AZ

Təkrarlanan elmi işlər və uğursuz tədqiqatlar (ŞƏRH)

"Bu addım elmi tədqiqatların həyata keçirilməsinə, tədrisin təşkilinə və ali təhsil müəssisələrinin bir-birilə kommunikasiya qurmasına imkan verəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Nazirlər Kabinetinin "Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə"də etdiyi dəyişikliyi şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir:

"Təəssüf ki, həmin ali təhsil müəssisələrinin bir-birilə elmi əlaqəsi, kommunikasiyası yoxdur. Bir çox hallarda görürük ki, hətta disertasiya işlərində bir-birini təkrarlayan, bir-birinə yaxın olan mövzular var. Həmçinin bir ali təhsil müəssisəsində əldə edilən uğurlu tədqiqat başqa ali təhsil müəssisələri, elmi-tədqiqat mərkəzlərində tətbiq olunmur. Ona görə də elmi mərkəzlərin bir-birilə əlaqələndirilməsinə birmənalı şəkildə ehtiyac var".
 

 
Həmsöhbətimiz qeyd edib ki, bu addım həm elmi tədqiqatların həyata keçirilməsinə, tədrisin təşkilinə və bir-birilə kommunikasiya qurmasına imkan verəcək:

"Elmi tədqiqatların əlaqələndirilməsi işin keyfiyyətinə də müsbət təsir göstərəcək. Bu addım ölkəmizdə elmin inkişafına, Azərbaycan alimlərinin beynəlxalq elmi jurnallarda məqalələrinin çapına da kömək edəcək. Onun Azərbaycan alimlərinin beynəlxalq aləmə çıxışına da müsbət təsiri olacaq".
 
Ekspert qeyd edib ki, Azərbaycanda 30-dan aşağı yaşda olan bir nəfər də olsun elmlər doktoru yoxdur:

"Bunun əsas səbəbi də elmi tədqiqatlar arasında əlaqələndirmənin olmamasındadır".

Qeyd edək ki, Nazirlər Kabineti "Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Elm və Təhsil Nazirliyi tərəfindən yaradılacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək. İndiyə qədər Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər Kabineti tərəfindən yaradılıb və ictimai əsaslarla fəaliyyət göstərib. 

Rüfət Sultan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr