AZ

Fuad Əliyev: Aİ Şurası üzvlüklə bağlı müraciəti ya yekdilliklə rədd, ya da təsdiqləyə bilər

Siyasətçilərin qənaətinə görə, Avropa İttifaqı Ermənistanı gözləmir, Qərbə bu ölkə anti-Rusiya fəaliyyəti üçün lazımdır; lakin İrəvan Aİ-yə üzvlük üçün tələsir

 “Avropa İttifaqı Ermənistanı gözləmir. Qərbə Ermənistan onun üçün lazımdır ki, hökumətdən anti-Rusiya fəaliyyətləri üçün istifadə edə bilsinlər”. Bunu “Sputnik Ermənistan”a müsahibəsində parlamentin keçmiş vitse-spikeri, Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov deyib. 

“100 gündən sonra hansı referendumdan danışırıq, bəs Brüssel rəsmilərindən biri Ermənistanın Avropa Birliyinə üzv olması ilə bağlı riskləri önləməyə söz veribmi?”, - deyə sual edib. Onun fikrincə, Qərb Gürcüstanda həyata keçirə bilmədiklərini indi Ermənistanda reallaşdırmağa çalışır, ölkəni Rusiyaya qarşı sınaq meydanına çevirirlər. “Ermənistandan cəmi 1 kvadratkilometr, cəmi bir milyon adam qalsa belə, onların vecinə deyil”, - deyə siyasətçi əminliklə vurğulayıb. O, Ukraynanın başına gələnləri xatırladıb, deyib ki, bir vaxtlar Avropanın ən böyük dövləti indi parçalanıb. Şarmazanov bildirib ki, 2018-ci ildə “məxməri inqilab”ın məqsədi Ermənistanı Rusiya ilə olan ittifaqlardan çıxarmaq və Qərbə doğru xarici siyasət kursun götürmək olub. Şarmazanov parlamentdə Aİ bayrağının asılmasından qəzəblənib. 

“Ermənistanın bayrağı istisna olmaqla, parlamentdə Aİ bayrağının qoyulması Ermənistanın suverenliyinə və müstəqilliyinə birbaşa zərbədir”, - deyə o bildirib. Parlamentin keçmiş vitse-spikerinin fikrincə, sentyabrın 21-də Aİ-yə üzvlük məsələsi ilə bağlı referendumun keçirilməsi Ermənistanın müstəqilliyinə formal olaraq son qoyacaq. “Niyə onlar Rusiya ilə münasibətlərin yaxınlaşmasından danışanda bu, "Rusiyaya xidmət" hesab olunur. Parlamentdə isə Aİ-dən danışanda, az qala Avropa İttifaqının bayrağını öpürlər" - siyasətçi ironiya edib. Siyasətçi əmindir ki, Ermənistanın gələcəyi iqtisadi, siyasi və hərbi sahədə Moskva və Tehranla müttəfiqliyin möhkəmlənməsindən keçir. Şarmazanov vurğulayıb ki, indiki hakimiyyətin addımlarının islahatlara və ya demokratiyaya heç bir aidiyyəti yoxdur. 

“Mən özümü parlamentdə ”Ermənistanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı referendum keçirilməsi təklifi" mövzusunda keçirilən dinləmələrə qulaq asmağa məcbur etdim. Dinləmə iştirakçılarının çıxışlarından aydın oldu ki, bu adamlar Avropa İttifaqının və onun üzvü olan dövlətlərin real siyasətləri haqqında elementar anlayışa malik deyillər". Bunu isə Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan deyib. Zakaryan hesab edir ki, Aİ-yə üzvlük üçün müraciət etmək, yumşaq desək, bugünkü alçaldılmış, məğlub olmuş və borc içində çabalayan Ermənistanın özünü aldatmasıdır. Ermənistan hakimiyyəti son açıqlamalarında sülh sazişindən yayınmaq meylləri aşkar görünməkdədir. Məsələn, xarici işlər naziri Ararat Mirzoyan son olaraq bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması məsələsində ölkənin səmimiliyinə şübhə yaradan yeni gündəmlər irəli sürür. Bəs İrəvanın sülh sazişindən əvvəl Avropa İttifaqına üzvlüklə bağlı referendum planı nəyə hesablanıb?

