AZ

Aclığa başlayan DSX zabiti məhkəmə sədrini və hakimi ittiham edir - Vəkili Prezidentə müraciət etdi

Hazırda həbsdə olan Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik-leytenantı Məmmədov Eldar Vaqif oğlu Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovdan və adıçəkilən instansiyanın hakimi Həsən Əhmədovun qərarından narazadır. Bu bardə onun və vəkilinin Prezidentə, hüquq mühafizə orqanlarının rəhbərlərinə göndərdiyi məktubda qeyd olunur.

Şikayəti redaksiyamıza da göndərən DSX-nın keçmiş zabitibildirir ki, 22 il qüsursuz xidmət edib, onu qanunsuz olaraq həbs ediblər və verdiyi apellyasiya şikayətinə də obyektiv baxılmayıb. Ona görə də etiraz olaraq ölüm aclığına başlayıb

“Şəxsən Mübariz Əkbərov tərəfindən barəmdə qətimkan tədbirinin dəyişdirilməsinə, tam məhkəmə istintaqının aparılmasına və həqiqətin müəyyən olunmasına maneə yaradılır. Başıma hər hansı bədbəxt hadisə gələcəyi təqdirdə bunun səbəbkarı şəxsən onlar olacaqlar”, - deyə müraciətdə bildirilir.

Polkovnik-leytenant Məmmədov Eldar Vaqif oğlu CM-in 342.1-1-ci maddəsi (Maddə 342: Qulluğa səhlənkar yanaşma. 342.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə mühakimə olunub və Bakı Hərbi Məhkəməsinin 15.03.2024-cü il tarixli hökmü ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1il müddəttə tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Şikayətçi qeyd edir ki, cəza təyin edilərkən onun barəsində secilmiş ev dustaqlığı qətimkan tədbiri heç bir əsas olmadan hökmün icrası məqsədilə dəyişdirilib. Daha sonra Bakı Hərbi Məhkəməsinin sözügedən hökmündən apellyasiya şikayəti verilib və iş Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olub.

Şikayətçinin vəkili Vüqar Hacıyev bildirir ki, məhkəmə işə baxarkən bu maddənin yüngülləşdirici hallarını nəzərə almayıb: “Eldar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və birinci instansiya məhkəməsində iş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmadığı üçün məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədə vəsatətlər verilib. Vəsatətlərimiz əsaslandırılıb ki, E.Məmmədov barəsində seçilən həbs qətimkan tədbiri Cinayət Prosessual Məcəlləsinin heç bir tələbinə cavab verməməklə tamamilə qanunsuz və əsassızdır. Cinayət Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən həbs qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində yalnız cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq halları mövcud olduqda seçilə bilər. Lakin Eldar Məmmədov birinci instansiya məhkəməsində bütün məhkəmə iclaslarında iştirak etmiş, məhkəmədən gizlənməmiş, eyni zamanda cinayət işinin materiallarının saxtalaşdırılması ilə istintaqın gedişinə mane olması və cəmiyyət üçün təhlükəli olaraq qalması halı da olmamışdır.

Belə ki, E.Məmmədov Dövlət Sərhəd Xidmətində uzun illər qüsursuz xidmət göstərib, 2020-ci il Vətən Müharibəsi dövründə yüzlərlə hərbi qulluqçunun həyatını xilas edib, bununla bağlı bir cox təltiflər və medallar alıb. E.Məmmədovun törədilməsi iddia edildiyi cinayət, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Bununla bağlı hətta Avropa Məhkəməsinin təcrübəsinə də nəzər salsaq görərik ki, şəxsə qarşı hətta ağır cinayətə dair ittiham irəli sürülməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə müstəqil əsas deyil. Belə olan halda Eldar Məmmədov barəsində həbs qətimkan tədbirinin Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilməməsi onu deməyə əsas verir ki, sədrlik edən hakim Həsən Əhmədov işin nəticəsində maraqlıdır və iş üzrə zərər cəkən şəxsin şikayətlərindən cəkindiyi üçün ona xoş görsənmək və işin araşdırılmasını “yola vermək” niyyətindədir”.

Vəkil qeyd edir ki, cinayət işi üzrə dindirilən şahid ifadələri arasında əhəmiyyətli ziddiyyətlərin olması, eyni zamanda ittiham aktında zərərçəkən şəxsin irinli hemorragik pnevmaniya diaqnozu səbəbindən vəfat etdiyi göstərilib: “Tərəfimizdən Səhiyyə Nazirliyinə verilmiş sorğu nəticəsində belə bir diaqnoz növünün ümumiyyətlə olmadığı və iş üzrə həmin məktubun birinci instansiya məhkəməsində araşdırılmadığı, hətta Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasov tərəfindən həmin sübutun gizlədildiyi, ittiham hökmündə də həmin məktuba istinad etmədiyi barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədova bildirərək, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılması üçün məhkəmə baxışının məhkəmə istintaqı aparılması ilə keçirilməsinə dair yazılı vəsatət verdik. Amma Həsən Əhmədov hansısa sehirli qüvvənin təsiri ilə həmin vəsatəti təmin etmədən işi obyektiv araşdırmaqdan imtina etdi. Bu, 22 il Azərbaycan ordusunda qüsursuz xidmət etmiş bir zabitə qarşı yumşaq desək, hörmətsizlikdir”.

Vəkil vurğulayır ki, işin Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov tərəfindən araşdırılması günahsız insanın qanunsuz məhkum edilməsi, cinayətkarın isə heç nə olmamış kimi azadlqda qalmasına səbəb olacaq. O, hesab edir ki, Azərbaycan hərbçisinin taleyinin Həsən Əhmədov kimi hakimlərə həvalə edilməsi yolverilməzdir: “Yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 1-1(103)-26/2024-saylı işi öz nəzarətinizə götürməklə, həmin işin hakim Həsən Əhmədovun sədrliyindən alınaraq həmin məhkəmənin başqa hakiminə verilməsinə, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov barəsində ciddi intizam tədbiri görülməsi üçün aidiyyatı şəxslərə göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
azpolitika.info

3Mənbələr