AZ

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakı, 26 iyun, AZƏRTAC

Veteran Tankçılar İctimai Birliyi və Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş döyüş yoldaşlarının - şəhid tankçıların məzarlarını ziyarət ediblər. Onlar Azərbaycan torpaqları uğrunda şəhid olan bütün Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Tədbirdə çıxış edən Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Ordusunun Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənərək bu gün Cənubi Qafqazın ən güclü hərbi qüvvəsinə çevrildiyini vurğulayıb. “Bu il Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 106-cı ildönümünü möhtəşəm Qələbəmizlə - Xankəndinin, Əsgəranın, Xocalının, Ağdərənin, Xocavəndin tamamilə azad olunması və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə qürurla qeyd edirik. 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbəmiz, keçirilən uğurlu əməliyyatlar və antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü, döyüş qabiliyyətini, peşəkarlığını bir daha dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azadlığı naminə şəhid olan bütün Vətən övladlarına Allah rəhmət eləsin, yaralılarımıza şəfa diləyirəm.”

Daha sonra veteran tankçılar iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun abidəsini, Birinci Qarabağ müharibəsinin şəhid tankçıları Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun və “Azərbaycan Bayrağı” ordenli Əhməd Mehbalıyevin abidələrini ziyarət ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
azertag.az

1Mənbələr