AZ

Levandovski AÇ-dən sonra yığma karyerasını bitirəcəkmi?

AÇ-2024 həm Polşa yığması, həm də bu komandanın əsas ulduzu Robert Levandovski üçün uğursuz alındı.

“Football-plus.az” xəbər verir ki, “Barselona”nın 35 yaşlı ünlü forvardı turnirdən öncə Türkiyəyə qarşı yoldaşlıq oyununda zədə aldığı üçün Niderlandla ilk qrup oyununu buraxmalı oldu. Avstriyaya qarşı ikinci oyunda isə Leva yalnız son yarım saatda oynamaq şansı qazandı. Nəticədə Polşa hər iki görüşdə uduzaraq pley-off şansını itirdi. Bu gün Fransa ilə keçiriləcək matç polşalılar üçün turnir cədvəli baxımından heç bir prinsipial əhəmiyyət daşımayacaq. UEFA-nın saytına açıqlamalar verən Levandovski həm bu turnirdəki uğursuzluqdan, həm də turnirdən sonra yığma karyerasını bitirib-bitirməyəcəyindən danışıb:
“Düşünmürəm ki, Avstriyaya qarşı oyunda start heyətində meydana çıxsaydım, komandaya daha çox fayda verə bilərdim. Hərçənd meydana ilk “11-lik”də çıxmaqla ikinci hissədə çıxmaq arasında çox böyük fərq var. Məni ən çox üzən və qəzəbləndirən məqam əlimə fürsət düşdükdə belə, yığmaya istədiyim qədər yardım edə bilməməyimdi. AÇ-2024-də son oyunumuz qalıb. Ümid edirəm ki, bu, turnirdəki ən yaxşı və ən yaddaqalan oyunumuz olacaq. Düzdü, meydana yalnız nüfuzumuzu qorumaq üçün çıxacağıq. Buna baxmayaraq, baxımlı oynayacağımıza, fürsətlər yaxalayacağımıza, qollar vuracağımıza ümid edirəm. Bizim “tökülməyə”, pərən-pərən düşməyə haqqımız yoxdu. Hətta işlər istədiyimiz kimi getməyəndə də. Nəticədən asılı olmayaraq, oyun planına əvvəldən sona qədər sadiq qalmaq lazımdı. AÇ-dən sonra yığma karyeramı bitirəcəyəmmi? Tam ciddi deyirəm ki, buna hələ qərar verməmişəm. Bu, müxtəlif amillərdən asılıdı. Bu qədər uzun müddət ərzində yüksək səviyyədə oynamaq, daim insanların ümidlərini doğrultmağa çalışmaq, tək öz arzumu yox, bütövlükdə Polşa xalqının arzularını reallaşdırmağa səy göstərmək asan məsələ deyil. Təbii ki, yığmada özümü çox yaxşı və rahat hiss edirəm. Komanda daxilində gözəl atmosfer var. Fiziki və psixoloji cəhətdən hər şey qaydasındadı. Sonradan yığma karyeramı erkən bitirdiyimə görə heyifsilənmək, “bir qədər də oynaya bilərdim” düşüncəsinə qapılmaq istəmirəm. Digər tərəfdən vaxtı gələndə bu qərara qarşı mübarizə aparmaq da istəmirəm. Hazırda bu qərarı vermək vaxtının yetişdiyini düşünmürəm.Yığmada missiyamı başa vurduğumu hiss etməliyəm. Hələ ki bunu hiss etmirəm. Kənardan buna heç kim müdaxilə edə bilməz. Yalnız mən və ailəm buna qərar verəcəyik”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
football-plus.az

1Mənbələr