AZ

Adı ikinci qətl hadisəsində keçir – Rüstəm Şahbazov üçün atalar üçdən deyib?

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun adı növbəti cinayət əməlində – qətl hadisəsində hallanır. Belə ki, iki gün əvvəl Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində 3 nəfər polis əməkdaşını və bir nəfər mülki vətəndaşı qətlə yetirən əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun R.Şahbazovla əlaqəsi haqda mediada yazılıb. Daha doğrusu, AFN.az-ın aprel ayında Bakı sakini Dadaşov Abbas Eldar oğlunun şikayəti əsasında yazdığı “Rüstəm Şahbazovla qardaşına “xidmət göstərən” Rövşən Allahverdiyev axtarışa verildi – FOTO” sərlövhəli yazıda R.Allahverdiyevin R.Şahbazovun qardaşı Teymur Şahbazovla əlbir olaraq A.Dadaşova külli miqdarda pul “atdığı” bildirilir. Qeyd edilir ki, A.Dadaçov Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Teymur Şahbazova və onunla birgə olan Rövşən Allahverdiyevə deyib. Onlar da ona bildiriblər ki, Əmlak Məsələləri Dövlət Xidmətində tanıdıqları var və bu işi çox asanlıqla həll edə bilər. Daha sonra həmin adamla danışdıqlarını deyərək ondan əvvəlcə 180 min manat alıblar: “Mən onlardan bu işi kiminlə həll edəcəyini soruşdum. Bildirdilər ki, Teymurun qardaşı Şahbazov Rüstəm uzun müddətdir ki, Əmlak Məsələləri Dövlər Xidmətində müavin vəzifəsində işləyir. Bütün məsələləri Rüstəm həll edir. Dedilər ki, arxayın olun, məsələ 100 faiz həll olunacaq. Onlara inandım və ona hissə-hissə 236000 manat pul verdim”.

Sonradan aldadıldığını başa düşən sahibkar hüquq-mühafizə orqanlarına müraciət edib. R.Allahverdiyevin haqqında Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb, o axtarışa verilib. Bir müddət Türkiyədə yaşayan R.Allahverdiyev yaxın günlərdə ölkəyə dönüb. Onun ölkədə olduğunu bilən polis əməkdaşları bağ evində saxlamağa çalışarkən məlum hadisə baş verib.


Qeyd etdiyimiz kimi, bu, R.Şahbazovun adının hallandığı ilk qətl hadisəsi deyil. AFN.az xatırladır ki, bundan əvvəl də rəis müavininin ismi 12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə işində keçib. Məhkəmə istintaqı zamanı məlum olub ki, qətlin sifarişçisi olduğu iddia edilən Firudin Məmmədov hadisə gecəsi Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla 17 dəfə telefonla danışıb. O da məlum olub ki, zərərçəkmişin Şahbazovla əlaqəsi olub, sonradan isə münasibətləri korlanıb. Məhkəmə prosesində Ə.Salahovun vəkili Orxan Cəfərbəyli bu məqamları qeyd qətlin sifarişçisinin Firudin yox, Rüstəm Şahbazov ola biləcəyi ehtimalını vurğulayıb. “Məlum olduğu kimi, Firudin hadisədən elə 3 gün sonra bilinməyən səbəbdən intihar edib. Bu intihar da hamıya maraqlı qalıb. Bu məsələlər də qaranlıq qaldı” – deyə vəkil qeyd edib.


R.Şahbazovun adı xeyli sayda əmlak qalmaqalında da keçir. Müxtəlif şikayətçilər onun tərəfindən qeyri-qanuni olaraq əmlaklarının – torpaqlarının, bağ sahələrinin əllərindən alındığını bildirirlər. Onun adı yüksək məbləğdə zərər vurmaqla dələduzluqda hallanan qardaşı Teymur Şahbazovun isə Rusiyada yaşadığı bildirilir. Bu barədə daha geniş növbəti yazılarımızda…


AFN.az-ın Araşdırma qrupu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
5
paytaxt.org

10Mənbələr