AZ

NURƏDDİN RZA - 95

İnsan təbiətinin qəribə çalarları var. İnsanın nəyə, niyə, necə gülməsi və ağlaması onun varlığına açardır. Ağlamaq və gülmək keçmişə aid olanda xatirə, bu günə aid olanda cavab, gələcəyə aid olanda arzu və istəkdir. İnsan xatirələrində, cavabında və arzusunda yaşayır.
Nurəddin Rza   “XUDU AÇARI” kitabından

                                 
Dünənin və bu günün örnəyi, gələcəyin aydını
          
Nurəddin Rzayev – Nurəddin Rza. Bu ad  60-cı illərdəki elm adamları arasında, ondan az sonra isə ictimai fikirdə tanınmağa başlamışdı. O illərdə bu gənc alimin ensiklopedik bilgilərə sahib olması, fundamental elmi tədqiqatlar apararaq mühüm nəticələr üzə çıxarması, bunlarla yanaşı elmi-təşkilati rəhbərlik nümunəsi göstərməsi və... millətsevərliyi-vətəndaşliğı elmi və ictimai şüurda az qala əfsanələşmişdi.
       
Nurəddin Məmmədbağır oğlu Rzayev 26 iyun 1929-cu ildə Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində ( şəhərində ) həkim ailəsində doğulmuşdur. Atası Məmmədbağır, zamanında Gədəbəydə böyük sənaye mərkəzi yaratmış alman milliyyətli sahibkarlar Simens qardaşlarının eyniadlı metallurgiya şirkətində həkim işləmişdir.
     
N. Rzayev 1 945-ci ildə Gədəbəy qəsəbə orta məktəbini ilk qızıl medalçı kimi bitirərək, həmin ildə 16 yaşındaykən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna ( Tibb Universiteti ) daxil olmuşdur. O, Bakıda və Moskvada keçirilən Tələbə Elmi Konfranslarında mükafatlara layiq görülmüş, 1950-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
      
1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Eksperimental və Klinik Təbabət İnstitutunda əvvəlcə elmi katib, az sonra isə elmi işlər üzrə direktor müavini vəzifələrində işləmiş N . Rzayev, 1963-cü ildən həmin institutda direktor əvəzi, 1964-cü ildən 1993-cü ilədək isə direktor vəzifələrində işləmişdir.
      
İllərlə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri, Ümumittifaq Cərrahlıq Cəmiyyəti Rəyasət Heyətinin üzvü, Beynəlxalq Cərrahlar cəmiyyətinin üzvü, Avropa Təxirəsalınmaz Cərrahlıq və Travma Cəmiyyətinin üzvü, Nyu – York EA - nın üzvü və s . olmuş N. Rzayev dəfələrlə Azərbaycanla yanaşı, keçmiş SSRİ - nin ( Rusiya Federasiyası, Ukrayna, Belorusiya, Latviya, Özbəkistan, Moldova, Ermənistan, Gürcüstan ) və dünyanın bir sıra (ABŞ, İngiltərə, Polşa, Türkiyə, İran və s . ) ünvanlarında keçirilmiş konfrans, simpozium, qurultay və s . elmi toplantılarda təşkilatçı, həmsədr olmuş, müxtəlif dillərdə məruzələr oxumuşdur .
      
Məşhur alim və elmi təşkilatçı bir müddət Xəzər Universitetində prorektor və Cərrahiyyə Departamentinin rəhbəri, Azərbaycan Tibb Universitetində professor, Azərbaycan Universitetinin Şərq – Qərb Elmi Mərkəzində professor, Ali Diplomatiya Kollecində (Avrasiya Universiteti ) Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri olmuşdur .
       
