Fanat.Az-ın məlumatına görə, Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti başa çatan Abdullah Zubir hələ də "köhlən atlar"ın məşqlərinə qatılmır.

Zubirin növbəti mövsümə Ağdam təmsilçisində başlamaq ehtimalı az olmasa da, o, agenti vasitəsi ilə hazırda digər klublarla da danışıq aparır. Düzdür, "Qarabağ" Mərakeş əsilli fransalı vingerə 2+1 illik müqavilə təklif edib və o, istirahətdən qayıdandan sonra anlaşmaya qol çəkəcəyini deyib. Lakin görünən budur ki, Abdullahın agenti onun yeni sözləşməyə daha sərfəli maddi şərtlər fonunda qol çəkməsi üçün oyunçunu tələsməməyə səsləyir. Başqa sözlə, Zubirin təmsilçisi "Qarabağ" rəhbərliyinin müştərisinə daha çox pul təklif etməsinə nail olmağa çalışır.

Yarımmüdafiəni gücləndirmək üçün 2022/2023 mövsümünü icarə əsasında "Sabah"da keçirən Aleksey Kaşukla da əlaqə saxlayan ağdamlıların onu rənglərinə bağlamaq ehtimalı real görünmür. Belə ki, 23 yaşlı ukraynalı yarımmüdafiəçi Azərbaycanda yox, daha ciddi perspektiv vəd edən çempionatlardan birində oynamaq istədiyini bildirib.

Kadi məsələsinə gəlincə, onun da "Qarabağ"dakı maaş limiti ilə hesablaşması vacibdir. 2023-cü ilin qışında "Krasnodar"a satılan və Rusiya klubunda arzulanan çıxışla yadda qalmayan braziliyalı ilə danışıqlar davam etdirilir. Yəni Kadi yalnız Azərbaycan klubunun ödəmək istədiyi əməkhaqqı ilə razılaşacağı təqdirdə, əvvəlki komandasına qayıda bilər.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
fanat.az

1Mənbələr