AZ

“İlk oyun kimdən ehtiyatlanmalı olduqlarını üzə çıxaracaq” - MÜSAHİBƏ

“Bakı” klubunda çıxış etmiş, Moldova yığmasının sabiq hücumçusu Vyaçeslav Sofroninin matc.az saytına müsahibəsi - “Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək. Bu cütlükdə hansı komandanı növbəti mərhələyə adlamağa daha şanslı hesab edirsiniz? - Favoritlər ancaq kağız üzərində olurlar. Futbolda hər bir komandanın qələbə qazanmaq şansı var. Bu mənada, həm “Şerif”, həm də “Zirə” növbəti mərhələyə adlaya bilər. - “Şerif”in indiki halda ən böyük üstünlüyü avrokubok təcrübəsinin “Zirə”dən çox olmasıdı? - “Şerif”in avrokubok təcrübəsi çox ola bilər. Amma nəzərə alaq ki, hər il komandalarda dəyişikliklər baş verir. Kimisi məşqçini dəyişir, kimisi futbolçuları. Bu komandaların hər ikisində qapıçıdan tutmuş hücumçuya qədər bütün mövqelərdə yaxşı futbolçular çıxış edirlər. Kim mental, texniki və fiziki cəhətdən daha hazır olacaqsa, o da istədiyi nəticəni əldə edəcək. - “Şerif”in avrokuboklarda “Qarabağ”la oyunları istədiyi kimi alınmayıb. “Zirə” də Tiraspol təmsilçisinə eyni uğursuzluğu yaşada bilər? - Uğursuz seriya “Qarabağ”la matçlarda olub. Hazırkı rəqib başqadı. “Şerif”in hədəfi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Odu ki, komandalar arasındakı hər iki oyunu maraqla izləyəcəyik. Əminəm ki, həm “Şerif”, həm də “Zirə” meydana qələbə üçün çıxacaq. Qol vəziyyətlərindən daha yaxşı istifadə edən tərəf qalib gələcək. - İlk oyun Moldovada keçiriləcək. Bu, hansı komandanın xeyrinədi? - Artıq ilk matçın evdə və ya səfərdə keçirilməsinin önəmi yoxdu. Əvvəl səfər qolu böyük əhəmiyyət kəsb edirdi, indi isə elə deyil. Komandalar hər iki oyunda qələbəyə can atmalıdılar. - “Zirə” “Şerif”in heyətində ən çox kimdən çəkinməlidi? - Dediyim kimi, hər iki komandanın heyətində güclü futbolçular var. Əsas futbolçuların bu oyunlarda öz optimal formalarında olub-olmamasıdı. Fikrimcə, ilk görüş kimdən ehtiyatlanmaq lazım olduğunu üzə çıxaracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
matc.az

1Mənbələr