Ensiklopedik bilgisi ilə də dünya alimlərinin diqqətinə düşmüş alim təbabətlə yanaşı, tarix, ədəbiyyat, musiqi və s. kimi sahələrdə də öz istedadlnı göstərmişdir. Dünyanın bir sıra ölkələrində təşkil edilmiş simpoziumlarda türkçülüyün coğrafi, fəlsəfi əsasları, təməl və gələcək prinsipləri, ortaq türk dili, şərq – qərb məsələlərində milli kimlik nümunələri, təbabətdə musiqinin rolu və s. mövzularda onun fikir, çıxış və yazıları məlum sahə mütəxəssisləri tərəfindən heyrət, eyni zamanda rəğbətlə qarşılanmışdır. Alimin müxtəlif ölkələrin mətbuatında onlarla yazısı dərc edilmişdir .
     
 300-dək elmi məqalənin müəllifi olan Əməkdar Elm xadiminin rəhbərliyi ilə 40-dək elmlər namizədi və doktoru hazırlanmışdır .
      
N.Rza o alimlərdəndir ki, onun nəzəri fikirləri, dərin məntiqi təfəkkürüIlə apardığı elmi tədqiqatları praktikada öz təsdiqini tapıb. O, Azərbaycanda tibb elminin, məxsusi olaraq cərrahiyyənin güvənc olunan simalarından biri olaraq , zamanında Sovet İttifaqı kimi respublikalar birliyində və dünyanın daha neçə-neçə ölkələrində tanınmışdır. Bu gün də onun özünəməxsus cərrahi əməliyyatları, yenilikləri istinad olaraq xatırlanır.
       
N.Rza o ictimai xadimlərdəndir ki, onun fəaliyyətinin əsas qayəsi dövlətlə millət arasındakı birliyə xidmət etməsidir. Hələ sovetlər dövründəki məlum ictimai – siyasi bir mühitdə xalqın milli özünüdərk incəliklərini yığıncaqlarda, söhbətlərdə, televiziyada və s. dilə gətirən N.Rza səmimiyyət dolu məsuliyyətini də ortaya qoymuşdu. Onun məslək və həyat dostları – ünlü simalar Bəxtiyar Vahabzadə və Xudu Məmmədovla birgə Azərbaycan televiziyasında təxminən 35 – 40 il bundan əvvəl apardıqları verilişlər öz kamilliyi, aktuallığı, milli və bəşəri dünyabaxışı ilə hələ yaddaşlarda qalmaqdadır. O məşhur dostluğun özününümayiş təzahürlərinin, milli məfkurə görüntülərinin sonrakı illərin məşhur Meydan hərəkatına az təsiri olmamışdı. Məlum milli hərəkatda və sonrakı illərdə də Nurəddin Rzanın ictimai-siyasi mövqeyi, vətəndaşlıq nümunəsi, ziyalı həssaslığı ilə diqqətlərdə idi. 
     
N.Rza o insanlardan idi ki, adət-ənənələri milli möhür qədərində dəyərləndirir və bunu özəl nümunəsi ilə yaşadırdı. O, dostluğun bir saf modelini yaratmış azsaylı örnəklərdən olmuşdur. Elə bir model ki, burada dostluq təməldən tutmuş əmələdək milli mənəvi dəyərlərə söykənirdi. Bu dostluqda səmimi mənəmlik, qarşılıqı hörmət, adiliyin alilik məqamı, mənəviyyatdan qidalanan mədəniyyət, coğrafi ünvanları üstələyən milli birlik, bir sözlə aydınlıq – ziyalılıq vardı.
      
Böyük vətəndaş (zənnimcə, onun bütün titullarından ucada məhz bu ifadə durur) Bəxtiyar Vahabzadə bu dostluq barədə zamanında yazmışdı :
                           
Hərənin ayrıca bir xasiyyəti, 
                          
 Hərəmiz bir başqa aləm idik biz, 
                           
Hərənin ayrıca qədər – qisməti, 
                          
 Üçümüz bir yerdə bir tam idik biz .

