AZ

"Universitetlərdən xaricedilmələri sırf təhsil haqqı ilə bağlamaq düzgün deyil" - Deputat

2023-cü ildə ümumilikdə 8631 nəfərin ali təhsil müəssisələrindən xaric edilməsi geniş müzakirə yaradıb. Universitetlərdən xaricedilmə səbəbləri arasında təhsil haqqının ödənilməməsinin də olması daha çox diqqət çəkib. Bildirilir ki, hökumət bu istiqamətdə güzəştə getməli, proqramlar hazırlamalıdır.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da Pravda.az-a açıqlamasında deyib ki, 8 631 böyük rəqəmdir. 

 

“Parlamentdə keçirilən görüşdə də məsələyə geniş şəkildə toxundum. 8 631 nəfərin universitetdən xaric olunması sadə məsələ deyil. Bununla bağlı daha dəqiq statistika verilməlidir. Rəqəmlər açıqlanmalıdır ki, xaric edilənlər hansı universitetlərin tələbələridirlər və dəqiq səbəbi nədir. Səbəblərdən biri təhsil haqqıdır, amma nəzərə alsaq ki, artıq Azərbaycanda bu istiqamətdə xeyli işlər görülüb. Təhsil Tələbə Krediti Fondu var. Bu Fond vasitəsilə vəsaitlər əldə etmək olar. Kredit Fondu müəyyən tədbirlər görsə də, hesab edirəm, daha geniş təbliğat və maarifləndirmə həyata keçirməliyik. Eyni zamanda düzgün ixtisas seçiminin olmamasının, bir sıra hallarda valideynlərin də təsiri var. Son illər dövlət hesabına təhsilə ayrılan yerlərin sayı daha da artır. Dövlət bir sıra universitetlərdə, məsələn, Qarabağ Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində tam ödənişsiz təhsil almaq üçün imkan və şərait yaradıb. Bir sıra hallarda gənclər I, II, III kursu oxuyurlar, sonra isə universiteti tərk edirlər. Buna görə də xaricedilmələri sırf təhsil haqqı ilə bağlamaq düzgün deyil”, - deputat bildirib.

 

Aytəkin Qardaşova 

Tarix: 27 İyun 2024, 14:35   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
pravda.az

1Mənbələr