AZ

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

Gürcüstanda

Tbilisi, 26 iyun, AZƏRTAC

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğu birlikdə ölkənin müxtəlif şəhər və rayonlarında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçiriblər. Nəticədə 24 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, paytaxt Tbilisi, Acarıstan, Sameqrelo-Zemo Svaneti, Kaxeti və İmereti bölgələrində narkotik cinayətlərinə görə 24 nəfər saxlanılıb, onlardan 11 nəfəri narkotik alverçisidir.

Saxlanılanlar arasında Gürcüstan vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşları da var. Saxlanılan şəxslərin yaşadıqları evlərinə və avtomobillərinə baxış zamanı külli miqdarda pul, narkotik vasitələr və müxtəlif cihazlar maddi sübut kimi müsadirə edilib.

Həmçinin narkotik ittihamı ilə həbs edilən 3 nəfərin üzərindən silah-sursat aşkar edilərək götürülüb.

Faktla bağlı külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması, həmçinin qanunsuz olaraq Gürcüstan ərazisinə gətirilməsinə cəhd maddələri ilə istintaq başladılıb.

Saxlanılan şəxsləri 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
47
azertag.az

1Mənbələr