AZ

Kukla teatrları müqavilə imzaladılar -Fotolar

Azərbaycan Dövlət Kukla Teatrı beynəlxalq miqyasda əlaqələrini genişləndirməkdə davam edir.

Xəzərnews.az xəbər verir ki, bu çərçivədə qardaş Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrı kollektivi 25-28 iyun tarixlərində ölkəmizdə səfərdədir.

Teatrın direktoru Usmanatdin Mambetalievin başçılıq etdiyi teatr təmsilçiləri səfər proqramına iyunun 25-də Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başladılar.

Sonra teatrda iki sənət ocağının rəhbərinin iştirakı ilə əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi oldu.

Sənəddə qarşılıqlı qastrol səfərlərinin təşkili, ustad-dərsləri, müştərək tamaşaların hazırlanması kimi məqamlar yer alıb.

Bununla yanaşı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların xidmət və təcrübə mübadiləsi, yüksək səviyyəli milli və xarici səhnə əsərlərinin birgə yaradılması, habelə beynəlxalq festivallar, qastrol səfərlərinin təşkilində əməkdaşlıq, teatr sahəsində tərəflərin səmərəliliyin artırılması sənədin əsas mövzusudur.

Əməkdaşlığın əsas istiqamətləri və vəzifələrə gəlincə, müqavilənin əsas məqsədi tərəflər arasında, xüsusilə teatr sənəti və yaradıcılıq sahələrində müxtəlif mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.

Belə ki, tərəflərin əməkdaşlığı ilə tamaşaların yaradılması layihələrinin perspektiv planına uyğun olaraq prosesə Özbəkistanda azərbaycanlı rejissor, Azərbaycanda isə özbək rejissorun quruluşunda milli dramaturgiya nümunələrindən tamaşaların hazırlanması ilə başlanacaq.

Sənəddə yaradıcı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların hazırlanması üzrə birgə tədris layihələrinin həyata keçirilməsi də nəzərdə tutulub.

İmzalamadan sonra təəssüratlarını bölüşən Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə və onun özbəkistanlı həmkarı Usmanatdin Mambetaliev teatr, eləcə də yaradıcılıq və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın inkişafı üçün atılan addımların hər birinin kukla sənətinin inkişafı üçün əhəmiyyətli olduğunu dedilər. Bu mənada iki qardaş, dost ölkənin kukla teatrları təmsilçilərinin bir araya gəlməsindən məmnunluqlarını dilə gətirdilər.

Xatırladaq ki, səfər proqramına uyğun olaraq qaraqalpaqlı kuklaçıların təqdimatında (27 iyun, saat 14.00) Azərbaycan Dövlət Kukla Teatrında “Açıq qapı” günü çərçivəsində “Saray içindəki möcüzə” adlı tamaşa-konsert də təqdim olunacaq.

.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
9
xezernews.az

10Mənbələr