“Nə Moldova, nə Gürcüstan, nə Ukrayna 2030-cu ildən tez Avropa Birliyinə üzv olacaqlar. Ona görə Ermənistanın onlardan tez quruma qoşulması nonsensdir. Ümumiyyətlə, Ermənistanın Avropa Birliyində nə işi var? Bu ölkə nə dərəcədə demokratikləşib və sivilləşib ki, Avropa ailəsinin bir parçası olsun? Ermənistan bir Avrasiya ölkəsidir və Rusiyadan asılılığı çox yüksəkdir, onun Avroatlantik məkana inteqrasiyası Azərbaycan və Türkiyənin əlindədir. Bu ölkələrlə normallaşma olmasa, Zəngəzur dəhlizi açılmasa, Ermənistan blokadadan çıxmasa, heç zaman Avropa İttifaqını görməyəcək”. 

Bu fikirləri “Yeni Müsavat”a siyasi ekspert Fuad Əliyev açıqladı. Onun sözlərinə görə, sülh sənədini imzalamadan parlamentdə Aİ-yə üzvlük müzakirələri və referendum çağırışları İrəvanın yanlış düşüncəsidir. “Paşinyan xalqı referenduma səfərbər etmək istəyir ki, əhalinin Avrointeqrasiya xəttini dəstəklədiyini nümayiş etdirsin. Bunun üçün gecə-gündüz anti-Rusiya ritorikasını gücləndirir və xalqda Rusiyaya nifrəti artırır. Paşinyan kabinetinin üzvləri məqsədli şəkildə Rusiyanı ittiham edirlər. Xalq görsün ki, Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi müttəfiqi Rusiyadır, yəni ona güvənmək olmaz və yolumuz Avropadır. Bax, belə bir kurs götürülüb və referendum hazırlığı da ondan xəbər verir. Bir müddət sonra referendum mümkündür, Paşinyan istəyinə nail ola da bilər, amma ölkəsinin üzvlüyü yaxında görünmür”. Onun xatırlamasına görə, Paşinyan Brüsseldə olarkən elə bu il Aİ-yə üzv olmaq istədiklərini açıqlamışdı: “Amma Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. O zaman gərək bu təşkilatı tərk etsin. Çünki Avropa İttifaqı da siyasi-iqtisadi platformadır. İrəvan iki stulda otura bilməz”.

F.Əliyevin qənaətinə görə, Fransa Ermənistana Aİ-yə üzvlükdə böyük dəstək verə bilər: “Avropa Sülh Fondu Ermənistana yardım ayırır, apreldəki Brüssel görüşündə də Qərb köməyini ifadə etdi. Bu cür maliyyə axıntıları Paşinyanı həvəsləndirir. Amma bu gedişat Rusiya ilə daimi gərginlik vəd edir. Qərb fondları da İrəvandakı QHT-lərə maliyyə ayırırlar. Hazırda Ermənistan idarə olunur. Bu ölkə Avropa üçün yeni anti-Rusiya tribunasına  çevrilib. Paşinyan isə addımlarını demokratik məkana inteqrasiya kimi servis edir. Bu piar erməni cəmiyyətində şirnikləndirici təsir bağışlayır, amma Ermənistan bütün sahələrdə Rusiyadan necə asılı olduğunu başa düşməlidir. Yəni referendum keçirib Avropa İttifaqına üzvlük niyyəti ifadə olunsa belə, bu ölkənin birliyə qoşulması çətin görünür. İkincisi, Aİ-yə üzv olmağın əsas şərti ölkənin Avropa qitəsində yerləşməsidir. Ermənistan isə coğrafi nöqteyi-nəzərdən Asiyaya aiddir. Daxili qaydalara görə, Aİ Şurası üzvlüklə bağlı müraciəti ya yekdilliklə rədd, ya da təsdiqləyə bilər. Ermənistanın Aİ üzvlüyünə namizəd statusu almasını mümkünsüz edən digər amillər də var. Bu ölkənin dövlət sərhədini rus hərbçiləri qoruyurlar və orada Rusiyanın 102 saylı hərbi bazası yerləşir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
azreform.net

1Mənbələr