AZ

Danimarka “iqlim meteorizmi”nə vergi tətbiq edən ilk ölkə ola bilər

Danimarka

Bakı, 27 iyun, AZƏRTAC

Danimarka hökumətinin yeni təklifinə əsasən, bu ölkə 2030-cu ildən etibarən heyvandarlıqla məşğul olan fermerlərdən inək, qoyun və donuzlarının atmosferə buraxdığı istixana qazlarına görə vergi tutacaq.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Danimarkanın vergilər naziri Yeppe Bruus 2045-ci ildə iqlim üzrə neytral ölkə olmaq yolunda böyük bir addım atılacağı qənaətindədir. O əlavə etdi ki, Danimarka dünyada kənd təsərrüfatına real CO2 vergisi tətbiq edən ilk ölkə olacaq.

Müvafiq qanun layihəsi Danimarka parlamenti - Folketinq tərəfindən təsdiqlənməlidir. Ölkənin ən böyük təbiəti mühafizə və ətraf mühit təşkilatı olan Danimarka Təbiəti Mühafizə Cəmiyyəti vergi razılaşmasını tarixi kompromis adlandırıb.

Danimarka Statistika Departamentinin son məlumatlarına görə, 2022-ci ilin iyun ayına qədər ölkədə 1,4 milyon inək var idi. Bu ölkədə saxlanılan tipik bir inək ildə təxminən 6 metrik ton CO2 ekvivalenti istehsal edir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, karbon dioksid adətən iqlim dəyişməsində roluna görə daha çox diqqət çəksə də, metan 20 il ərzində təxminən 87 dəfə daha çox istilik saxlayır. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) bildirir ki, heyvandarlıq məhsulları insanların yaratdığı metan emissiyalarının təxminən 32 faizini təşkil edir.

Yeni Zelandiya 2022-ci ildə Danimarkaya bənzər bir qanun qəbul etmişdi, lakin keçən il yerli heyvandar fermerlərinin etirazlarından sonra həmin sənədin hüquqi qüvvəsi dayandırıldı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
azertag.az

1Mənbələr