AZ

Silahlı Qüvvələrimiz XXI əsrin tək qalib ordusudur - Ədalət Verdiyev

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövləti, xalqı 26 İyun Ordu Gününə tamam başqa bir prizmadan, başqa bir kürsüdən yanaşır. Otuz il işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda vuruşan, bu yolda əzmlə irəliləyərək polad kimi bərkiyən Azərbaycan Ordusu uzaq-yaxın keçmişinin dərslərindən nəticə çıxarıb öz hərb səhifəsinə qızıl hərflərlə Zəfər tarixini yazdıra bildi. Azərbaycan Silahlı Qüvvələri öz Gününü qürur, fəxarət hissi ilə qeyd edir. Silahlı Qüvvələrimizin potensialı, mövcud çağırışlara nə dərəcədə hazır olması ilə bağlı suallarımızı hərbi ekspert Ədalət Verdiyev cavablandırır.

– 1993-cü ildən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yenidən qurulan Azərbaycan Ordusu şərəfli bir döyüş yolu keçdi. Horadiz əməliyyatlarından başlayaraq, bu günə qədər Azərbaycan Ordusu bir dəfə də olsun, düşmən qarşısından geri çəkilmədi, baş verən toqquşmalarda, Vətən Müharibəsində, sərhəd döyüşlərində və antiterror tədbirlərində qəhrəmanlıq göstərdi. Azərbaycanın qəhrəman Silahlı Qüvvələri təhlükəsizliyimizin təmin olunması, qələbəmizin əldə edilməsi və Ermənistanın silahlı qüvvələrinin tamamilə darmadağın edilməsində müstəsna rol oynadı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində və ondansonrakı dövrdə əldə etdiyimiz qələbələr Azərbaycanın bütün ərazilərinin işğaldan azad olunması və suverenliyimizin bərpa edilməsi ilə nəticələndi.

– Azərbaycan Ordusunun maddi hərbi-texniki bazası necə qurulur,  hansı müasir silahlarla təhciz olunub?

– Müharibənin başa çatmasına baxmayaraq,  dövlətimiz tərəfindən əldə olunan qələbələrin qorunması üçün kifayət qədər geniş sayda islahatlar həyata keçirilir, Ordumuzun döyüş qabiliyyətinin, texniki təchizatının artırılması üçün mühüm addımlar atılır. Hərbi məntəqələr avtomatlaşdırılır, qoşunlarımızın manevr qabiliyyətinin artırılması üçün texniki vasitələrlə təchizatı daha üstün bir səviyyə gətirilir. Ali Baş Komandan İlham Əliyev tərəfindən dövlətimizin müdafiə və milli təhlükəsizlik məsələləri daim prioritet olaraq saxlanılır. Məhz may ayının 24-də hərbi sahə üçün nəzərdə tutulan xərclər 11 faiz, yəni 705 milyon manat artırılaraq 7 milyard 126 milyon manata çatdırılıb. Məbləğin artırılması, təbii ki, Azərbaycanın təhlükəsizliyinə və müdafiəsinə öz töhfəsini verəcək, türk ordu modelinə keçidi daha da sürətləndiriləcək. Digər tərəfdən, ərazidə baş verən proseslərə, o cümlədən 30 illik işğal tarixinə malik Ermənistanın yenidən silahlanmasına qarşı zəruri addımların atılmasını mümkün edəcək.

İstənilən halda Azərbaycan regionun lider dövlətidir. Biz regional gücdən orta güc səviyyəsinə keçid etmişik. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri XXI əsrin tək qalib ordusudur. Hər bir Azərbaycan vətəndaşı öz silahlı qüvvələri ilə fəxr edir. Bizi qalib xalqa çevirən Silahlı Qüvvələrimizlə fəxr edirik. Silahlı Qüvvələr Günü münasibətilə güc strukturlarında xidmət edən bütün şəxsi heyəti təbrik edir, onlara Vətənimizin müdafiəsində uğurlar diləyirik.

– Ordumuzun Türkiyə modelinə keçidi və qurulan əməkdaşlıqlar barədə nələri söyləmək olar?

– Azərbaycan Ordusunun təminat və təchizatının yaxşılaşdırılması üçün hər il müxtəlif yerli və xarici şirkətlərin, xüsusilə də müttəfiqimiz olan Türkiyənin istehsal imkanlarından yararlanmaqdayıq. Bazanın möhkəmləndirilməsində Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin 10-a yaxın şirkəti arasında əməkdaşlıq davam etdirilir. Bir neçə ortaq müəssisələr də artıq qurulub. Onların bəziləri real istehsal prosesinə qoşulub. Azərbaycanda beşinci nəsil “Kaan” qırıcı təyyarəsi üçün ehtiyat hissələr istehsal olunur. Digər müəssisələr də təxminən, 3 ay sonra öz ilkin məhsullarından bəzilərini ictimaiyyətə təqdim edəcəklər. Yaxın üç ildə isə Azərbaycan ilə Türkiyənin ortaq istehsal etdiyi hərbitəyinatlı məhsullar dünya bazarına təqdim olunacaq. Təbii ki, ilk növbədə, Azərbaycan və Türkiyənin tələbatı ödəniləcək, ondan sonra isə müttəfiqlərimizə və dostlarımıza həmin məhsullar təklif ediləcək.

– Azərbaycan Ordusunun mövcud kontingenti təhlükələrin və təhdidlərin qarşısını almaq üçün yetərlidirmi?

