AZ

Tonoyanın Həsənova acıq verdiyi o Cümə məscidinin kandarına and olsun... - Əkbər Qoşalının yazısı

Deyəsən Tonoyan idi, deyəsən Ağdam Cümə məscidinin önündən acıq verirdi: “Həsənov, mən burdayam, sən hardasan?” 

Söhbət, 10 may 2018-ci ildən 20 noyabr 2020-ci ilədək Ermənistanın müdafiə naziri olmuş və deyəsən 30 sentyabr 2021-ci ildən bəri tutuqlu olan David Edqari Tonoyandan gedir...

TONOYAN.jpg

Bax, bax, məhz Ordu Günü – məhz Zəfər qazanmış Ordunun Günündə və Ağdam Cümə Məscidinin Heydər Əliyev Fondunun zərgər dəqiqlikli təmir-bərpasından sonra ibadətə açılmasının qüruru içində bu sözləri xatırlamağın ayrı bir ecazı var. Tonoyan-monoyanlar, “tuşenka oğrusu” erməni generallar rədd olublar, məğlub olublar, cəhənnəm olublar; “keçilməz Ohonyan xətti” çəkib də, o yandan üzü bəri ağır mərmilər atəşlədən Ohonyan indi İrəvanda parlament binasında ön cərgədən tribunaya (öz siyasi opponentlərinə) plastik sətəkan-zad atır aradabir...

O Ohonyan ki, özü də, həmkarları da “Dağlarda toy” çaldıqlarına inandıqları Şuşadan hapar-topar qaçaraq, bir balaca güllədən dəxi qiymətsiz başlarını götürüb Həkəri körpüsündən o yana aşırıldılar və bir daha da bəri gələmməz oldular...

Bəli, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür!

QALİBE.jpeg

Bu əziz günü, şanlı-şərəfli günü 30 il boyunca da keçirmişik, əlbəttə. Əlbəttə, bu əziz günü bayram etməyimiz yalnız əcdadın hərb gələnəyinə salam-sayğı ilə sınırlanmırdı; biz Zəfərə inanıraq bayram edirdik, inam bizi yaşadırdı, inam bizi məğlubiyyətin ağrı-acısından keçirirdi; uzandıqca uzanan işğal ucbatından başımıza hava gəlməkdən bizi inam qoruyurdu, inam! Xalq öz Dövlətinə, Ordusuna inanmaqda haqlı idi. Uzun, ağır illər boyu dözümü İnamdan başqa hansı kateqoriya hadisə ilə izah etmək olar?..

Bizim inam Haqqa inamdır, Xalqa inamdır, Xalqın Dövlətinə, Ordusuna inamıdır, ÖZünə inamdır! Məhz ÖZünə İnam! Özümüz kəsafətləri kəsməli, keçilməz deyilən xətləri keçməli, asılmaz deyilən bayraqları asmalıydıq! Mürəkkəb coğrafiyanın, mürəkkəb “Minsk Qrupu”nun çox mürəkkəb həmsədrlər institutunun öhdəsindən gəlmək asan deyildi, qətiyyən asan deyildi. Ölkə içində ASAN Xidmət yaradan Dövlət baba yadeillilərə, işğalçılara öz qazdıqları quyuya düşmək və ya yiyəli-yiyəsiz it kimi qovulmaq seçənəyi verdi; quyuya düşən düşdü, qalanlarını da iti qovan kimi qovduq. Buna gedərgəlməz deyirlər!

İLHAM

Silahlı Qüvvələr Günündə qanadlı danışmaq olar, nəinki olar – lazımdır! Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Gününə saatlar qalmış hərbçilərimizlə bağlı Sərəncamlar verdi; onlardan biri də Natiq Qasımovla bağlıdır!

Ölümsüz Natiq Qasımov (02.01.1971, Kiçik Qaramurad, Gədəbəy – mart 1992, Pirlər, Xocalı)! – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin”! Məhz müstəqil dövlət, milli dövlətçilik irsi xalqa belə parlaq hadisələr yaşada bilir!

NATİQ.jpg

Natiq Qasımovun hərbi xidmətə çağrılmasına İlham Əliyev Sərəncam verməmişdi,

Natiq işgəncə görərkən İlham Əliyev Ali Baş Komandan deyildi;

Pirlər, Xocalı işğala uğrayarkən İlham Əliyev hakimiyyətdə deyildi…

Budur, o torpaqlar azad olunub, ərazi bütövlüyü, suverenlik bərpa olunub; Pirlərdə, Xocalıda müqəddəs bayrağımız dalğalanır;

Əliqanlı neçə cani gizləndikləri dəlmə-deşiklərdən tapılıb, çıxarılıb, boyunları əyilərək Bakıya gətirilib – onlar Azərbaycanın müvafiq dövlət orqanlarının istintaqı altındadırlar!

Və Natiq Qasımov silahlı çaqqal dəstəsi önündə təkbaşına məğrur dayandığı o məşum günlərdən 32 il sonra Milli Qəhrəman adı ilə təltif olunur! Natiq Qasımovun haqqında az-çox bilgili olan hər kəs bilir, bu, çox duyğuludur, çox təsirlidir! Müzəffər Ali Baş Komandanın imzası ilə Milli Qəhrəman elan olunmaq tarixi hadisədir, qanadlı sözlər istəyir, bütün vətəncanlılara ruh verir bu Sərəncam! O Sərəncamı imzalayan əl dərd görməsin! Ölümsüz Vətən oğlu Natiqin ruhu şad, bayrağı həmişə uca olsun! Qəhrəmanımızın əyilməz ruhu qarşısında dərin sayğılarla baş əyirəm!

NATİQ

Xalq şairi Zəlimxan Yaqub necə deyirdi? – Deyirdi, “Ordum varsa, yurdum var”! Bəli!

