AZ

Gəncədə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilmiş ümumşəhər tədbiri keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə N saylı hərbi hissənin əsgərləri iştirak ediblər. 

İlk olaraq tədbir iştirakçıları Gəncə şəhər Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi Məşəl” abidəsi önünə tər çiçəklər düzüblər. Vətən uğrunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının açıq hava səhnəsində konsert proqramı nümayiş olunub. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, Hərbi orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd olunub ki, Azərbaycanda güclü ordunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini məhz, Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Hazırda Azərbaycan Ordusu dünyada ilk əlli ordu sırasında yer alır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan zəfər Rəşadətli Azərbaycan Ordusunun gücünün əyani sübutudur. 

Tədbir “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Gəncə Qarnizonu Zabitlər evinin solistlərinin təqdimatında konsert proqramı ilə davam edib.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
xalqqazeti.az

1Mənbələr