AZ

Almaniyada sabahdan vətəndaşlıq almaq asanlaşır

Almaniyada vətəndaşlıq müraciətlərinin artacağı gözlənilir. Almaniya Türk Cəmiyyəti vətəndaşlıq üçün müraciət edənlərin sayının ildə 50 minə çatmasını gözləyir.

"Cebhe.info" xəbər verir ki, Almaniyada koalisiya hökuməti tərəfindən hazırlanan və vətəndaşlığı asanlaşdıran yeni Almanya vətəndaşlığı qanunu sabah qüvvəyə minir. Almaniya Türk Cəmiyyəti (TGD) yeni qanunla vətəndaş olmaq istəyənlərin sayının rekord həddə çatmasını gözləyir.

Alman Redaksiya Şəbəkəsinə (RND) verdiyi açıqlamada Almaniyadakı Türk Cəmiyyətinin həmsədri Gökay Sofuoğlu qanunun ikili vətəndaşlığı mümkün etdiyini xatırladıb və illik müraciət sayının 50 minə çata biləcəyini bildirib. Bu müraciətlərin qiymətləndirilməsinin uzun sürəcəyini vurğulayan Sofuoğlu bir çox şəhərlərdə əcnəbilər ofisindən görüş belə almağın çətin olduğunu bildirib. Müraciət edən bir çox insanın vətəndaş olduqdan sonra qarşıdan gələn seçkilərdə səs verə bilməsini xatırladan Sofuoğlu deyib:

“Bu səbəbdən siyasi partiyaları müraciət edənlərin potensial seçici olduqlarını xatırlatmağa və istədikləri təqdirdə buna uyğun siyasət qurmağa çağırıram. Siyasi iştirak üçün daha çox imkanlar yaratmaq və irqçiliklə ciddi mübarizə aparmaq da bura daxildir”. 

Almaniyadakı Kürd İcmasından tənqid 

Almaniya Kürd İcmasının sədri Əli Ertan Toprak yeni vətəndaşlıq qanununu tənqid edib. Alman Redaksiya Şəbəkəsinə danışan Toprak qanunun indiki halında yanlış olduğunu müdafiə edərək "Çünki antisemitlərin, türk millətçilərinin və islamçıların alman pasportu almasını istəmirəm. Bu ölkədə onsuz da kifayət qədər nasist var",- deyib. 

On minlərlə insan vətəndaşlıq gözləyir 

Digər tərəfdən, son araşdırmalar on minlərlə insanın Almaniya vətəndaşlığını almaq üçün gözlədiyini ortaya çıxarıb. 1998-ci ildə miqrasiya sahəsində müxtəlif mövzularda mütəxəssis olan 200-ə yaxın alim tərəfindən qurulan Miqrasiya Şurasına (RfM) bağlı İnteqrasiya Media Xidmətinin apardığı araşdırmaya görə, hazırda Almaniyanın 42 şəhərində alman vətəndaşlığı üçün 204 mindən çox müraciət var. Ötən il 45 şəhərdə Almaniya vətəndaşlığı üçün müraciətlərin sayı 126 min, 2022-ci ildə isə təxminən 106 min olub.

Araşdırmaya görə, bir müraciətin araşdırılıb qərara alınması 3 ilə 36 ay arasında vaxt aparır. Federal Statistika İdarəsinin məlumatlarına görə, keçən il 200 min insan Almaniya vətəndaşlığını qəbul edib. Bu, 2000-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Almaniya vətəndaşlığı üçün müraciət edənlər arasında Türkiyə, İraq, Rumıniya və Əfqanıstan vətəndaşları liderlik edir. 

Yeni vətəndaşlıq qanunu ilə nə dəyişəcək? 

Yanvarın 19-da Almaniya parlamenti tərəfindən qəbul edilən və iyunun 27-də qüvvəyə minəcək yeni vətəndaşlıq qanunu Almaniya vətəndaşı olacaq şəxslərin gəldikləri ölkənin vətəndaşlığından imtina etməsini tələb etmir. Almaniya vətəndaşlığına müraciət etmək üçün Almaniyada səkkiz il yaşamaq tələbi beş ilə endirilir. Uyğunlaşma və sosiallıq baxımından “xüsusi uğur” göstərənlər üç il ərzində vətəndaş ola biləcəklər.

Bundan əlavə, Almaniyaya işləmək üçün gələn birinci nəsil immiqrantların vətəndaşlığa keçidi də asanlaşdırılır. Birinci nəsil immiqrantlar naturalizasiya üçün tələb olunan alman dili bilikləri üçün yazılı imtahandan azad olunacaqlar. Yeni qanunla antisemit, irqçi, ksenofob və ya insan ləyaqətinə qarşı başqa cinayətlər törədənlər, gender bərabərliyi və cinsi oriyentasiyaya məhəl qoymayanlar vətəndaşlığa qəbul edilməyəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
cebheinfo.az

1Mənbələr