Bəli, İnamın çalarları var. Öz bilik-bacarıqlarımız, Vətən üçün Yanar Ürəyimiz işə düşüncə, qarşımızda dağ yarıldı, sel kimi kükrədik, Yer altından vulkan kimi püskürdük, Göyüzündə yıldırıma döndük və olmazları olar etdik! Gəldik, bütün həyati və sünii çətinliklərin öhdəsindən gəldik. Yürüdük, bir qıraq yardım gözləmədən, özgüvənlə yürüdük! Buna folklorda dərələrdən sel kimi, təpələrdən yel kimi deyilir... Elə olduq, elə etdik...

İnam dediyimiz asan əldə olunan, rahat təlqin edilən, kolaylıqla qazanılan nəsnə deyildir, əlbəttə; əlbəttə, bu, yetərincə geniş qavramdır, anlamı da xalqdan xalqa, dövlətdən dövlətə dəyişir, illa! Onun geniş anlamları var və ilk sırada vurğulamaq lazım ki, işğalçı ilə işğala uğramış ölkənin inamı eynigüclü ola bilməz. Əsassız divardı işğalçının inamı, təməlsiz evdir o zəhərə dönmüş. Ancaq haqq işi uğrunda yürüyüncə kainatın ruhu yar olur! Haqsızsansa Kainatın ruhuna qarşısan deməkdir və heç bir qətnamə, sanksiya, hədə, silah-sursat və s., və i... kainatın ədalət, tarazlıq mexanizmini durdura bilməz və bilmədi! Kainatın ilahi mexanizmi haqq-ədalət əsasında işləyir!

Bu yerdə, yenə şairə üz tutaq:

...Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən Peyğəmbərdi, “Quran”dı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq!..

Gec oldu amma oldu – güc oldu! Biz sülh yolu dedikcə ayaqları yer alanlar, işğalçılarca güc yolunun gerçəkliklərini qarşımıza çıxarır, “barışın!” deyirdilər. Barışaqmı? – Nəylə? – Xocalı Soyqırımı ilə, işğalla, ərazi bütövlüyünün pozulması, suverenliyin itirilməsi iləmi?! Kim kimə nəyi təlqin edirdi? – Dövlətlər qurmuş, xanədanlıqlar yaratmış, xalqları, mədəniyyətləri bir-biri ilə tanış etmiş və xalqları, mədəniyyətləri qorumuş bir köklü xalq, tarixdə ilk dövlətini 1918-ci ildəcə, özü də bizim halal torpaqlarda (və konkret kənar dəstəklə) qurmuş bir buraxma dövlətəmi ağ bayraq qaldıracaqdı? Olmazdı, ola bilməzdi, olmadı! Dəmir Yumruğun kəraməti sayəsində nizam bərpa olundu, qəflət gedişatı durduruldu, qara buldular dağıdıldı, Qarabağa Gün doğdu! Biz cırtdan Ermənistanı deyil, onun havadarlarını da udmuş olduq. Çün, Ermənistan adlanan baştutmamış dövlətin gücü, imkanı daxilində deyildi bizim başımıza açılan oyunlar…

Bəli, özünə inamdan danışırdıq, gəlin onunla sıx bağlı xarakter özəlliklərini də vurğulayaq:

Etibarlılıq. – Bu, edilən hər şeydə ardıcıllığı göstərir;

Dözümlülük. – Edilənlər və ya inanılan işdə möhkəm addımlarla davamiyyəti ifadə edir;

Çalışqanlıq. – Bu, çalışqanlığın, fədakarlığın, ağ üzün, açıq alnın, o alından axan tərin, əl qabarının, diz təpərinin (necə deyərlər) dəyərinə inanmın ta özüdür;

Nizam-intizam. – Bu isə yeni biliklər əldə etmək, usanmadan öyrənmək və öyərndiklərini tətbiq etməklə şərtlənir.

Bax, məhz özünə inam, bizi işğalın qandonduran sərt qışından, ynadırıb-qovuran ən acımasız yayından sıyırıb, 2016-cı ilin Aprel döyüşlərinə, ondan sonra da II Qarabağ müharibəsinədək sağ çıxardı. Yəni artıq bizimçün başqa-başqa plan cızanların “mərhəmət”inə, “şeytan qılığı”nı talib deyildik. Ay nə bilim, “ümumi dövlət”miş, “Ermənistanla birgə Avropa Birliyinə üzv qəbul edilməkmiş… Nəymiş, əfəndim? – Bəs, 20 faiz ərazimizə göz yuma bilsək, 80 faizimiz Avropa ailəsinə üzv olacaqmış. Yox, ser, yox, madam, yox! – Bizi illa bütov görəcəksiniz, bütöv!

Bəli, “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir” – Ümummilli lider Heydər Əliyev bu sözləri Müstəqil Azərbaycan Gənclərinin I Forumunda deyirdi (02.02.1996; bu sətirlərin yazarı həmin Forumun iştirakçısı və çıxış edənlərdən biriydi).

Bu sözlər isə Ümummilli liderin Yolunu ləyaqətlə davam və inkişaf etdirən – Ata vəsiyyətini yerinə yetirməyi haqlı olaraq xoşbəxtlik kimi vəsf edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə aiddir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”. Zəfərdən sonrakı ilk Silahlı Qüvvələr Günündə deyilmiş bu sözlər Ümummilli liderin öyüdlərinin təntənəsi kimi dəyərləndirilə bilər.

HEYDER

“Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi”! – Prezident İlham Əliyevin bu qürurverici sözləri isə Ordu ilə bağlı yazılarımız üçün ən yaxşı başlanğıc, ən yaxşı sonluqdur…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
musavat.com

1Mənbələr