AZ

Nazirliyin mətbu orqanının mənimsəmədə təqsirləndirilən sabiq baş redaktorunun məhkəməsi

Mənimsəmə, dələduzluq və rüşvət almaqda ittiham olunan Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov və digərləri - Gözəl Mustafayeva, Amal Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Gözəl Mustafayeva dindirilib.

Onun sözlərinə görə, əvvəllər müəllimə işləyib: "Memar Əcəmi metrosunun yanında görüşüb mənə tapşırıqlar verirdilər, hər ay da 400 manat öz ciblərindən əmək haqqı verirdi. Mənə deyirdilər sizi Təhsil Nazirliyinə köçürdəcəklər. Bir gün getdim banka kredit götürməyə, mənə dedilər "sən Təhsil Nazirliyinin işçisi deyilsən, sən kuryersən". Baharla Zaur olub şahid, mən olmuşam cinayətkar. Qohumum var idi, 2 balı çatmamışdı Bakıya düşsün. Gəldilər 5 min manat pul verdilər ki, işə düzəldim. İnarə xanım məktəb direktoru düzəltmək istəyib, balı çatmırdı, bizim ailəvi tanış idi. Mən bütün işləri Baharla görmüşəm. Pulu Təranə xanım verdi mənə, mən də Bahara verdim. Sonra zəng etdi ki, mən gələ bilməyəcəm, pulu Amala ver, narahat olma. Sonra İnara xanım gedib həmin məktəbə, guya direktor təyin olunub. Deyiblər sizin bura aidiyyatınız yoxdur. Ancaq pulunu aldım Rahildən qaytardım. Əslində mən Ramilə deyən işə düzəlmək istəyirdim. Amma Nailə xanım öz qızını düzəltmək üçün Ramilə xanıma pul verdi. O da Müdafiə Sənayesi Nazirliyində işləyir. Sonra Nailə xanımın oğlu gəlib pulu geri aldı. Mənim iki oğlum var idi, neynəməli idim? Kirayədə qalırdım. Sevinc xanım Bədən Tərbiyə universitetində müəllimə işləyirdi, işini dəyişmək istəyirdi. Məni Təhsil Nazirliyinin işçisi kimi tanıyırdılar. Rahil mənə heç nə verməyib, ondan pul qopartmaq olmazdı.

Zərərçəkmiş Günel Məmmədlinin işində isə Gəncədə məktəb direktoru işləyən Məmməd müəllim mənə zəng elədi. Dedi ki, mənim oğluma, qızıma kömək eləsinlər. Rahil dedi ki, amma faiz böyük olacaq. Məndə bankdan 10 min pul götürüb gətirib verdim Rahilə. Sonra özü qaytardı hamısını hissə-hissə".

"Qonşularım idilər. 4 min manatdan çox mənə çatdırdılar, mən də Rahil müəllimə çatdırdım. Cinayət işində zərərçəkmiş olan Aidənin atası Yusubəli isə məni intihar həddinə çatdırmışdı, mən 14-cü mərtəbədən özümü atmaq istəyirdim. Diplom təsdiqi ilə bağlı 4 min manatdan çox pul vermişdi".

Məhkəmə prosesi iyul ayının 18-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının pulunu mənimsəyib. Rahil Nəcəfov və onunla birlikdə mühakimə olunan şəxslərin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 22 nəfər zərərçəkmiş qismində tanınıb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
20
e-huquq.az

10Mənbələr