– Azərbaycan Ordusunun say tərkibi məxfi məlumatdır. Bu say Azərbaycanın səmərəli bir şəkildə təhlükəsizliyini təmin etmək üçün kifayətdir. Azərbaycan hazırda bütün qoşun növlərinin silahlanması üçün zəruri olan, hətta pilotlu və pilotsuz aviasiya vasitələrinin sayının artırılmasında maraqlıdır. Bu istiqamətdə müttəfiq ölkələrlə, xüsusilə də Türkiyə ilə ortaq addımlar atılır. Bildiyiniz kimi, yaxın keçmişdə Azərbaycan dünyanın barmaqla sayılacaq ölkəsində istehsal olunacaq yüksək hündürlükdə uzun müddət fəaliyyət göstərən “Akıncı” pualarını öz arsenalına əlavə etdi. Azərbaycan, əsasən, türk dövlətləri və bizimlə hərbi texniki sahədə əməkdaşlıq haqqında saziş imzalayan Avropa ölkələri ilə yaxından əməkdaşlıq edir. Eyni zamanda, İsrail ilə bizim müdafiə sənayesi sahəsində çox qədim tarixə malik bir əməkdaşlığımız var. Azərbaycan İtaliyadan pilotlu aviasiya vasitələri əldə edib və bu barədə də mətbuatda açıq məlumatlar mövcuddur.

– Əsasən, hansı silahları istehsal edə bilirik? Daha çox hansı silahlara ehtiyac var?

– Azərbaycanın müdafiə sənayesi bazasında bir çox müxtəlif çapta sursatlar, atıcı silahlar, snayper tüfənglər, uzaqmənzilli antimaterial silahlar və hətta idarə olunan aviasiya bombaları yerli müəssisələrdə istehsal edilir. Hazırda dünya bazarında daha çox idarə olunan sursatlara və pilotsuz zərbə vasitələrinə böyük ehtiyac yaranıb. Bu, ümumiyyətlə, dünyada baş verən və davam edən çoxsaylı münaqişələr və müharibələr səbəbindən yaranan silah-sursat qıtlığı ilə əlaqədardır.

– Hərbi kadrların yetişdirilməsi istiqamətində hansı addımlar atılır? Bu sahədə təcrübələrdən istifadə edilirmi?

– Hərbi kadrların hazırlanmasında Milli Müdafiə Universiteti mühüm əhəmiyyət daşıyır. Azərbaycanda mövcud olan bir çox hərbi təhsil müəssisələri məhz Milli Müdafiə Universitetinin tərkibinə daxil edildi. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq 3 yeni hərbi kollec fəaliyyətə başladı, bu da ölkəmizdə kiçik komandir heyətlərinin hazırlanması üçün mühüm əhəmiyyət kəsb edəcək.

– Ordunu güclü edən ən mühüm element  hansıdır və daha çox nəyə üstünlük verilməlidir?

– Silahlı Qüvvələrin imkanlarını təyin edən bir neçə element mövcuddur. İlk növbədə, ordunu güclü edən onun mənəvi-psixoloji və döyüş hazırlığıdır. Təbii ki, şəxsi heyət döyüşə hazır olmaqla yanaşı, müasir silahlara, güclü hərbi doktrinaya və yüksəkhazırlıqlı sərkərdə və komandanlara malik olmalıdır. Döyüş əməliyyatlarını, müdafiə və təhlükəsizlik məsələləri üzrə problemləri vaxtında və minimal itkilərlə yerinə yetirə bilsin.

– Şuşa Bəyannaməsinə əsasən, Türkiyə ilə ortaq hərbi sistemin, ittifaqın qurulması nə dərəcədə real ola bilər?

– Şuşa Bəyannaməsi unikal bir sənəddir və gələcəkdə Türk Dövlətləri Təşkilatının digər üzvləri arasında da belə bir 2-3 və ya çoxtərəfli bəyannamələrin imzalanması mümkün görünür. Türk ailəsi genişlənəcək, türk dünyası böyüyəcək və yaxın perspektivdə Turan Birliyi yaranacaq.

– Ordumuz hazırkı gücü ilə neçənci yerdədir?

– Ordumuz hazırda öz potensialına görə bəzi beynəlxalq reytinqlərdə, xüsusilə də qlobal “fire power” nəşrinin məlumatlarına görə, ilk əllilikdə yer alır. Real olaraq Azərbaycan dünyanın yeganə qalib ölkəsidir, ölkəmiz yeganə qalib orduya malik dövlət kimi, real potensialı haradasa ilk otuzluqda yer almalıdır.

– Fransa Ermənistanı silahlandırır, yenidən müharibəyə təşviq edir. Belə bir dəstəklə regionda Azərbaycan Ordusunu nə dərəcədə ötə bilərlər?

– Fransanın Ermənistanı silahlandırması güc balansına ciddi təsir göstərməyəcək. Ermənistanın yaxın 10 il ərzində, ümumiyyətlə, nəinki Azərbaycanla hərbi balansı və pariteti təmin edə biləcəyi, Azərbaycana yaxınlaşacağı belə gözlənilmir. Hazırda Ermənistan 140 ölkə arasında 100-cü yerlərdə qərarlaşır, bu da düşmən dövlətə Azərbaycanla rəqabət aparmasına imkan vermir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
hafta.az

1Mənbələr