       
Bütün keyfiyyətləri ilə Nurəddin Rza – Bəxtiyar Vahabzadə – Xudu Məmmədov dostluğu bir alicənab dostluq nümunəsi idi. Məlum dostluqda bir istinad olaraq dədəlik də nəzərdə tutulmuşdu. Dostlar öz aralarında Nurəddin Rzaya dədə deyə üz tutarmışlar. Allah – Allah, ziyalılığın nə qədər sadə, nə qədər yatımlı nüansları varmış ...
     
 Nurəddin Rzanın bir məşhur sima olaraq örnək həyat yaşamasında onun ailəsinin də mütləq payı vardır. Söz o ailədən gedir ki, orada kökə bağlılıq da vardı, müasir dünyagörüş tamlığı da ... Orada məqamında sərt ailəvi qayda - qanunlar da, qarşılıqlı səmimiyyət də vardı ...  Orada bir çox həssas məsələlərdə mühafizəkarlıq da vardı, zamana yönəlik inteqrasiya da ...  Orada dil və din məsələlərinə prinsipial yanaşma da vardı, digər dil və dinlərə qarşı obyektiv nünasibət də ... 
     
Nurəddin Rza haqqında bundan sonra yazacaqlarımı onun kimliyini aydın təzahür etdirən ünlü simaların fikirləri ilə əvəzləmək qərarına gəldim. Nədəni çox sadədir. Nadir insanlar sırasında olan, böyük alim, böyük vətəndaş Nurəddin Rza haqqında bu yazını yazarkən dillərdə olan və əslində sadə səslənişində belə dərin fəlsəfi yozumu olan bir deyimi xatırladım: Dostunu söylə kimliyini anlayım . Bu mənada ünlülərin yazdıqlarına yönələk ...
    
Bəxtiyar Vahabzadə: – “Nurəddin sənin üçün kimdir?” sualına ikicə sözlə “ehtiyacdır, zərurətdir” cavabını verərdim.
   
Cavad Heyət professor,(İran İR ): – Nurəddin Rza təkcə o taylı – bu taylı Azərbaycanın deyil, bütün Şərqin ürəyidir. Ondakı fitri istedadı, zəkanı çox az adamda görmüşəm. O, ensiklopedik biliyə sahibdir. O, xalq deyimi ilə qonaq qarşısına çıxartmalı bir şəxsiyyətdir. O, millətini və milliyyətini hər şeydən üstün tutar, dilinə, xalqına aşiqdir ...
    
İbrahim Yıldırım professor (Türkiyə): – O, türk dünyasının nadir tapılacaq birləşdirici bir şəxsiyyətidir. Məncə bu günün deyil, gələcəyin aydınıdır.
     
Çingiz Aytmatov: – Sizdən aldığım gözəl məktubdqan  (N. Rzayevdən aldığı məktub – E. N.) mən özümün düşüncələrimlə səsləşən çox maraqlı fikirlər və mülahizələr əxz etdim. İnsan ömrü boyu həyat təcrübəsi yığır və bu təcrübə yaxın adamların bilgilərini zənginləşdirməlidir, əldə edilən müdrikliyin mənasını mən bunda görürəm ...
    
Zinovi Barkaqan, akademik (Rusiya Fed.): – Mənə elə gəlir ki , Nurəddinin insanları yalnız özünə deyil, həm də öz xalqına, öz mədəniyyətinə məftun etmək bacarığı unikal və tamamilə qeyri adi bir fenomendir.
    
Süleyman Əliyarlı, professor: – Sadəcə bir aydın dünyasıdır Nurəddin dünyası ...
    
Şirməməd Hüseynov, professor: – ... Bəxtiyar, Xudu, Nurəddin – bu üçlük mənən, ruhən bir – birini, həm də bizim hamımızı birləşdirir, azərbaycançılıq, müstəqillik, sosial ədalət uğrunda mübarizəyə səsləyirdi ...
                 
 Etibar Nadiroğlu 
       
H.B. Zərdabi mükafatı laureatı

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
adalet.az

1Mənbələr