AZ

Aslan Kərimov: Ronaldo və komanda yoldaşları gürcülərlə oyuna ciddi yanaşmadılar

Aslan

Bakı, 27 iyun, AZƏRTAC

“Avropa çempionatı çox maraqlı keçir. Bəzi komandalar isə turnirə rəng qatırlar”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Aslan Kərimov Almaniyada keçirilən Avropa çempionatı ilə bağlı danışarkən deyib.

O, əvvəlki turnirlərdən fərqli olaraq, bu dəfə iddialı komandaların hər birinin pley-offa vəsiqə qazandıqlarını bildirib: “Əvvəlki dünya və Avropa çempionatlarında güclü yığmaların qrupda qaldığının şahidi olmuşuq. Lakin bu turnirdə belə bir hadisə yaşanmadı. Ümum götürsək, favoritlər qarşıya qoyulan ilk hədəfə çatdılar”.

Qrup mərhələsinin oyunlarını şərh edən 52 yaşlı mütəxəssis bəzi nəticələrin gözlənilməz olduğunu vurğulayıb: “Məsələn, E qrupunun ilk oyununda Belçikanın Slovakiyaya məğlub olacağını gözləmirdim. Hər kəs belçikalıların qələbə qazanacağını düşünürdü. Burada “qırmızı şeytanlar”ın qol şanslarını dəyərləndirə bilməməsi də rol oynadı. Almaniya millisinin son turda İsveçrəni məğlub edə bilməməsi də gözlənilməz oldu. Bunun yorğunluqla bağlı olduğunu düşünürəm. Qısa zaman ərzində üç oyun keçirmək futbolçular üçün çətindir. Komandanın heyətində Toni Kross kimi yaşı çox olan oyunçu var. Eləcə də sarı vərəqə limitində yer alan futbolçuların olması kollektivin çıxışına təsir etdi. Hətta almanlar cəzalı duruma düşən mərkəz müdafiəçisi Conatan Tanı da itirdilər”.

Azərbaycan millisinin sabiq üzvü qrup mərhələsində yalnız bir komandanın sürpriz etdiyini bildirib: “Gürcüstan seçməsinin bu cür oyunla qrupdan çıxması gözlənilməz oldu. Çünki onlar bütün matçlarda müdafiədə otururdular. Portuqaliya ilə matçda qazanılan qələbəyə gəlincə, fikrimcə, Kriştiano Ronaldo və komanda yoldaşları bu görüşə ciddi yanaşmadılar. Nəticədə gürcülər onları pley-off mərhələsinə çıxaran qələbəni bayram etdilər”.

A.Kərimov Türkiyə millisinin Avropa çempionatındakı çıxışına da toxunub: “Qardaş ölkə təmsilçisi qrupdan çıxsa da, hələlik göz oxşayan oyun nümayiş etdirmir. Yerli futbol ictimaiyyətinin komanda üzərində böyük təzyiq yaradıb. Bu, Çexiya yığması ilə matçda da hiss olundu. Çexlərin təqribən 70 dəqiqə azlıqda oynamasına baxmayaraq, “ay-ulduzlular” çətinliklə qələbə qazandılar. Türkiyə millisinin 1/8 finalda işi çətin olacaq”.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarına iyunun 29-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
azertag.az

1Mənbələr