AZ

Azərbaycan - İtaliya əməkdaşlığı tarixində yeni səhifə TƏHLİL

Prezident İlham Əliyev: "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsi əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir"

Dünya ölkələri sırasında İtaliya ilə Azərbaycan arasında olan diplomatik münasibətlərin də xüsusi yeri var. Belə ki, İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib. Əlbəttə ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdırlar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələri rəsmi səfərlər zamanı daha da möhkəmlənmiş oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbulu ölkələrimiz arasında münasibətlərin yüksələn xəttlə inkişafının göstəricisidir. Prezident İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərimizdə yeni səhifənin açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd edib. Dövlətimizin başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Qeyd edək ki, iyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, "Leonardo" şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər.

Dövlətimizin başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir. "C-27J Spartan" tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq Azərbaycanın müstəqillik qazandıqdan sonra dünyanın bir çox ölkələri ilə qurduğu diplomatik münasibətlər qarşılıqlı əməkdaşlığa, dostluğa əsaslanır.

"AVROPA MƏKANINDA TİCARƏT ƏLAQƏLƏRİMİZİN BÖYÜK HİSSƏSİ İTALİYANIN PAYINA DÜŞÜR"

Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyətdədirlər. Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. Vurğulamaq yerinə düşər ki, son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. İtaliya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin 95%-i Azərbaycanın payına düşür. Prezident İlham Əliyev Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyərək, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəmizin 15 milyard dolları ötdüyünü bildirib. Dövlətimizin başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd edib.

Neft-qaz sahəsindəki əməkdaşlığımızın təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıdığını bildirən Prezident İlham Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığını vurğulayıb və "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamənin bu əlaqələrin əsasını təşkil etdiyini diqqətə çatdırıb.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində də bir sıra əhəmiyyətli sənədlər imzalanmışdır. "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin növbəti illər üçün mükəmməl yol xəritəsini ortaya qoydu. Sənəddə həm siyasi, həm iqtisadi, həm də humanitar aspektlər öz əksini tapıb. Bu Bəyannamədən irəli gələn işlər artıq sürətlə həyata keçirilir.

QARŞILIQLI ƏMƏKDAŞLIĞA SÖYKƏNƏN SƏNƏDLƏR

"İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə" iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Qeyd olunan sazişlərdən başqa Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın "Eni-Acip" şirkəti arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd də imzalanıb. İkitərəfli əməkdaşlıq haqqında imzalanan sənədlər qarşılıqlı əməkdaşlığa söykənir.

Əlbəttə ki, Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Bu əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da müstəsna rolu var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələr bu ölkənin mədəni irsinin qorunması baxımından önəmlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən, mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirilib. Bəşəriyyət üçün önəmli dəyər olan Roma katakombaları Fondun dəstəyi ilə yenidən həyat qazanıb. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir.

TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ - İTALİYA-AZƏRBAYCAN UNİVERSİTETİ

Dövlətimizin başçısı bu il Azərbaycanda keçiriləcək COP29-a hazırlıqla bağlı da ölkələrimizin sıx təmasda olduğunu da vurğulayıb. Azərbaycan Prezidenti əməkdaşlığımızın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxunub. Qeyd edib ki, İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir. Bu universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. Bu təhsil ocağının təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Dövlətimizin başçısı əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

İTALİYA ŞİRKƏTLƏRİ QARABAĞ VƏ ŞƏRQİ ZƏGƏZURDA

Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsində də yaşanan çətin vaxtlarda İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirdi. Məhz dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir. İtalyan şirkətləri işğaldan azad olunan ərazilərimizin bərpasında da öz köməkliklərini əsirgəmirlər. Azərbaycanla İtaliya arasında mövcud siyasi münasibətlər və iqtisadi tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlığa yeni imkanlar yaradır. İtaliya şirkətləri ilə bir çox sahələrdə - şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, turizm, kənd təsərrüfatı kimi sahələrdə nəzərdə tutulan layihələrin həyata keçirilməsi dövlətlərarası münasibətləri daha da genişləndirəcəkdir.

İtaliya və Azərbaycan arasında Qarabağın enerji infrastrukturunun qurulması çərçivəsində əməkdaşlıq haqqında müqavilənin imzalanması bu istiqamətdə atılan ilk addım kimi dəyərləndirilir. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəgəzurda quruculuq işlərində fəal iştirak edir. İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, iqtisadi layihələrin həyata keçirilməsində fəallığı iki ölkə arasında münasibətlərdə yeni müstəviyə yüksəlir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
sesqazeti.az

1Mənbələr