AZ

Rusiyada boşanmalar sürətlə artır: hökumət tədbirlərə başladı

Boşanma ilə bağlı rüsumlar 8 dəfə artırılır
Rusiya Maliyyə Nazirliyi boşanma üçün dövlət rüsumunu kəskin şəkildə artırmağı təklif edib: 2025-ci ildən bu, demək olar ki, 8 dəfə - 650 rubldan 5 min rubla qədər arta bilər. Bu, Dövlət Dumasının birinci oxunuşda qəbul etdiyi irimiqyaslı vergi dəyişiklikləri haqqında qanun layihəsinə düzəlişlərdən irəli gəlir. AYNA xəbər verir ki, sənədin detallarını RBC yayıb.
Söhbət ümumi azyaşlı uşaqları olmayan ər-arvadın qarşılıqlı razılıq əsasında boşanması, habelə məhkəmə yolu ilə boşanma hallarından gedir. Ər-arvadın yetkinlik yaşına çatmayan uşaqları olduqda və ya ər-arvaddan biri boşanmağa razı olmadıqda, boşanma məhkəmə qaydasında baş verir. Digər hallarda, bu, birbaşa qeydiyyat şöbəsi tərəfindən həyata keçirilə bilər.
Eyni zamanda, evliliklə bağlı rüsum 350 rubl təşkil edir və dəyişməz qalacaq.
Rusiya hər 1000 nəfərə düşən boşanmaların sayına görə ilk dördlüyə daxildir, yalnız Portuqaliya, İspaniya və Lüksemburqdan sonra qərarlaşıb.
“Rosstat”ın məlumatına görə, boşanmaların sayı artıq dördüncü ildir ki, artır. 2023-cü ildə Rusiyada 683,7 min boşanma qeydə alınıb. 2022 və 2021-ci illərdə bu rəqəm müvafiq olaraq 683 min və 644 min olub.
Məlumata görə, rusiyalıların 33%-i yoxsulluq və ailəsini dolandıra bilməmək, 15%-i qarşılıqlı anlaşmanın olmaması, 14%-i isə xəyanət və qısqanclıq səbəbibndən boşanır.
Sosial psixoloq Aleksey Roşçin deyir ki, son illərdə ölkədə formalaşan “qorxu və çaxnaşma atmosferi” evli cütlüklərə mənfi təsir göstərir. Onun sözlərinə görə, qadınlar ərlərinin yanında özlərini “daş divarın” arxasında hiss etmək istəyirlər, lakin Ukrayna ilə bağlı böhran və müharibə onları kişilərinə başqa gözlə baxmağa vadar edib: onlar himayəçi deyillər və həyatda da gücsüzdürlər.
Boşanmaların sayının artması və doğum səviyyəsinin 2000-ci ildən bəri ən aşağı səviyyəyə enməsi fonunda Rusiya Prezidenti Vladimir Putin rusları ailə qurmağa və daha çox uşaq dünyaya gətirməyə çağırıb. Onun sözlərinə görə, çoxuşaqlı ailələr dövlət üçün “xüsusilə vacibdir”. “Çünki burada həm ailənin, həm də ölkənin dayandığı əsas insani keyfiyyətlər tərbiyə olunur: böyüklərə hörmət, kiçiklərə sevgi və qayğı, zəhmət və bu “ailə” orqanizmi ilə bağlı olan hər şey. Bunlar bizim daim danışdığımız və dəstəklədiyimiz ənənəvi dəyərlərdir”, - Putin bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
ayna.az

1Mənbələr