AZ

Şair-publisist Yusif Nəğməkar mükafatlandırılıb

Bakı, 27 iyun, AZƏRTAC

Bu günlərdə ardıcıl yaradıcılıq fəaliyyətinə, aktual, tarixi, vətənpərvərlik mövzulu dəyərli lirik-fəlsəfi əsərlərinə görə şair - publisist Yusif Nəğməkar Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Mikayıl Müşfiq" adına təsis etdiyi ədəbi mükafata və "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin "Aşıq Ələsgər 200" yubiley medalına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, hər iki mükafatın təqdimat mərasimində şairin özünəməxsus yaradıcılıq axtarışlarından və bənzərsiz poeziyasından geniş söhbət açılıb.

Bildirilib ki, Yusif Nəğməkar bədii yaradıcılıqla çox erkən yaşlarından məşğul olub, 1970-ci ildən mətbuatda çap olunmağa başlayıb. Həmin dövrdə bir müddət "Yusif Mədət" imzası ilə şerlərini çap etdirən Yusif Nəğməkar ilk qələm təcrübələri ilə Xalq şairi Rəsul Rzanın diqqətini cəlb edib. Azərbaycanın görkəmli novator şairi Rəsul Rzanın onun haqqında yazdığı "Təsadüf" adlı məqaləsi "Ədəbiyyat və İncəsənət" qəzetində dərc olunub və bununla da Yusif Nəğməkar daha geniş miqyasda ədəbi mühitə təqdim edilib. O, Dövlət Televiziyasında işləyərkən vətənin, millətin taleyüklü məsələlərinə həsr olunmuş bir sıra telesenarilər yazıb və yaddaqalan silsilə verilişlər hazırlayıb. Onun 1984-cü ildə "Sazın işığında" adlı ilk seirlər kitabı "Gənclik" nəşriyyatında işıq üzü görüb, 2 il sonra isə "Bilsəydim ayrılıqdır…” poeziya toplusu oxuculara təqdim olunub. Bundan sonra bir-birinin ardınca şairin "Alın yazım", "Zal ağacı", "Vəslin edamı", "Çingiz çini", "Bəsirət gözəli", "Qələm səsi", "Sevgim-mələklər yuxusu", "Haqqın Qurbanı", "Altmışıncı yuxu", "Nizami demiş…" və s. adlı şer və poemaları toplanmış kitabları çap olunaraq müəllifinə ümumxalq məhəbbəti qazandırıb.

Yusif Nəğməkar şerlərini Vətən, Qarabağ sevgisi, məhəbbət, təbiət və gözəlliyə vurğunluq ruhunda yazdığını vurğulayan çıxışçılar qeyd ediblər ki, oxucu bunu daim hiss edir. Onun yazdığı misralar isə daha fəlsəfi, məntiqi fikirlərlə ifadə olunaraq oxucuya çatdırılır və onu düşünməyə sövq edir. Məhz buna görədir ki, ona əsərlərindəki bədii ictimai-siyasi-fəlsəfi tutumu və aktuallığına görə Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza" fondunun Rəsul Rza adına Beynəlxalq Ədəbi Mükafatı verilib. Həmçinin Türkiyədə baş vermiş tarixi Çanaqqala zəfərinin 100 illiyi ərəfəsində yazdığı "Çanaqqala-türkə qala" adlı iri həcmli poemasına görə 2015-ci ildə Bakıdakı Türkiyə səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə müsabiqəsinin qalibi olaraq "İlin şairi" adı verilib.

Natiqlər sevimli şairimizi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
azertag.az

1Mənbələr